Müğənni-rəqqasə qalmaqalı səngimir 
Röya Ayxanın yeni fotosessiyası
Anar Məmmədxanov məzarında anıldı - foto
Əməkdar Artist Alanyada fotossessiya etdirdi 

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

ABD Malik: "İllər sonra ölüm xəbərini eşitdim, o mənim ilk sevgim idi" - foto

04-11-2017


"REP MUSİQİSİ BİZİMLƏ ÖLDÜ..."

Muz Tv Azərbaycan kanalı və Muztv.az saytında yayımlanan “SorğuMUZ” layihəsinin budəfəki qonağı sevilən ifaçı ABD Malikdir.

- Malik xoş gördük. Ümid edirəm ki, çox səmimi müsahibə alınacaq.

- Sizi görməyə həmişə şadam. Çox sağ olun ki, bu dəfə verilişinizə məni dəvət etmisiniz.

- "SorğuMUZ"a elə "Dəyirman" qrupundan başlamaq istəyərdim. Hansı ki, Malik sənətə ordan başlayıb. Niyə məhz "Dəyirman"? Bu ad nəyəsə işarə deyil ki?

- (gülür). Bu sualı bizə 1998-ci ildən verirlər. Ona görə "Dəyirman" ki, dəyirmanın 4 pərisi var idi. Biz də 4 nəfər idik. Bakı da "küləklər şəhəri" idi. Adımızda bir az fəlsəfə var. Hətta bizimlə bərabər Leyla adında bir xanım da var idi. "Don Kixot" əsərində də dəyirmanla bağlı bir səhnə yer almışdı. Bizi yaradan prodüserlər var idi ki, onlar belə qənaətə gəlmişdilər. Təklif etdi ki, siz "Dəyirman", Leyla isə "Don Kixot" olacaq. Biz köhnə xalq mahnılarımızı rep ilə yeni bir sintez etmişdik. "Azərimake" adı ilə albom buraxdıq, o zamandan da elə "Dəyirman" kimi qaldıq. Düşünürəm ki, uğurlu oldu. Dəyirmanımız 15 il fırlandı. Qəşəng unlar üyüdü. Hər bir şeyin bir sonu var, bu bizdə də baş verdi. Hardasa 2008-2009-cu illərdə artıq qərara gəldik ki, bu "Dəyirman"ı dayandıraq. Dağıtmadıq. "Dəyirman" durur, işləmir, fırlanmır amma onun hər bir qəhrəmanı öz yaradıcılığı ilə məşğuldur. İstər Miri Yusif olsun, istər Elmir və mən. İçərimizdə tək Anar fərqli bir sahəyə istiqamət aldı. Anar 10 ildir ki, neft sahəsində çalışır.

- Malik, həyat yoluna da qısa nəzər salaq. Malik kimdir? Bu pilləyə necə gəlib çıxdınız? Özünə kənardan baxsaydın, necə xarakterizə edərdiniz?

- Malik uşaqlıqdan da fərqli idi. Hətta məktəbdə belə, hamı ilə bir yerdə deyildim. Hamı harasa gedirdi, mənsə fərqli yerə üz tuturdum. Həmişə seçilirdim. Həm geyim tərzimdə, həm musiqiyə olan sevgimdə. Mənə həmişə deyirdilər ki, sən niyə beləsən? Deyəsən sənin psixi problemlerin var? (gülür). Zaman-zaman hamı da mənə öyrəşdi. 9-cu sinifdən sonra gecə klublarında aparıcılıq etdim, musiqi ilə məşğul oldum. Məktəbdə yeganə adam idim ki, cinslərini tərsinə geyinirdim. Problemlər də olub, davalar da olub. Döyürdülər də, buna baxmayaraq öz bildiyimi edirdim. Uşaqlıqdan beləyəm. Bəlkə də məşhur olmağım fələyin işidir. Həyatımdan çox razıyam.

"HƏR ŞEY ANİDƏN BAŞ VERDİ, BU ALLAHIN MÖCÜZƏSİDİR"

- İstər maddi, istərsə də mənəvi tərəfdən dəstək olanın oldumu?

- Bilirsiniz, mən səhnədə böyüyən bir uşaq idim. Atam Opera və Balet Teatrının baş rejissorudur. 5-7 yaşımdan səhnədə, balerinaların yanında böyümüşəm. O vaxtdan səhnənin dadını bilmişəm. Deyim ki, kimdənsə daim mənəvi dəstək görürdüm, yox. Hər şey anidən baş verdi. Allahın möcüzəsidir.

- Möcüzəyə inanırsız, o zaman...

- Mözücəyə inanıram, amma baxır hansı zamanda. Çətin sualdı, cavab verə bilmirəm, gərək fikirləşim. Nəsə gözlənilməz, planlaşdırılmamış bir şeyə mən möcüzə deyirəm.

- Yəqin ki, hər şeyi həyatın axarına buraxırsız...

- Bəli. İstər 10 il işlə, əgər alnına yazılmayıbsa, o heç vaxt sənə nəsib olmayacaq. Mən heç vaxt ehtiyat üçün pul yığmıram. Çünki o pul, bir neçə saniyəyə yox ola bilər, 1 saniyədə yanıma gələ də bilər. O qədər olub ki, fərqli niyyətlə nə qədər pul yığırdım, gözləmədiyim bir şeyə xərclənirdi. Bu səbəbdən də sabahki günü fikirləşmirəm. Bu gün ilə yaşayıram. Bilmirəm 1 saatdan sonra nə baş verəcək? Amma çalışıram ki, yaxşı adam olum, heç kimi aldatmayım. Pozitiv bir həyat yaşamaq istəyirəm.

- Sizə ABD Malik deyə müraciət etdik. ABD, Malik, yoxsa ABD Malik? Bu ad nəyi ifadə edir?

- Şou-biznesdə ABD Malikdir. Dostlar üçün isə sadəcə Malik. ABD-Abdul Malik deməkdir. Malik Allahın adlarından biridir. İnsan o adı özünə götürürsə, əvvəlində mütləq Abdul olmalıdır. Mənası "qul" deməkdir. Mən İslama da meylli adamam. Uzun illərdir namaz qılıram.

- Malik, "Dəyirman"ınızda çoxmu insan “ələndi”?

- On beş il səhnədə olduq, 7-8 albomumuz işıq üzü gördü. Bir çox müğənnilərlə duetlərimiz oldu. Həyatda çox şey yaşadıq. Solo ifa üçün hər birimiz ayrıca təcrübə topladıq. Mən də solo karyeramla məşğulam amma ləng işləyirəm. Səbəb odur ki, bir az başqa işlərlə də məşğulam. 12 ilə yaxındır ki, mən peşəkar reklamçıyam. Bu üzrə kreativ direktoram. Hazırda da böyük bir reklam agentliyinin Art Direktoruyam. Ona görə də, mənim bir ayağım səhnədə, bir ayağım isə reklamdadır. Səhnə tərəfdən ləngiyirəm, amma nəsə edirəm.

"ZAMİQLƏ BİR XANIMA GÖRƏ MÜBARİZƏ APARDIQ"

- Sevənlərini qarşıda nə gözləyir?

- Bu yaxınlarda Röya Ayxan ilə yeni bir duet hazırlamışıq, hətta klip də çəkdirmişik. Daha sonra Zamiq Hüseynovla da duetimiz hazırlanır. Heç vaxt kişi həmkarımla duetim olmayıb. Nə "Dəyirman"ın, nə də ki mənim. Maraqlı bir mövzu tapdıq, mən və Zamiq bir xanıma görə mübarizə aparırıq. Zamiq də, mən də öz adımızdan oxuyuruq. Maraqlı bir layihədir. Klip də çəkdirməyi düşünürük. Mahnının sözləri Kubra Kərimliyə, musiqisi isə İsa Məlikova aiddir. Röya ilə Dəyirman qrupunun "Gəlmədin" mahnısını duet oxuduq. Bu mahnıya Röya ilə yeni bir nəfəs verdik. Hətta mahnının sözləri də dəyişdi, yalnız nəqarət hissəsi olduğu kimi qaldı. Yeni bir tərzlə tamaşaçıların görüşünə gələcəyik.

- Bir qədər yenə də "Dəyirman" qrupundan danışaq. O, illərdə güclü rəqabət var idi. İndi özünüzdə yorğunluqmu hiss edirsiniz? Təbii ki, istedad yerində, amma məhz həmin çoşqu yoxdur. Anar Nağılbaz, mərhum repçi Hüseyn Dərya, Elşad Xose, “Dəyirman”... Sanki qəribə bir rəqabət mühiti var idi?

- Mən sizə deyim, niyə belə olub. Çünki o zamanlar rep musiqisi Azərbaycanda bir yenilik idi. Yeniliyi isə Anar Nağılbaz və biz Dəyirman gətirmişdik. Anar belə sırf repi gətirməmişdi. Dəyirman isə təmiz Nyu-York repini gətimişdi şəhərə. Ondan sonra Elşad Xose, Hüseyn Dərya da yarandı. O zamanlar rep aktual bir musiqi idi. Ona görə də ətrafında daim mübarizələr, reklam gedirdi. Kliplər çəkilirdi, o zamanlarn repi qaynayırdı...

- Bəlkə də hər birinizin alternativi var idi. Ona görə bu coşqu da müşahidə olunurdu....

- Bəli, razıyam. Hərənin öz publikası var idi, rəqabət də maraqlı gedirdi. Buna söz atmalar belə nümunə ola bilər. Hazırda dünyada da xip-pop mədəniyyəti də aşağı düşüb. İndi repə qulaq asırsan, onun tərkibində roku da, indian rok da var. Rep bəlkə də 10 dənə tərzlə qarışıb. Təəssüf ki, rep musiqisi bizimlə öldü. "Dəyirman" səhnədən gedəndən sonra bu baş verdi...

"BİZ ARTIQ BİRİ-BİRİMİZDƏN YORULMUŞDUQ, ULDUZLUQ BAŞLADI..."

- Bəlkə getməyəydiniz?


- Getməli idik. Biz artıq biri-birimizdən də yorulmuşduq. Böyüdük. 4 kişinin hərənin öz xarakteri var idi. Hərdən sözlərimiz də çəp gəlirdi. Ulduzluq başladı. Mən bu mahnını oxumaq istəmirəm kimi fikir ayrılıqları da yarandı. Başa düşdük ki, bu 4-lük artıq unu təmiz üyütmür. Qərara gəldik ki, birgə fəaliyyətə son qoyaq. Sərbəst olaq. Bəlkə vaxt getdikcə, yenidən birləşə bilərdik, amma olmadı...

-Tamaşaçılar "Dəyirman"ı yenidən bir arada görə bilərmi? Bəlkə sürpriz edəsiniz?

- Ümumiyyətlə, 90% belə bir iş ola bilər. Çünki bu yaxınlarda özümüz oturduq, söhbətləşdik. Öz aramızda danışırdıq ki, bir layihə var idi, onu etmədik, bəlkə reallaşdıraq? Bir mahnı var idi ki, onu həyata keçirə bilməmişdik. Çox güman ki, biz bir mahnı ilə tamaşaçları sevindirəcəyik. Amma albom yox. Onu deyim ki, bu layihə alınsa, partlayış olacaq. Hər kəs bunu bizdən illərdir ki, gözləyir. Bu sürprizi qış aylarına planlayırıq. Burda hansısa bir kommersiyadan söhbət gedə bilməz. Ola bilər ki, mən rep deyil, mahnı ifa etdim. Mahnı sosial problemlərdən bəhs etməyəcək.

- Sizdən sonra kifayət qədər rep ifa edən sənətçilər yetişdi. Nə qədər seviləcək, təbii ki, bunu da zaman göstərəcək. Kimi dinləyir, bəyənirsiniz? 

- Əgər sırf repdən söhbət gedirsə, hazırda Azərbaycanda olan o repin keyfiyyəti məncə yoxdur. Ona görə də qulaq asmıram. Marağım yoxdur. Bir neçə qrup var ki, nəsə edirlər amma yenə də sona kimi dinləyə bilmirəm. Peşəkarlıq çatışmır. Rəqabət yoxdur. Uşaqları qınamıram da, onların üzərində işləyən yoxdur. Onları bir yerə toplayan azarkeş ordusu da yoxdur. Konsertlər etmirlər. Bizim dövrümüzdə tamaşaçı ordumuz ruh verirdi. Rəqabət olanda keyfiyyət də qalxır. Rep indi "andeqraund" şəklinə düşüb. Kimsə bununla məşğul olmalıdır, kommersiya qatmaq mütləqdir. Bilirəm ki, mən bu işə vaxt ayırsam bacararam. Amma fiziki olaraq da çatdıra bilmərəm. Gənclərin musiqisidir. Çox istərdim ki, bununla Nazirlik məşğul olsun. Xip-pop mədəniyyəti çox böyük mədəniyyətdir. Repdə poeziya, rəssamlıq, geyim mədəniyyəti hər şey cəmləşib.

- Azərbaycanda kimi "repin atası" adlandırmaq olar?

- Bir dəfə Anar Nağılbaz çıxdı dedi ki, mən repin atasıyam. Biz də dedik ki, atam qurban (gülür). Qəbul etdik. Ən birinci o idi. Ondan sonra biz başladıq. Ümumiyyətlə, dünyada belə bir ifadə yoxdur, amma Azərbaycanda var.

"YALVARIRAM, MƏNİ KİNOYA ÇƏKİN"

- Filmlərlə aranız necədir? Nə zamansa sizi aktyor kimi görə bilərikmi?

