Dünyanın məşhur gitaraları

Gitara dünyada ən populyar çalğı alətidir. Təkcə ABŞ-da ildə 2.5 milyon gitara satılır. Belə bir deyim var: Gitaraçını xoşbəxt edən nədir? Cavab isə heç kimin ağlına belə gəlməz: Daha yeni bir gitara. Məhz buna görə də istər peşəkar, istərsə də həvəskarlar özlərinə hər dəfə yeni bir gitara alırlar. Çünki hər bir gitaranın öz incəlikləri var.
Mtv.az xəbər verir ki, bildiyimiz kimi, rok və bluz tarixində tanınmış gitaraçıların məşhur gitaraları olub. Çünki hər bir gitaranın da insan kimi ya kədərli, ya da cəlbedici bir taleyi olur.
B.B. Kinqin məşhur “Lucille” gitarasının da öz tarıxçəsi vardır. Arkansas klublarının birində konsert zamanı iki kişi Lucille adlı qadının üstündə əlbəyaxa olurlar. Axırda onlar klubda yanğın törədirlər. Hamı bayıra qaçır. Birdən B.B. Kinqin yadına düşür ki, bahalı “Gibson” markalı gitarasını içəridə unudub. Birtəhər geri dönüb sevimli gitarasını xilas edir və o vaxtdan adını “Lucille” qoyur.
Cimmi Peycin “Les paul” gitarası da öz məşhurluğu ilə yadda qalıb. “Led Zeppelin” qrupunun yaradıcısı olan bu gitaraçının karyerası boyu əlindən 1500 gitara keçib. Onun “Nömrə bir” və “Nömrə iki” adlandırdığı gitaraları 1959-cu ilin “Gibson Les Paul” gitaralarıdır. Belə güman olunur ki, hazırda o dövrədə buraxılan bu modellərdən yalnız 1000 ədədi işlək vəziyyətdədir.
Cimi Hendriksin məşhur “Monterey” Stratocasteri çox qısa bir həyat sürüb. Bu gitaranı o, Monterey festivalında “Wild thing” mahnısını ifa etdikdən sonra tamaşaçıların gözü qarşısında yandırmışdır. Bu, rok tarixində ən yaddaqalan hadisələrdən biri olub. Tamaşaçılar elə düşünürdülər ki, Cimi gitarasını sındıracaq amma o, gözlənilməz hərəkəti ilə hamını təəccübləndirib.
Erik Klapton “Fender” markalı “Blackie” adlandırdığı Stratocasterini 1973-cü ildə almışdı və uzun illər onu əlindən yerə qoymadı. Həmin gitaranı o, 2004-cü ilə qədər qorudu və sonra hərracda 1 milyon dollara sata bildi. Əldə olunan vəsait Klaptonun yaratdığı “Narkotik və alkoqol aludəçiliyinə qarşı mərkəz”ə yönəldildi.
İfaçının daha bir “The fool” adlandırdığı Gibson SG markalı “psychedelic” gitarası da olub. Klapton onu 1964-cü ildə almışdır, ancaq səhnəyə çıxarmazdan öncə rənglətdirmişdir. Onu rəngləyən usta bu işi yaxşı görmədiyindən rənglər biri-birinə qarışmışdır. Bu vəziyyətdə o, çox qəribə görünürdü. Sonralar bu gitara bir neçə ifaçının əlindən keçib və doxsanıncı illərə qədər onu hərraca çıxarmazdan əvvəl gitaranın sahibi amerikalı müğənni və bəstəkar Todd Rundqren olmuşdur.
“The red special”, “The fireplace” və ya “The old lady” – adları müxtəlif olsalar da söhbət “Queen” qrupunun gitaraçısı Brayn Meyin bir gitarasından gedir. O zaman ifaçının gitara almağa pulu yox idi. Ona görə də belə qərara gəlir ki, öz zəhməti ilə özünə mükəmməl bir alət düzəltsin. İfaçı gitarasını atasının köməkliyi ilə 1963-1964-cü illərdə düzəltmişdir. Alətin düzəldilməsində o, evlərindəki masa, köhnə soba, anasının toxuculuqda işlətdiyi mil və köhnə motosiklet detallarından istifadə edib. Bu gitara o dövr üçün ona 18 funt sterlinqə başa gəlir. B.Meyin düzəltdiyi gitaranın səsi başqa qitaraların səsinə bənzəmir, özünəməxsusluğu ilə seçilirdi. Brayn gitarasını məktəbə aparanda sinif yoldaşlarından biri onu öz gitarasıyla dəyişməyi təklif etsə də o, razılaşmır.
Brayn Mey uzun illər öz sevimli gitarasından ayrılmır və indi də ifaları ilə tamaşaçıların qəlbini coşdurur.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
