Sevil və Sevincin “Yalanım yox” klipinin möhtəşəm təqdimatı – video+foto

Müğənni-aparıcı bacılar Sevil-Sevinc media əhlini başlarına toplayaraq “Yalanım yox” klipinə təqdimat mərasimi keçiriblər.
Muztv.az xəbər verir ki, ekran əsərini rejissor Kamran Aydınov lentə alıb. Mahnının sözləri və musiqisi müğənni Nurlan Təhməzliyə məxsusdur. Nurlan klipdə həmçinin mahnının rep hissəsini də ifa edib.
MUZ TV Azərbaycan kanalına müsahibə verən əkizlər və Nurlan xoş təəsüratlarını bölüşüblər:
Sevil-Sevinc: “Bu ilin ilk klipidir. İnşallah ayağımız bütün həmkarlarımıza düşər. Allah qoysa hamı ardıcıl olaraq kliplər çəkdirər”.
Nurlan Təhməzli: “Özümüzü təbrik edirəm. Mahnının sözləri, musiqisi, rep hissəsinin ifası mənə aiddir. Düşünürəm ki, uğurlu olacaq”.
Bundan əlavə əkiz bacılar yanvarın 28-də Moskvada “Veqas City Hall”da reallaşacaq “İkimiz” adlı solo konsertlərindən söz açıblar:
“İnşallah, yanvarın 28-də “Veqas City Hall”da hər kəsin arzusu olan səhnə performansı təqdim edəcəyik. Hazırlıqlar gedir. Bu uğur bizə nəsib oldu. Necə ki, ötən il də Moskvada konsert vermişdik, ənənəmizi bu il də davam etdiririk. Bu, bizim səbirsizliklə gözlədiyimiz gündür, komandamızın əziyyəti var. Artıq 3 aydan çoxdur ki, geyimlərimiz də hazırlanır. Cəlal Kəngərli bu işlərlə məşğul olur. Səhnədə iki fərqli geyimdə olacağıq. Geyimlərimiz xüsusidir, amma açıq-saçıqlıq olmayacaq. Əminəm ki, bu əməyimizi hər kəs yüksək qiymətləndirəcək. İstəmirəm, kimsə desin ki, Beyonsu, Ceniferi təkrarladılar, qoy bizi Sevil-Sevinc bacıları kimi tanısınlar”.
Sevil-Sevinc konsertlərində olacaq repertuar seçimlərindən də danışıblar:
“Repertuar seçiminə gəldikdə, təkcə bizim öz mahnılarımız olmayacaq, 4-5 öz mahnımızı səsləndirəcəyik. Digərləri isə sənət yoldaşlarımızın ən sevilən mahnıları olacaq. Mahnılarla yanaşı, videorolikimiz də hazırlanır. Balaca bir həyat hekayəmiz təqdim olunacaq. 3-4 dəqiqəlik roliklə bərabər tamaşaçı bizimlə həm güləcək, həm də ağlayacaq. Ekranlardan nə qədər bəxtəvər kimi görünsək də, əziyyətlərimiz çoxdur”.
Müğənnilər “konsertimdən gəlir götürdüm” deyən sənət dostlarının fikirlərini təkzib ediblər:
“Bu sənətdə külli miqdarda pul xərcləyən çox müğənni yoxdur. Bəzən deyirlər ki, bunlara pul buraxdılar qabağa getdilər. Bu fikir yalnışdır. Biz hörməti, sevgini hissə-hissə qazanmışıq. Həm də şansımız var. Müğənninin işi gedib 200 minlik konsert vermək deyil. Necə ki, bunu bütün həmkarlarımız özü üçün deyir. Əminliklə deyirəm ki, hətta Türkiyədən gələn müğənninin də konserti uğurla nəticələnmir. Azərbaycanlı müğənni təşkilatçıdan pul istəmir. Amma əcnəbi müğənniyə biletin satılmağı belə maraqlı deyil, əsas odur ki, onun konseri uğurla alınsın. Hamı Hadisəni, Hande Yeneri gətirir, amma təəssüf ki, həmin təşkilatçılar yerli sənətçilərimizə inanmırlar”.
Bahalı klip çəkməyin tərəfdarı olmadıqlarını deyən əkizlər ilk kliplərinə çəkilən xərci valdeynlərindən gizlətdiklərini etiraf ediblər:
“On beş min dollar xərc çəkdik klip ərsəyə gətirdik. Amma belə başa düşdük ki, nəticə dəyişmir. Yeganə fərq odur ki, media klipin qiymətini yazır. Londona getməyə hazırlaşırıq. Stilist Anar Ağakişiyevlə gedəcəyik. Orada klip çəkəcəyik. Ona da çox pul xərcləməyi düşünmürük. İlk dəfə mahnı almaq üçün bankdan kredit götürmüşdük. Nurlan Təhməzliyə 3 min dollar verib bəstə aldıq. Həmin pulu 2 ilə ödədik. Bunu ailəmiz də bilmirdi”.
Xatırladaq ki, Sevil-Sevinc bacıları ötən il də Moskvada konsert proqramı ilə çıxış ediblər.
Bununla bağlı süjetə yanvarın 9-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Lamiyə Balacayeva








Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