- Mən çox istəyirəm ki, bir kinoda çəkilim. 1-2 təklif gəlib amma mənə deyilən obrazları bəyənmədim. Biri manyak rolu idi. Bilirəm bu rol yaxşıdır. Onu da bilirəm ki, bizim kinomatoqrafiya imkanlarında bunu canlandırmaq çətin olacaq. Maraqlı qrimi, süjeti, geyimi olmalıdır. Son zamanlar görürəm ki, bir sıra ardıcıl filmlər çəkilir. Yalvarıram, məni də kinoya çəkin (gülür).

- Ətir kolleksiyanızın təqdimatı olmalı idi, bu, nə zamana gözlənilir? Tamaşaçılar üçün maraqlı nələr olacaq?

- Bu yaxınlarda bir parfüm brendi yaratmışam. adı "Lafaett"dir. Azərbaycan parfüm bazarlarında ilk premium brenddir. Çox gözəl imici, laqotipi var. Gözəl ətirlərdir, hazırda 2 növü var. Sertifikatı alan kimi təqdimatını keçirəcəm və satışa buraxacam. Ola bilər ki "online" şəkildə satılsın.

- Bəs sevənlərin səndən "anşlaq" dolu konsert gözləyə bilərmi?

- Yalan deyərəm, hələ ki konsert üçün hazır deyiləm. 15 mahnım var amma konsert verəsi olsam gərək bütün işlərimi bir kənara qoyub mahnıların üzərində çalışım. Məsəl üçün Miri Yusif hər şeyi bir kənara atıb, sırf sənəti ilə məşğul oldu. Əla da alındı. Mən başqa işlərimi ata bilmirəm. Mənə 2-3 ay heç olmasa vaxt lazımdır. Buna baxmayaraq klublarda mini konsertlərim olur, korporotiv tədbirlərdə iştirak edirəm.

- Malik, Miri Yusifdən danışmışkən qeyd edək ki, o, qrupunuzda olan 4 nəfərdən sanki 1 addım öndə kimi görünür. Bu qeydimlə razısısızmı? Ümumiyyətlə, aranızda hər hansı qısqanclıq və ya inciklik yaranırmı?

"DEYİRLƏR MİRİ YUSİF QABAĞA GETDİ, SİZ GERİ QALDINIZ...."

- Bunu çox adam soruşur. Deyirlər ki, Miri Yusif belə qabağa getdi, siz bir az geridə qaldınız. Xeyr, qısqanclıq olmur. "Dəyirman" yarananda dostluq üzərində quruldu. Biz bugünə kimi çox yaxın dostuq, hər gün bir yerdəyik. Hətta ailəvi dostuq. Pis münasibətdən söhbət gedə bilməz. Qəbul edirəm. Sözsüz ki, Miri Yusifin publikası daha böyükdür. Çünki Yusif özünü sırf olaraq sənətə köklədi. İnsan gərək bir işlə məşğul olsun və sona kimi getsin. Mən də elə o səbəbdən ləngiyirəm. Yusifin artıq 5 albomu var, mənim isə heç 1 albomum da çıxmayıb. Həmçinin də Elmirdə. Amma biz yenə də bir yerdəyik. Daim səhnədə belə biri-birimizə dəstəyik. Mən də qışa yaxın bir dalğa gətirəcəm.

- Malik, səhnədəsiz, uzun illərdir yerindəsiz. Geyiminiz də səhnə üçün müasirdir. Amma siz o ifaçılardansınız ki, geyiminizdə "kişi imicinə xələl gətirəcək" çalarlardan istifadə etmirsiz. Elələri var ki, səhnə başını tez fırladır. Bəs belə həmkarlarınıza necə baxırsız?

- Mən buna çox normal baxıram. Səhnə, incəsənət insanı nə iləsə adi insanlardan fərqlənməlidir. Mən hətta səhnədə olan hansısa bir kişidən sırğa belə görsəm pis baxmıram.

- Amma özünüz istifadə etmirsiniz...

- Etmirəm amma ola da bilər. Sadəcə buna meylli deyiləm. Səhnədirsə qəbul edirəm. Əsas odur ki, şəxsiyyəti olsun. Hər şey normal etika daxilində olmalıdır. Əgər kişi səhnəyə yubkada çıxacaqsa, sözsüz ki, mən buna yaxşı baxmayacam. Bu gülməlidir.

- Nə zamansa həyatınızda olubmu ki, "Kaş bir dəfə də olsa, onu kənardan görərdim"demisiniz. Belə nakam sevgi yaşamısızmı?

- (gülür). Mən uşaqlıqda, məktəb vaxtı bir qıza çox vurulmuşdum. Amma azərbaycanlı deyildi. O, bugünə kimi yadımda qalıb. Ondan sonra çox qızlar olsa da, heç birini xatırlamıram. Ondan xoşum gələndə 3-cü sinifdə oxuyurdum. Çox təəssüf ki, o qız hisslərimdən xəbərsiz oldu. Heyfslənirəm ki, həmin xanım dünyasını dəyişdi. O qız başqa ölkəyə köçdü. İllər sonra ölüm xəbərini eşitdim. Uşaq olsam da, o mənim qəlbimdə, yadımda qalıb. O, mənim ilk sevgim idi.

- Heç ağlayırsız?

- Mən ağlayanam. Bilmirəm niyə, yaşlandıqca məndə bu keyfiyyət yarandı. Bu yaxınlarda da bir hadisə baş verdi, gözləmədiyim anda çox ağladım. Özümü saxlaya bilmədim. Onda ağlayan olduğumu bildim. Ondan sonra bir neçə mahnıya da qulaq asdım, yenə kövrəldim. Əvvəllər belə deyildim.

"XANIMIMA ÇOX SADİQƏM"

- Malik, “xəyanət etməyən kişi yoxdur” ifadəsi ilə razısınızmı? Ümumiyyətlə, xəyanət nə zaman yaranır. Xəyanət edən kişiyə verilən "qadın cavabı"nı necə qarşılayırsız? Razılaşırsız ki, kişi xəyanət etsə də, qadın sadəcə susmalıdır?!

- Bu çox dərin sualdır. Bu mövzuya bir neçə tərəfdən yanaşmaq olar. İslam, din tərəfdən xəyanət olmaz elə hər iki tərəfdən. Bunun üçün sən bir neçə dəfə evlənə bilərsən. Dində belə bu imkan yaradılıb. Biz kişilər elə yaranmışıq ki, buna bir az meylliyik. Qadınlar isə, bunu başa düşmür. Psixoloji tərəfdən qadınlar bunu başqa cür başa düşür. Hərdən qadınlar elə şeylər edir ki, biz kişilər onları başa düşmürük. Mən xəyanət etməmişəm. Xəyanəti mənəvi də, fiziki də etmək olar. Gözlə də xəyanət mümkündür. Hərə bu məsələyə fərqli cür yanaşır. Mən xəyanət etməyən kişilər də tanıyıram. Hərdən baxıram, deyirəm ki, bəlkə bunun nəsə problemi var? Elə olmaz axı...

- Sizcə, xəyanət etməmək sadiqlik, yoxsa qorxaqlıqdır?

- Bunu çox yaxşı qeyd elədiniz. Tanıdığım insanlardan biri bilirəm ki, xanımından çox qorxur. (gülür). Biri də yoldaşına çox sadiqdir. Amma mən nə tərəf, nə də bu tərəfəm. Birdən elə olur ki, heç nə istəmirəm, evdən çıxıram. Bir neçə gün tək qalmaq istəyirəm, depressiyaya düşürəm. Elə də olur ki, bütün günü ailəmlə bir yerdə oluram. Onlarsız heç yerə getmək istəmirəm. Amma deyim ki, hazırda çox sadiqəm.

- "SorğuMUZ"un sonuna gəldik. Suallardan, yoxsa cavablardan razı qaldınız?

- Suallardan çox razı qaldım. Bu 15-20 il ərzində çox müxbir görmüşəm, çox suallar eşitmişəm, demək olar onlardan 70%-i boş-boş, duzsuz, necə gəldi suallar idi. Dərhal başa düşdüm ki, siz peşəkarsınız. Çox sağ olun, razı qaldım. Bu suallardan sonra tez-tez istəyəcəm ki, məni müsahibələrə mütəmadi dəvət edəsiniz (gülür). Ümidvaram ki, bu "xəyanət" mövzusunda olan suallardan sonra evdə problemim olamayacaq. (gülür). Həmişə sizi görməyə şadam. Bütün izləyiciləri salamlayıram. Muz Tv-yə baxın, izləyin, oxuyun.

- Həmsöhbətimiz olduğunuz üçün çox sağ olun. Bütün dediklərinizin altından imzanı qoyursuzmu?

- Bəli, böyük məmnuniyyətlə.
 
Lamiyə BALACAYEVA

Fotolar: Elfaq LƏLƏYEV

Video: Elfaq LƏLƏYEV

Montaj: Elkin ƏSGƏROV


 

 
 
 
 

























































376 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 İyul














20 İyul