Aktyor xanımına "Porsche" bağışladı
Seda Sayana görə həbsə düşdü
Bülent Ersoy yeni ifaçılardan gileyləndi
Ancelina Coli razılığı pozdu

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Tolik: “Mən xoşbəxt olmaq üçün bir qızı bədbəxt edə bilmərəm” - fotolar

22-04-2017


Bu gündən etibarən Muztv.az saytının yeni bir layihəsi təqdim olunacaq. “SorğuMUZ” adlanan layihədə hər həftə bir məşhur qonaq olacaq. İlk hədəfimiz isə prodüser Tarix Əliyevdir.

-Tarix bəy, hədəf olmağa hazırsınız?


- Hədəf olmağa hazıram. Xeyirli olsun. Muztv ilə illərdir ki, tanışlığımız var.

- Sizə necə müraciət edək? Tarix Əliyev, yoxsa Tolik?

- Siz məni necə tanıyırsınız? Tarix Əliyev? Onu deyə bilərəm ki, “Maşın” realiti-şousundan öncə hamı məni Tolik kimi tanıyırdı. Hətta bəzi yerlərdə sənədləşmə edəndə də adımı
Əliyev Tolik yazırdılar. Mənə Tolik kimi rahat olur. Çünki bu ad mənə düşərli olub. Fikirləşirəm ki, belə də getməlidir.

- Tolik kimdir?

- Tolik, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan xalqının, deməzdim ki,  bütünlükdə amma əksəriyyətinin tanıdığı bir prodüser, tanınmış sima.

- Biz Toliki səhnəməzin ən parlaq simaları - Aygün Kazımova, Röya Ayxan, İlhamə Quliyeva, Rəqsanə və bir çoxları ilə eyni layihələrdə görmüşük. Bu məşhurlardan hansı ilə işləmək sizin üçün daha asan və ya çətin olub?

- Bu sualı mənə 2 il, 5 il, 6 il əvvəl versəydiniz, həyəcanlanardım. Niyə? Çünki 16 ildir bu sənətdəyəm. Mən İlhamə xanımla işləməmişəm. Mən onun dostu olmuşam. Baxmayaraq ki, məni Azərbaycana o gətirib. Necə gətirib? Mən Almaniyada yaşamışam. Almaniyada Dünya Azərbaycanlıların Konqresində İlhamə xanımla tanış oldum. Azərbaycana gələndə ilk tanıdığım müğənni Röya olub. Amma ən rahat işlədiyim müğənni Eltondur. Hazırda onunla çalışıram. 3 ildən çoxdur ki, onunla bir yerdə işləyirəm və mənə elə gəlir ki, ən rahat işlədiyim müğənni o olar.

“İLHAMƏ QULİYEVA DİRİLİB GƏLSƏ, BƏZİLƏRİ TÜLKÜ QILIĞINA GİRƏCƏK”

- İlhamə xanımın adını çəkmişkən, vurğuladınız ki, sizin bu sahədə tanınmağınızda onun böyük rolu olub. Amma xalq artistinin vəfatından sonra bir çox məşhurların ikiüzlü olduğunu da demişdiniz...

- Bilirsiniz necədir? Mən bu gün ölsəm, sabah hamı çıxıb deyəcək ki, vaxt var idi ki, heç mən Toliki tanımırdım. Ölənəcən... Fakt, bu gün mən yaşayıram, məni bəzi insanlar tərifləyir. Onlara sözüm keçərli olur. İlhamə Quliyeva bu gün dirilsə, Allahın möcüzəsi olsa, onun məzarına gəlməyənlərdən soruşsa ki, “Mən öləndə niyə gəlməmişdiniz?”, onlar bəhanə edib tülkü qılığına girəcəklər. Özlərini doğrultmağa çalışacaqlar. Mən onun ölümündən sonra fikirləşdim ki, bu dünyada yaşadığın vaxt pis və ya yaxşı öz sözünü deməlisən. Kimsə sözümdən inciməsin, amma Azərbaycan tamaşaçısı vəfasızdır. Mən bu gün bir il gündəmdə olmasam, yaddan çıxacam. Röya, Aygün Kazımova, Brilliant Dadaşova bir il mahnı oxumasa, onlar haqqında danışmayacaqlar. Mənə elə gəlir ki, öləndən sonra səni sevənlər də kimdənsə qorxub səni pisləməyə başlayacaqlar. İlhamə Quliyevanın adı sənət dünyasına yazılıb. Vay o gündən ki, o “bozbaş” müğənnilər var ki, onların adı heç it dəftərində də olmayacaq. Həmin insanlar gündə birinin çantasını daşıyandır.   



- Sizi aparıcı kimi görəcəyik.. 

- Özümü aparıcı kimi sınamamışam. Bilirsiniz ki, ATV kanalında nömrə bir yarışmasında ekspert kimi olmuşam. Sonra Lider kanalanında “Gənc istedadlar” adlı yarışma var idi, orada prodüserlərdən biri mən idim. Belə verilişlərdə münsif kimi oturmuşdum, amma özüm aparıcılıq etmirdim. Hər dəfə “Kanal-8” də “3 adam”a baxanda mənə maraqlı olurdu ki, elə bir veriliş Azərbaycanda da aparmaq olar. Tam sərbəst olsun. İkinci efirim gələn həftə olacaq. Amma verilişi studiyadan izləyən tamaşaçılar sıxılır. İstədiyim nəticəni vermir. Kamera, mikrafondan çəkinirlər. Yalnız bunda problem olur. Bu həftə Damlanı çəkəcəm. Mahnıları çox sevilir. Mənə maraqlıdır ki, o toplumunu itirməkdən qorxmur ki?! 

- Tolik, bildiyimiz kimi, Səmra Rəhimli bizim son “Eurovison” təmsilçimizdir. Həmin an xoşagəlməz bir hal yaşanmışdı. Erməni təmsilçisi “Qondarma Dağlıq Qarabağ” bayrağının qaldırmışdı. Səmra buna susmuşdu. Təbii ki, siz də sosial şəbəkədə od püskürmüşdünüz. Buna münasibətiniz? 

- Mən sizə bir söz deyim. Orada Səmra olmasaydı, mən olsaydım, ya da ki, Aygün Kazımova, Röya olsaydı, onlar ona reaksiya verə bilərdilər. Səmra təbiətcə çox sakit bir qızdır.  Bilirsiniz ki, mən onu tənqid eləmişdim. O, şıltaqlıq etmişdi. Hollandiya iştirakçısının qucağında şəkil çəkdirmişdi. Amma mən onu bu qədər tənqid etdim, o, mənə bir dəfə də cavab vermədi. Onunla indi yaxşı münasibətim var. Soruşuram ki, “Bəs niyə mənə o vaxt cavab vermədin?” Dedi ki, “mən istiyirdim ki, siz məni həyatda tanıyasınız və xarakterimi biləsiniz”. O, qız qalmaqaldan uzaqdır.

- Sevil-Sevinc bacıları ilə işbirliyinizə son qoyuldu. Təklif kimdən gəldi? 

- Təklif deməzdim. Bu ürək məsələsidir. Bir anda ola bilər. Mən Sevda Yahyayeva ilə də bir anda ayrılmışam. İki ildən çox birlikdə işləmişik. Hətta Amerikada da konsertimiz olub. Mən əkizlər bürcüyəm. Baxın, bu dəqiqə də hər iki müğənnidən ayrıla bilərəm. Bunu fikirləşərək etmirəm. Əkizlərlə işlədik. Konsertlərimiz oldu. Moskvada konsert verdilər. Sonra Moskvada Novruz bayramı münasibətilə konsertləri oldu. Mən fikirləşdim ki, daha onlardan artıq pul yeməyim. Qızların potensialı var, amma məncə, bir az da öz üzərlərində işləməlidirlər. 
 
- Bəs Oksana Rəsulova ilə münasibətlər necədir? Aranızda soyuq küləklər əsir, yoxsa buzlar əriyib? 

- Yox, Oksana Rəsulova ilə artıq neçə vaxtdır ki, münasibətimiz var. Hətta onun sonuncu çəkildiyi “Sarı Gəlin” reklamını da mən ona istiqamətləndirdim. Amma Oksana məndən Natavana görə inciyib. Mən istəyərdim ki, onlar barışsın. Çünki bu gün mən Natavanla barışmışam. Oksana ilə də barışmışam. İndi istəyirəm ki, Oksana Natavanla münasibətini düzəltsin. Məncə, birlik olsa, biz çox adama güc gələrik. 

“MƏN SÜLHSEVƏR DEYİLƏM”
 

- Tolik, biz sizi daha çox sülhsevər kimi tanıyırıq. Amma nədənsə adınız qalmaqallarda hallanır. Bəlkə üzünüzdə “Şeytan tükü” var? 

- Yox, mən sülhsevər deyiləm. Kiminlə necə davranacağıma baxıram. Elə insan var ki, onunla sülh bağlaya bilmirəm. Yaltaqlıq məndə alınmır. Bilirsiniz necədir? Müğənniyə şirinlik edəndə o elə bilir ki, sən ona yaltaqlanırsan. Ona görə də gərək müğənniyə 50-50 davranasan. Ona çox sıx da bağlanmayasan. 



- Biz sizi sosial şəbəklərdə izləyirik. Daha çox yıxılanı müdafiə edən kimi görürük. Bəs olub ki, Tolik yıxılıb və ya yıxılanda baltalanıb? 

- Şükür Allaha hələ büdrəməmişəm. Bu təvazökarlıq olmasın. Bir reallıq var. Mənim sabah bir əzizim rəhmətə getsə, hamı gələcək. Ölünün qapısına hamı gəlir. Mən xəstəxanaya düşşəm, hamı gələcək. Atam xəstə olanda ad günümdə bunu gördüm. Bu, normaldır. Mənim yaxşı günümdə yanımda olsunlar. Pis günümdə yanımda olacaq qohumlarım var. İlk dəfədir ki, sizə deyirəm Mən Sayqa ilə (Prodüser Sayqa Cahid - red.) 5 il olardı ki, danışmırdım. Amma 3 gün bundan öncə onun atası rəhmətə gedəndə özümə borc bilib ona zəng etdim və dedim ki, istər maddi, istərsə də mənəvi sənin yanındayam. 
 
- Bu sahədə kifayət qədər Tolik imzası var. Şou-biznesin mənfi və müsbət tərəfləri... Hazırkı şou-biznesi bəyənirsiniz? 

- Bilirsiniz, indi şou-biznesdə nə var? Kimsə əlinə bir bayraq alır, deyir ki, heç nə edə bilmirəm. Durğunluqdur. Niyə Röya, Aygün Kazımova öz üzərində işləyir? Miri Yusif, Zülfiyyə Xanbabayeva... Əkizlər gəncdirlər, işləyirlər. Damla, Nigar Camal da həmçinin. Bu yalan söhbətdir ki, pul yoxdursa, işləyə bilmirsən. Bəli, pul lazımdır. Amma baxır nəyə. Sənin potensialın varsa, irəliləyiş etmək istəyirsənsə, heç nə təsir etməli deyil. İnternet var. Çək bir klip, bir mahnı oxu. İnsanlar səni bəyənsələr, səni sevəcəklər. 

- Bir prodüser kimi nə düşünürsünüz, şou-biznes əhli nəyi bölə bilmir? Qalmaqalların səbəbi nədir? 

- Bu gün Azərbaycan şou-biznesində qalmaqal yalnız gündəmdə qalmaqdır. Vəssalam! Mən bunu deyə bilərəm. 

“MƏN DEYƏNDƏN SONRA SEYMUR BAYCANIN DOSTLARI ORTAYA ÇIXDI”

- Tolik ağlayıb heç? Ağlayır? 

- Təbii ki, ağlamışam. Mən 3 gün bundan qabaq ağlamışam evdə. Xəzər televiziyasında yayımlanan veriliş məni kövrəltdi. Aparıcı dedi ki, Ermənistanda belə bir sorğu aparılıb. Sorğuda deyilir ki, “Azərbaycana atom bombası atsınlar və Azərbaycan yerlə-yeksan olsun!” Ermənilərin 99%-i buna hə dedi. Yalnız bir erməni dedi ki, orada günahsız insanlar var. Eyni sualı bizimkilərə də ünvanladılar. Amma bizimkilərdən kimsə demədi ki, biz Ermənistana bomba ataq! Azərbaycanlılar dedi ki, biz gedək vuruşaq. Orada da günahsız insanlar var. Bu məni ağlatdı. Gördüm ki, bizim ürəyimizdə Əli rəhmi var. Onda mən ağladım. Mərhəmət insanın içində olmalıdır. 
 
- İstər şəxsi həyat, istərsə də sənət həyatında olsun... Hər birimiz birmənalı olaraq qarşılanmırıq. Tolik, necə bir insandır? 

- Mənə elə gəlir ki, mənim şəxsi həyatım heç kimə maraqlı deyil. Mən öz işimlə gündəmdə qalmışam.   

- Tolikin kimsənin tanımadığı özəl keyfiyyətini bilmək istərdik... 

- Mən onu desəm, özümdən razı olaram. Özümü tərifləmiş olacağam. İnsanlar məni necə tanıyır, onu bilmirəm. Hətta məni tanımayanlar da var. Bu da normaldır. 

- Biz sizi daha çox mərhəmətli tanımışıq. Məsələn, Seymur Baycanın kitabının çapını üzərinizə götürdüyünüzü demişdiniz. Eyni zamanda, Səmranın susmağına görə qıcıqlanmışdız. Sizi tez-tez səngərdə əsgərlərimizin yanında da görürük. Çoxları bunun reklam üçün olduğunu düşünür... 

- Baxın, əslində bizim günahımız da budur. Yaxşı iş edirsən, deyirlər ki, özünü reklam etdi. Onda mən pis şeyləri reklam edim. Mən nəyi reklam edim? Yaxşılıq edirsən, deyirlər ki, özünü göstərir. Pislik edirsən deyirlər ki, pisdir bu. Bilmirik ki, nə edək. Arada qalırıq. Mən Seymur Baycanı həyatda tanımasam da, ona kömək etməyi təklif etdim. İstedadlı insanlara kömək etmək lazımdır. Amma bəzi saytlar bunu şişirtdilər. Dostları ortalığa çıxdılar ki, biz ölməmişik, özümüz kömək edəcəyik. Noldu mən deyəndən sonra qeyrətə gəldiniz? Mən ölkəmi sevirəm. Uzağa gedəndə də üzərimdə Azərbaycan bayrağı olub. Qoy bizi də tanısınlar. 



- Sizi sosial şəbəkələrdə paylaşımlarınızda tez-tez aqressiv görürük. Səbirsizsiniz?
 
- Səbirsizəm. Görürəm ki, bir müğənni efirdə danışır. O dəqiqə deyirəm ki, yazım. Sonra deyirəm ki, Tolik yazma. Paylaşım etməmişdən öncə əlimi saxlayıram. Deyirəm axı sənin nəyinə lazımdır?! Əvvəl belə deyildim. Deyirdim, deyirdim....Bu da mənə əsəb yaratdığı üçün daha susuram. 

- Bu gün səhnəmizin katalizatoru kimdir?

- Yox, Azərbaycan şou-biznesində elə bir şey yoxdur. Səhnəmizin katalizatoruna gəlincə, elə bir ad çəkim ki, kimsə ona cavab verə bilməsin. Zeynəb Xanlarova. O, bu gün Azərbaycan mədəniyyətində yeganə insandır ki, mən onu görmək istəmişəm və mənə bu qismət oldu. Heç yadımdan çıxmaz. Alişan Bakıya gələndə hamı onunla şəkil çəkdirmişdi. Mən də status yazdım ki, mənim arzum Zeynəb Xanlarovanı görməkdir. Zeynəb xanım mənə həmişə əlçatmaz olub. Bir gün onun köməkçisi mənə zəng vurdu dedi ki, hardasan? Dedim ki, evdəyəm. Dedi ki, Zeynəb Xanlarova sarayda məşqdədir, səni gözləyir. Əlimin içi tərlədi. Gül alıb tez getdim. Onu gördüm. Mənə dedi ki, mən səni açıqsözlü olduğuna görə bəyənirəm. Bu söz mənə milyona bərabər idi. Onun ifaları bütün dünyada tanınır. 

“MƏN OFİSİANT DA, SATICI DA İŞLƏMİŞƏM”

- Bu sahədən bezib getmək istəmisiniz? 

- Mən bilsəm ki, 10 il sonra bu sahəhə heç nəyə yaramayacam, başqa bir iş görərəm. Mən ofisiant da işləmişəm, satıcı da olmuşam. Hələ ki, bu işimdən pul qazanıram. Allah nə yazıbsa, onu görəcəyik. 

- Bildiyimiz qədərilə siz uşaq ikən valideynləriniz ayrılıb. Bu sizə psixoloji təsir göstərib? 

- İndi istəyərəm ki, valideynlərim bir yerdə olsun. Amma alınmayacaq. Çünki atam ikinci dəfə ailə qurub. Bacım Almaniyada ailəlidir. Anam da onun yanında yaşayır. O yaşda deyiləm ki, artıq xəyallara qapılım. İnsan öz yolunu özü seçir. Mən pis yolda olsam, bu mənə aiddir. Mən maskalanıb insanlara deyə bilmərəm ki, mənim ətəyimdə namaz qılın. Yox. Məni belə qəbul ediblər. Mən artıq beləyəm. Bəli, mənim səhvlərim var. Mən insanam. İstəyərəm ki, dəyişim. Şükür Allaha ki, narkoman deyiləm, siqaret çəkmirəm, içki içmirəm.
 
- Geriyə baxsaydınız, nəyi dəyişərdiniz? 

- Geriyə baxsaydım, çox şeyi dəyişərdim. Onu deyə bilmərəm. O, mənim içimdədir. Amma istəyərdim həyatımı dəyişim. Başqa bir mənada. Şəxsi həyatdan da söhbət getmir. Allah məni 15 il qabağa salsaydı, mən bəlkə də çox şeyləri dəyişərdim və heç bir insana o şans verilmir. 

“XALAMQIZINI ALIB EVDƏ OTUZDURA BİLMƏRƏM”
 
- Bu sual hər kəsi maraqlandırır. Tolikin qəlbinin namizədi varmı? 

- Yox. Elə bir şey yoxdur. Mən yalandan evlənə bilmərəm. Bəziləri kimi gedim xalam qızını alım, gətirim evdə otuzdurum. Mən əslində uşaq haqqında fikirləşirəm. O da necə! Baxıram ki, Ronaldo, Filipp Kirikorov - bunlar hamısı süni-mayalanma ilə uşağa sahib olublar və çox xoşbəxt də yaşayırlar. Mən bunu atama görə etmirəm. Atam deyir, sən bunu etsən deyəcəklər ki, niyə toy etmədi? Çünki mən bir dəfə evli olmuşam. İstəmirəm bunu kiməsə görə edim. Xoşbəxt olmaq istəyirəm, amma xoşbəxt olmaq üçün bir qızı bədbəxt edə bilmərəm. Gətirim evdə otursun. Həyat elə bir şeydir ki, o mənə xoş olmalıdır. Mən məhz sizlərə görə evlənməməliyəm. Alım, gətirim sonra yola getməyim, boşanım. Sonra da yazsınlar ki, Tolik də onlar kimidir. (Şou-biznesdəki digər sənətçilər kimi - red.) 



- Tolik varlıdır? 

- Yox, mən maddiyatda varlı deyiləm. Mənəviyyatda varlıyam. Bu gün bəzi müğənnilərdən çox sevildiyimi 100% bilirəm. Yol gedəndə bir yaşlı xanım mənə “Necəsən?” deyəndə, məni öpəndə bu mənə dünyadır. Çünki onu pulla almaq olmaz. Sevgini heç nə ilə almaq olmaz. 

- Tolik, zirvə sizi qormutmur ki? 

- Mən zirvədə deyiləm ki. O, düzgün deyil. İstənilən insan tanına bilər. Tanınmış olmaq o demək deyil ki, ulduzsan. Tanınmaq tam başqa bir şeydir, amma sevilmək tam başqa. Məncə, insan zirvəyə çatsa, desə ki, mən zirvədəyəm, onun başı xarabdır.  Merilin Monro özünə o qədər aşiq idi ki, o qocalığını təsəvvür etmirdi. Maykl Cekson bilsəydi ki, o öləndən sonra Castin Bibər kimi uşaq gələcək səhnəyə... Ona görə də mən özümü zirvədə hesab etmirəm. Amma tələbatlı prodüserəm. Bugünkü prodüserlərə baxıram, görürəm ki, onların işləri bir o qədər də uğurlu deyil. 

- Yenidən Aygun Kazımova, Röya ilə işləyərdiniz? 

- Onu bilmək olmaz. Mən Aygün Kazımova ilə 3 dəfə işləyib ayrılmışam. O, ani qərar ola bilər.
 
“XANIM DOSTUM MƏNƏ EV HƏDİYYƏ EDİB”
 
- Tolikin ən böyük mükafatı? 


- Ən böyük mükafatı mənə dostum edib. Mənim bir zamanlar evim yox idi. Heç gözləmədiyim bir anda ev hədiyyə etdi. O, Allahın mənə verdiyi ən böyük mükafat olub. İnsanın başının üstündə damı olmalıdır. O dostuma da ömrüm boyu minnətdaram. O, xanımdır. Çox insanlar mənə söz verib yalançı çıxıb. Onunla dostluğumuz indiyə kimi davam edir. 

- Tarix Əliyev biz sizi necə səmimi olaraq tanımışdıqsa, yenə də qarşımızda heç bir sualdan qaçmayan və bütün sualları cavablandıran bir şəxsi gördük. Bütün dediklərinizin altından imzanızı çəkirsiniz? 

- Bəli imzamı çəkirəm və demək istəyirəm ki, səmimi olaq. Insanların sevgisini yalnız səmimi olmaqla qazanmaq olar. 

Lamiyə BALACAYEVA
Fotolar: Elkin ASKEROV
Video: Elfaq LƏLƏYEV
Montaj: Elkin ASKEROV

2496 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Dekabr


17 Dekabr