Mənzurə Musayeva üç il əvvəl ayrılıb
Model şəkilləri ilə gündəmə gəldi
Elza Seyidcahanı kim əsəbləşdirdi?
Aşıq Samirə görünüşünü dəyişdi

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Murad Arif: “Sevgi varsa, xəyanət necə ola bilər?!”

29-04-2017


Muztv kanalı və muztv.az saytında yayımlanan “SorğuMUZ” layihəsinin budəfəki qonağı, müğənni, aparıcı, bəstəkar, prodüser Murad Arifdir.
 
- Murad Arifə bir işarə kifayətdir? 

- Çox zaman yox. Çünki Murad Arif həm də bəstəkardır. Mahnı müəllifidir. Ona görə də bizim kimi insanlar hardasa göyün yeddinci qatında uçur. Bəzən o işarəni tutana kimi gec olur.    Ona görə də baxır nədə... Həyatda diqqətsiz ola bilirəm. 

- Biz Murad Arifi aparıcı, prodüser, müğənni, bəstəkar kimi tanıyırıq. Bəs seçim qarşısında qalsanız hansının maraqlarını daha üstün tutardınız? 

- Bu gün daha çox ifaçılığın üzərindəyəm. Çünki ifamı önəmsəyirəm. Amma mahnı müəllifliyi isə mənim təbii halımdır. Deyirlər, mahnı eşq kimidir. Xəbərsiz gələr. Yəni, mahnı yazmağı mən seçmirəm. Məhnı yazmağı gərək ki, kimlərsə seçir, bu kiməsə lazımdır və o melodiyaları mənə göndərir. Şəxsi seçimim ifaçılıq olar. Mən həmişə səhnələrdə olmaq istəmişəm. Baxmayaraq ki, 15 ildən artıqdır ki, radio və telejurnalistikadayam. Bilmirəm bu nə dərəcədə alınır, ya yox. Düzdür, məni sevməyənlər də deyir ki, yaxşı aparıcıyam. Telejurnalistika mənim üçün bir tramplindir. İfaçı Murad Arifi təsdiqləmək mənə rahat olsun. Tanıtmaq mənə rahat olsun. İfaçılıq mənim üçün çox önəmlidir. Mən vokal dərsləri alıram. Tamella xanımla, Samir Cəfərovla. Artıq İtaliyadan müəyyən kursların ünvanlarını öyrənirəm və ilk konsertimə hazırlaşıram. Bu həyacanlı bir şeydir. Təbii ki, ifaçılıq! 

- Biz Murad Arifdə tərz, ifa tərzi, dinamika, görünüş görürük. Bəs "Eurovison" tərzli beynəlxalq müsabiqələrə qatılmaq fikriniz olub? 

- Təbii ki, olmayıb. Çünki telejurnalistikada olduğum üçün bu işin mətbəxini bilirəm. Əminəm bu, elə bir seçimdir ki, orada mənim qəbul olunmaq şansım sıfırdır. Yəni, özüm-özümə sual versəm ki, “Azərbaycandan məni göndərərlərmi?”. Cavab verərəm ki, “yox”. Çünki müəyyən şərtlər var. İndi hər şeyi açıb demək olmur. Amma nə yalan deyim, beynəlxalq müsabiqələrə qatılmağı çox istəyirəm. Hətta mən sizə deyim, bir neçə dostlarım mənə beynəlxalq müsabiqlərin şərtlərini öyrədir. Araşdırıram. Ola bilər ki, bir neçə müsabiqəyə getdim. Baxmayaraq ki, ifaçılığa gec başladım, amma heç vaxt gec deyil. 



- Bəs Murad Arif istər yerli, istərsə də türk film, seriallarından çəkilmək üçün təklif alıbmı? Özünüzü hansı obrazda görmək istərdiniz?
 

- Yerli filmlərdəm 2 serial və 1 filmə təklif aldım. Üçünü də rədd etmək məcburiyyətində qaldım. Çünki artist olsam da, aktyor deyiləm. Mənimçün aktyorluq tamam başqa bir peşədir. Bilirəm ki, öhdəsindən gələ bilməyəcəm. Mənimçün rola girmək çox çətindir. Mən səhnədə də, aparıcı kimi də, nəğmələrimdə də özüməm. Mən özüm ola bilirəm. Mən yalnız öz həyatımı, özümü oynaya bilirəm. Ona görə də təkliflərdən qaçıram. Heç qonararını da soruşmuram. Mənlik deyil. Amma bir məqam da var. (gülür) Deyirlər pis təklif yoxdur, az pul təklifi var. Yəni, mən buna zaman ayırıramsa, mənim zamanım da qiymətləndirilməlidir. 

- Müsahibələrinizin birində demişdiniz ki, klip kanalı olmayan ölkədə xərc çəkib klip çəkdirən artistə heykəl qoyulmalıdır. Bəs Murad Arifin hansı klip və ya mahnısı ona daha çox gəlir gətirib? 

- Maraqlı sualdır. Muz TV-miz var. Kabel televiziyalarımız var. Amma mən ölkənin hər yerində baxılacaq musiqi kanalının olmasını arzu edirəm. Muz TV-yə bu şərait yaradılsa, çox sevinərəm. Efirdə klip saatları yoxdur. Ölkədə ümumi yayımlanan klip kanalı yoxdur. Bununla belə ifaçılarımız klip çəkdirir. Məncə, bu, böyük fədakarlıqdır. Xərc çəkirsən, klip çəkirsən nəticədə bu ekranda yayımlanmır. Ümid qalır yalnız facebook, instagram və youtube-a. Bu durumda klip çəkmək həqiqətən də fədakarlıqdır. O ki, qaldı hansı klipim mənə uğur gətirib. Mənə elə gəlir ki, hər klip bir kərpicdir. Sonda nə vaxtsa qurulacaq bir binanın, bəlkə də bir komanın bünövrələrdir. “Həyat yoldaşımsan” mənim ilk işim idi. Ona görə də doğmadır. Fərqli format idi. “İnşAllah” bir az Tarkanvari, bir az Balkan ab-havasında olan bir iş idi. “Dondurma” qrafik bir klip idi. Çox bahalı iş idi. Pis qarşılanmadı. “Sevgililər”i Stokholmda çəkdim, 4000-6000 AZN də xərcim çıxıb. Ucuz sənət deyil. Mən o sənətçiləri anlamıram ki, dayanmadan çəkiliş edirlər və heç bir tədbirdə yoxdurlar. Mənə elə gəlir ki, mənə təlabat olmasaydı, dayanardım. 

- Murad Arif xəsisdir, yoxsa xeyriyyəçi? 

- Murad Arif çox xəsis insandır. Mən mailiyyə qazanmadığım bir şeyə yatırım etmərəm. Əgər bu gün yaradıcılığıma yatırım edirəmsə, deməli, bu heç olmasa başabaş şəkildə çıxır. 



“MƏNİM ÜÇÜN HƏR ŞEY AİLƏMDƏN SONRA GƏLİR”
 
- Səhnə fədaisindən danışdıq. Bəs sizə görə səhnə fədaisi olmaq vacibdirmi? Bu, məşhurun özəl, şəxsi həyatına necə təsir göstərir? 

- Bilirsiniz necədir?! Tam mənada fədakar olsan, gərək ki, ulduz olasan. Ulduz olmaq Allahın insana verdiyi istedaddan başqa həm də insanın daxili istək və enerjisinə bağlı bir şeydir. Mən 100% fədakarlığa hazır deyiləm. Günlərlə, saatlarla konsert proqramı ilə xarici ölkələrdə olmağa hazır deyiləm. Günlərlə studiyalarda itib-batmağa hazır deyiləm. Mən ətrafımda, sürücüm, mühafizəm, menecerim, prodüserim belə bir komanda ilə gəzməyə hazır deyiləm. Amma qismət... Bəlkə də 10 ildən sonra bu həyatı yaşaya da bilərəm. Bu gün mənimçün hər şey ailəmdən sonra gəlir. Bu gün mənimçün hər şey oğlumu səhər saat 8-də baxçaya aparmaqdan sonra başlayır. Bu gün mənimçün hər şey ev üçün bazarlıq etməkdən sonra başlayır. Belə düşüncə ilə ulduz olmaq çox çətindir. Hətta Maykl, Cekson, Tarkan da müsahibələrində deyiblər ki, sən super star olmaq üçün yalnız olmalısan. Yalnız da olsan gərək sənin həyatda bağların olmasın. Mən gileylənmirəm. Aşırı açıq-saçıq kliplər çəkmirəm. Mənim kliplərimdə tərəf müqabilim olmur. Bu mənim həyatdakı tərəf müqabilimə olan hörmətdən irəli gəlir. Amma super-star bu həyatı yaşayarmı? Yox, təbii ki! Super star həyatda bir çox komplekslərindən üz döndərməli, çox sərbəst olmalıdır. Geyimində belə. Nəyi geyinəcəksən, nəyi düymələyəcəksən, saçını boyayacaqsan. Əslində bunlar pop sənətinin vacib şərtləridir. Mən nəinki bütün bunları həyatıma tətbiq etməyə hazıram, heç bunu istəmirəm də. Mənimçün ilk yerdə sənət dayanmır. Fədakarlığım var, 30 kilo arıqladım. Vokal dərslərinə zaman, pul ayırıram. Bu da bir fədakarlıqdır. Böyük fədakarlıqlara hazır deyiləm. Gedim evimi girov qoyum, Heydər Əliyev sarayında 1 günluk konsert verim. Bu gün Murad Arif onu edə bilər. Hesablasaq bir solo konsertin dəyəri 150-180 min manatdırsa, mən bunu edə bilərəm. Banklardan borc götürərək, sponsorların dəstəyi ilə bacararam. Amma mənə elə gəlir ki, bu dərəcədə fədakarlığa hazır deyiləm. 

- Ailədən danışdıq. “Həyat yoldaşımsan” mahnınız çox sevildi. Hətta toy günü tarixinizi ad gününüzlə eyni günə salmışdınız. Həyat yoldaşınız sizə həyatda yoldaşdır, yoxsa sədəcə sevdiyiniz qadın? 

- Mən həmişə şəxsi mövzulardan sual olanda deyirəm ki, keçin növbəti suala. Bu mövzuda qısa danışacam. Xoşbəxtəm! Hər şey qaydasındadır. Şükür edirəm. Gecə-gündüz şükür edirəm, amma sözü çıxarırsınız dilimdən. (gülür) 

- Təxminən iki həftə öncə xanımınızın ad gününü sosial şəbəkədə çox gözəl təbriklə paylaşmışdınız. Bütün saytlar bunu dərc etmişdir. Ailə nədir Murad Arif üçün? 

- Ailə hər şeydir mənimçün. Ailə mənim gücümdür. Motivasiya obyektimdir. Ailə mənim enerji mənbəyimdir. Ailə mənim işləməyimin, yaşamağımın səbəbidir. Çox önəmlidir. Həmişə də belə olub. Valideynlərim də 45 ildən çoxdur ki, ailəlidir. Dalaşaraq, mübahisə edərək bu yaşda belə bərabərdirlər. Belə bir mühitdə böyümüşəm. Ziyalı ailənin övladıyam. Sağlam təməlli bir azərbaycanlıyam. Ailədən önəmli nə ola bilər ki? Bu düşüncələri övladlarıma da aşılayacağam. Bu həyatda hər şey ailədən sonra gəlir və sən ailənə tutulduqca cəmiyyətdə də uğurlu olacaqsan, məsləyində də uğurlu olacaqsan. Sənə qanad verən həyat yoldaşı tapmaq da çox önəmlidir. Mən bunu hər kəsə arzulayıram. 



“XƏYANƏT O ZAMAN GƏLİR Kİ, SEVGİ YOXDUR”
 
- “Xəyanət etməyən kişi” mahnısını ifa etmisiniz. Deyilənə görə elə bir kişi yoxdur ki, xəyanət etməsin. Bəs Murad Arif necə? 1 dəfə də olsa xəyanət edib? 

- Mən bu sualı cavabsız qoymaq istəyirəm. Niyə? Çünki bu detalların müzakirəsi mənə çatmır. Mən avropa düşüncəli insanam. Nə baxımdan? İki insan bir yerdədirsə, onları sevgi birləşdirməlidir. Xəyanət o zaman gəlir ki, sevgi yoxdur. Sevgi yoxdursa, bir yerdə olmağın mənası da yoxdur. Nə qədər ki, bu üzük mənim barmağımdadır sualınızın cavabı da bəllidir. Desəm ki, yoxdur, deyəcəklər ki, yalan danışır. Desəm ki olub, deyəcəklər ki, ayıb olsun. Fərqli müstəvidən yanaşıram bu məsələyə. Sevgi də dostluq kimidir. Anlamıram sevgi varsa, xəyanət necə ola bilər? İnsan istəsə, göz xəyanəti də etməz. Baxsan da maraqlanmırsan. Sənin üçün əhəmiyyətsiz gəlir. Mən o, təksevər insanlardanam. 

- Kişi ailədə necə olmalıdır? Güzəştə getməyi bacaran, sərt, tələbkar, yoxsa sözəqulaqsan? 

- Sözə qulaq asmıram. Çoxmu sərtəm? Yox. Sözsüz ki, tələbkaram. Hətta mənim tələblərim yaxın çevrəmi bezdirə də bilir. Kişi ailədə kişi olmalıdır. Kişi ovçu olmalıdır, qadın isə yuvanın nəzarəti ilə məşğul olmalıdır. 

- Mirkelamın “Kokoreç” mahnısını ifa etmişdiniz. Sizcə, uğurlu alındı? 

- “Tavla” daha çox uğurlu alındı. Çünki o mahnını mən özüm istəyərək oxumuşdum. “Kokoreç” isə Mirkelam demişdi. İstəyirdi ki, albom çıxaraq. “Tavla”nı daha çox sevirəm. Mən edilmiş layihələrin ardınca baxmağı xoşlamıram. Oldu bitdi. O mənimçün eksperimental bir mahnı idi. Oxudum, o da paylaşdı. Onun bəyənməsi daha önəmli idi. Mən getdiyim bütün tədbirlərdə “Kokoreç”i deyil, “Tavla”nı oxuyuram. Ona daha çox bağlıyam. 



- Səhv etmirəmsə, konsert planlarınız var idi. Hələ də qüvədədir?
 
- Bəli. Təşkilati məsələlər həll olunan kimi anonslar edəcəyəm. İndi heç nə deyə bilmərəm. Artıq neçənci dəfədir ki, təxirə düşür. Murad Arif komandasız bir sənətçidir. Ona görə də bir az ləng alınır. Amma gec olsun, güc olsun. 

- Paxılsınız, yoxsa bir zamanlar mahnılarınızı hansısa bir müğənniyə verməmək üçün belə demişdiniz? 

- Bəzən müsahibələrimdə zarafatcıl, parazit kəlimələrdən istifadə edirəm ki, müsahibə tutsun. Hamıda olduğu kimi məndə də bu var. Amma qədərində... Kiminsə torbasını tikəcək dərəcədə paxıl deyiləm. Kiminsə yolunu kəsəcək dərəcədə paxıl deyiləm. Mənimlə isti və ya soyuq münasibətdə olan sənətçilər, həmkarlar var. Komanda şəklində mehriban deyillər. Mənə elə gəlir ki, həyatda hər şey balansladır. Bizim kəsdiyimiz qapılar, bizim bağladığımız yollar, etdiyimiz pisliklər biz özümüzü mühafizə etsək də, övladlarımızın yoluna çıxacaq. Bunu etsəm elə bilərəm ki, o dünyada çox narahat ola bilərəm. Mən bu şeylərə çox inanıram. Bumeranq kimi qayıdacaq. Təbii ki, pis keyfiyyətlərim də var. Səhv əməllərim də olub. Kiminsə könlünü də qırmışam. Amma qarşılığında səhvimi düzəltməyə çalışıram. O insanarın könlünü almağa çalışıram. Paxıllığıma da o dərəcə şərait yaratmıram ki, belə bir addım atım. Paxıllıq deyil, həsəd var məndə. Baxıram ki, bu necə məndən arıqdır, daha yaxşı bir klip çəkib mahnı oxuyub. 

- Murad Arifi incidən və bu günə qədər bölüşmədiyi bir hadisəni bilmək istərdik...  

- Sosial şəbəkələr artıq rəvac qoymur ki, nəyisə özümüzdə saxlayaq. Özü də mənim kimi bir insanı. Mən gördüyüm hər bir neqativ hadisə haqqında danışmalıyam. Sosial və özəl hadisə fərq etməz. Elə şeylər var ki, onları anlamadığım üçün o barədə danışmıram. 



- Bağışlayansız?  

- Heç vaxt unutmuram. Çox asan bir şəkildə yenidən əlaqə yaradıram. Məni sevən insanlar var. Məni sevməyən insanlar da var. Bir də məni bir balaca sevməyən insanlar var. O, bir balaca sevməyən insanları həmişə yaxınlığımda saxlamağı xoşlayıram. Bəlkə məni qazandılar. Bəlkə mən onları qazandım. Həmişə şans verirəm, həmişə də bağışlayıram. Amma heç vaxt unutmuram. Bunu bu gün mənimlə oturub-duran, xətrimi əziz tutan dostlarım da bilsin. Deyirəm ki, dostuq, qardaşıq amma filan hərəkətin hələ də yadımdadır. Bu, ağıl göstəricisidir. Bir az ağıllıyam. 

- Hansı müğənniyə verdiyiniz bəstəniz daha uğurlu, reytinqli alınıb? 

- Mənə görə bu anlayışlar fərqlidir. Uğurlu və reytinqli. Hər reytinqli bir işə mən uğurlu demirəm, hər uğurlu işə də reytinqli. Mənə görə uğurlu alınıb İlhamə Qasımovanın “Seni Seviyorum” mahnısı. Bu mənim ən üst qatda dayanan nəğməmdir. Rahat deyə bilərəm ki, bəli, bu mənim əsərimdir. Amma reytinqli deyil. Çox səs-küy yaratdı ilk mahnılarım. “Almalarınla”, “Ay qız oyan”, “İstanbul”. Ən uğurlu hesab etdiyim bilirsiniz nədir?! Bəstəkar kimi mənim tam istədiyimi almaq. Bunu Röyadan aldım. “Sənə ehtiyacım var” mahnısı ilə. Sağolsun Röya. O, nəğmələri böyüdə bilir. Natavan Həbibi “Damlalar”ı da bu siyahıya daxildir. Natanın oxuduğu “Stop” sadəcə reytinqlidir. 

- Biz bayaq komplekslərdən danışdıq. Artıq çəkidən. Murad Arifi indi qarşımızda fərqli ampluada görürük. Artıq çəki sizə görə kompleksdir? 

Mənfi cəhətdir. Əgər səhnədə qəhrəman aşiq dilindən söyləmək istəyirsənsə, uyğun formada olmalısan. “Həyat yoldaşımsan” mahnım üçün 20 kilo arıqladım. Formada olmaq yaxşıdır, sağlamlıqdır. Dostum Zamiq idmanı sevir. O gün birgə tədbir aparırıq. Deyir, mən idmanın xəstəsiyəm. amma idman zalına getmək mənim üçün işgəncədir. Səhnədə olursansa, formada olmalısan. Bu lazımdır. Bizim sahə popdur. Amma formatdan da asılıdır. Rəşid Behbudov, Samir Cəfərovun öz sahələri var. Elə də qəbul olunublar. 



“BİRDƏN KİMİNSƏ QƏLBİNİ QIRARAM, ÜSTÜNDƏN 30 İL KEÇƏR, MƏNİM DOĞMAMIN QƏLBİ QIRILAR”
 
- Sizi qorxular qorxutmur ki? Yaxud da özünüzü qorxulardan tez uzaqlaşdıra bilirsiniz? 

- Elə qorxular var ki, onlardan heç vaxt qurtulmaq olmur. Yaxınlarının, doğmalarının hansısa bir xəbərdən pis olmasıdır. Bundan çox qorxuram. Qorxu yaxşı şeydir. Mən qorxularımı çox sevirəm. Ayıq və oyaq vaxtımda və təkəmsə gözəgörünməz varlıqla ünsiyyətdəyəm, dua edirəm, şükür edirəm. Əgər qorxular məni ilahi varlığa yaxın edirsə nə gözəldir o qorxular. Allah qorxusu var içimdə. Birdən kiminsə qəlbini qıraram, üstündən 30 il keçər, mənim doğmamın qəlbi qırılar. Mən ateistləri anlamıram. Mən ilahi varlığın olduğuna inanıram. Din və inam mənə görə iki fərqli şeydir. Pis xəbər eşidirəmsə, anidən özümü motivasiya edə bilmirəm. Tək bildiyim və etdiyim dualardır. Telefonumda da var. Oxuyuram həmişə. Qorxu içimdə var, bəli. Mən insandan qorxuram. Onun səhvini üzünə deməkdən qorxmuram. Mən insanın qəlbini qırmaqdan qorxuram. Bu qorxu daima içimdə var. 

- Sirr deyilsə, sizin ilk maaşınız, qazancınız nə qədər olub? Neçə yaşında ilk gəlirinizi qazanmısınız? 

- Sumqayıt şəhərində şadlıq evi açılmışdı və mən oraya ofisiant kimi yaxınlaşdım. Bir neçə həftə sonra yanacaqdoldurma məntəqəsində benzindolduran əməkdaş kimi işə daxil olmaq istədim, amma orada maaş almadım. Çox qəribədir. Təcrübə toplasam da, ilk maaşımı radiodan aldım - 50 manat. Amma 6-7 ay təcrübəçi kimi getdim. Anam mənə 3 manat pul verirdi. Pulu bölürdüm gün ərzində. Yeməyim isə günortalar sponsorlardan gələn lahmacun idi. Belə bir il davam etdi. 2001-ci il idi, deyəsən. 

- Övladlarınızı da bu sənətdə görmək istərdinizmi? 

- Mənə elə gəlir ki, ənənəpərvərlik yaxşı bir şeydir. O deyirlər ki, filankəsovlar ənənəvi həkimlərdir. Atası da, babası da. Bu yaxşı bir şeydir. Bizim ailəmiz də sənət ailəsidir. Mənim oğlum və ya qızım istəsə, mən onları uşaqlıqdan yönəldərəm. Mənim kimi sonradan ordan-burdan öyrənərək gəlməzlər. Gedişləri bilirəm. Şərtləri bilirəm. Ona görə də övladlarım üçün daha asan olar. Onları Avropaya belə istiqamətləndirərəm. İstəyərəm ki, onlar tək Azərbaycanda deyil, ətraf ölkələrdə də tanınsınlar. 

- Murad Arifin stilistə ehtiyacı var? Necə düşünürsünüz? 

