Əməkdar artist həmkarlarını albom hazırlamağa səslədi
Cennifer Lopesin anasını yumruqla vurdular - foto
Adriana Lima və Metin Hara ayrılmadılar
Nəsrin Cavadzadənin geyimi diqqət çəkdi - foto 

Facebook instagram Twitter Youtube
ULDUZ

Aşıq musiqisi daha bir incisini itirdi – Vüqar Mahmudoğlu son mənzilə yola salındı – reportaj-foto

10-01-2018


Azərbaycanın tanınmış aşığı Vüqar Mahmudoğlu bu gün səhər saatlarında dünyasını dəyişib.

Muztv.az xəbər verir ki, mərhum ürək çatışmazlığından vəfat edib. O, bir neçə gün öncə infarkt keçirib və ürəyindən əməliyyat olunub.

Mərhumun anası MUZ TV Azərbaycan kanalına dərin kədərini bölüşüb:

“Yoldaşım Mahmud aşıq idi, müəllim idi, elin sevimli sənətkarı idi. Allah onu əlimdən aldı. Sazını verdim oğlumun əlinə, beləcə onunla təsəlli tapmışdım. İndi də ağlar qaldım. Deyiləcək heç bir sözüm yoxdur. Allah balalarını qorusun”.

Aşıqla evində baş tutan vida mərasiminə onun sənət dostları da qatılıblar:

Aşıq Zülfiyyə İbadova: ”Mahmud əminin ölümündən sonra hamı təskinliyi Vüqarda tapırdı. Vüqarın səsindən, görünüşündən Mahmud əminin sağ olduğunu düşünürdük. Vüqar da getdi, bəs indi təsəllimizi kiminlə tapacağıq?!”

Zabit Nəbizadə: “Allah cəmi ölənlərimizə rəhmət etsin. Ataların bir məsəli var. Biri var evdən gedə, biri də var eldən gedə. Vüqar ölümü itki idi. On gün əvvəl ürəyində problem olub, səhlənkarlıq edib. Qədər bura qədər imiş”.

Aşıq Əli Tapdıqoğlu: “Yaxın dostum idi. Azərbaycanın görkəmli sənətkarı, ustad oğlu idi. Aşıqlıq sənətində sözün əsl mənasında böyük bir itki baş verdi. Ürəyində bir az problemləri var idi, sazsevənlərin başı sağ olsun. Allah səbr versin”.

Anar Niftəliyev- qardaşı: “İnfarkt keçirmişdi. Genişlənmiş olduğu üçün həkimlər xilas edə bilmədi. İndiyə kimi xəstəliyi biruzə verməmişdi. 47 yaşını yenicə tamamlamışdı. Hamımız deyirik ki, ürəyimiz sancdı, amma səhvimiz ondadır ki, heç birimiz xəstəliyi ciddiyə almırıq. Cavan idi, hər zaman da məclislərdə fəal iştirak edirdi. Kimin ağlına gələrdi ki, onun ürək problemi olardı”.

Aşıq Vüqar Mahmudoğlu aşıq mahnılarının müşayiəti ilə son mənzilə yola salınıb.

Mərhum 1970-ci il noyabrın 3-də böyük Azərbaycan aşığı Mahmud Ələsgəroğlunun ailəsində doğulub. Mərhum Qobustan rayonunun Şıxzaharılı kənd qəbiristanlığında torpağa tapşırılıb. Onun 25 yaşlı oğlu, 23 yaşlı qızı yadigar qalıb.

Xatırladaq ki,  ozan sənətinin tanınmış nümayəndəsinin telekanalımızın Sarı Sim verilişində çıxışı zamanı səsləndirdiyi ifasını xəbər blokundan sonra dinləyə bilərsiniz.

Bununla bağlı süjetə yanvarın 10-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva











































896 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti