ABŞ-da möhtəşəm dəfiləyə dəvət alan azərbaycanlı müğənni məhz MUZ TV Azərbaycan-a danışdı

ABŞ-da noyabrın 24-də təşkil olunacaq “Private Fashion Show” dəfiləsində ulduz qonaq kimi uzun müddətdir Nyu-Yorkda yaşayan azərbaycanlı müğənni İlhamə Qasımova dəvət alıb.
Məşhur ifaçısı dəfilə öncəsi MUZ TV Azərbaycan kanalına eksklüziv olaraq müsahibə verib. Sənətçi “bu şouda iştirak etmək mənim üçün sürpriz oldu” deyərək, ABŞ-a istirahət üçün getdiyini, amma sonra musiqi yaradıcılığını orada davam etdirmək qərarına gəldiyini bildirib:
“Burada bir çox şirkətlə, fərqli studiyalarla yeni layihələr üzərində işləmək üçün təmas qurmuşam. Sənətimdə yeniliklər etməyi, ABŞ şou-biznesinə qatılmağı planlaşdırdığım bir zamanda, gözləmədiyim anda burada fəaliyyət göstərən “New York Fashion Week”in Avropa üzrə təşkilatçısı və “S&D Fashion Magazin” akademiyasının sahibi, həmyerlimiz Stefano Suaros tərəfindən təşkil edilən “Private Fashion Show”a dəvət aldım. Parti ABŞ-ın ən öndə gedən klublarından birində keçiriləcək. Burada Kiki Rikinin möhtəşəm “Night Stars” kolleksiyası təqdim olunacaq. Həmçinin, yaxın zamanlarda yeni təqdimatı olacaq “S&D Fashion Magazin”in açılışına da qatılacam. Gələcəkdə bütün “Style”, “Couture”, “Newyork Fashion Week”in şoularına qatılmağı planlaşdırırıq”.
İlhamə Qasımova söyləyib ki, onun bu şoularda iştirakını gerçəkləşdirən Stefano Suaros ABŞ-ın ən məşhur markalarından birinin simasıdır və yaradıcılığına uzun zamandır bələddir:
“Mənim ABŞ-da olduğumu təsadüfən öyrəndikdən sonra görüşdük. Azərbaycan TV-lərindən birinə müsahibə verdikdən sonra Stefanodan mənə belə bir təklif gəldi və məmuniyyətlə qəbul etdim. Əminəm ki, gözəl iş birliyimiz davam edəcək.”
Xatırladaq ki, müğənni İlhamə Qasımova bir müddət əvvəl sosial şəbəkədə Xalq Artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş müsabiqəyə start verib.
Dəfilə ilə bağlı süjetə noyabrın 24-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Hüseyn İbadlı

Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