- Çox ehtiyacı var... Dostum stilist Elnurla (Elnur Həsənov - red.) tədbirdə görüşəndə nələrsə soruşuram. Stiv Cobsun geyimləri, Acunun geyimləri sadədir. Bununla da bütün karyeranı qurublar. Mən də elə istəyirəm. Amma bu gün mənə mane olan əsas şərt mənim bədən quruluşumdur.  İstədiyim formanı alandan sonra artıq stilistlərlə məsləhətləşəcəm və öz zövqümün də olmasına inanıram. Özümü hələ ki bəyənmirəm. Efirdən baxıb özümə əsəbiləşirəm. Saç düzümüə, koynəklərimə, ayaqqablarıma baxınb əsəbiləşirəm. Amma anlayıram ki, “Murad sənin hələ ki çəki problemin var. Hələ ki bu şəkildə çulunu sudan çıxart”. İstədiyim formada olandan sonra bu mövzuya bir də qayıdarıq. 



“MƏN KASIB, MÜƏLLİM AİLƏSİNİN KİTAB OXUYAN BİR UŞAĞI OLMUŞAM”
 
- Kaprizləriniz barədə bilmək istəyərdik? Hansı kaprizləriniz var? 

- Ən çox mənim ailə üzvlərim bunu görür. Bezdirmişəm onları. (gülür) Bunu belə et, elə et. Məsələn, verilişə gəlməklə bağlı kaprizim olmur. Bir də görürsən ki, dostlarım irad bildirirlər ki, filankəsə bax səndən az tanınır. Amma onun gecikməyinə, tələblərinə bax. Ona görə də deyirəm ki, mən sadə məşhurlar siyahısındayam. Bir də ki, yekəxana olub nə edəcəyəm ki?! Bu nəyə lazımdır ki?! Bakı balaca şəhərdir. Hamı bir-birin bioqrafiyasını yaxşı bilir. Hər şey göz qarşısındadır. Kim nədir?! Nə edib?! Nəçidir?! Hamı haqqında hamı bilir. Özümüzdən mavi qanlı aristokrat imicini yaratmağı lüzum görmürəm. Əgər sən o 20 il əvvəlkisənsə, əlinə pul düşsə də bunu etmə. Bu sənin keçmişini bilənlər üçün gülməli görüntüdür. Mən bunu inkar etmirəm. Mən kasıb, müəllim ailəsinin kitab oxuyan bir uşağı olmuşam. Bu gün də eləyəm. 30 il sonra da belə qalacam. Mən cildə girə bilmərəm. 

- Murad Arif özünü şou-biznesdə hansı yerdə görür? 

- Mən öz yerimdəyəm...O yer olduqca rəngarəngdir. Pozitivdir. Olduqca coşquludur. Hərdən deyirlər ki, sizin yerinizə kimi çağıraq? Kimi təklif edirsiniz? Deyirəm axı yoxdur elə bir insan. Həm yazsın, həm oxusun... mənim yerim çox rahatdır. Bu yeri möhkəmlətməklə məşğulam. İnsanların ürəyinə daha çox toxunnmaqla məşğulam. Nəğmələrimlə, çıxışlarımla. Ola bilər ki, yerim hələ balacadır. Amma gələcəkdə necə böyük olacağına kiminsə şübhəsi ola bilməz. O cığır mənimdir. Heç kimə bənzəmir. Təkrarlamır. Yəqin ki, böyük uğura aparır. 

- Murad bəy, çox sağ olun. Sizi tanıdığımız qədərilə yenə də səmimi gördük və hətta haqqınızda bilmədiklərimizi də öyrəndik. 

- Mən sizə təşəkkür edirəm. Bir-birimizlə çalışmayaq. Özümüzlə məşğul olaq. Özümüzü daha yaxşı, təmkinli edək. Ziyalı olaq. Daha çox kitab oxuyaq. Səyahət edək, dost qazanaq ,qəlb sevindirək, kamilləşək, həyatda bundan maraqlı səyahət yoxdur və bunun üçün heç vaxt gec deyil. Və bunun üçün hər şeyi fəda etməyə dəyər. 
 
Lamiyə BALACAYEVA
Fotolar: Elkin ASKEROV
Video: Elfaq LƏLƏYEV
Montaj: Elkin ASKEROV


















1245 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Oktyabr






































16 Oktyabr