Mənzurə Musayeva üç il əvvəl ayrılıb
Model şəkilləri ilə gündəmə gəldi
Elza Seyidcahanı kim əsəbləşdirdi?
Aşıq Samirə görünüşünü dəyişdi

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Rövşən İsax: “Dilarə obrazını qovaram da, itirərəm də.."  - fotolar

30-09-2017


“ONU TAPMAQ ÜÇÜN QAPI-QAPI GƏZİRƏM”

Muz Tv Azərbaycan kanalı və Muztv.az saytında yayımlanan “SorğuMUZ” layihəsinin budəfəki qonağı bir çox sevilən seriallara imza atmış rejissor Rövşən İsaxdır. 

- Rövşən bəy, imzanızın iti olduğunu bilirik. Sizcə, “Vicdan Haqqı” serialı tamaşaçıların sevgisinin haqqını ödəyə bildimi?

- Belə suallara cavab verəndə təkəbbürlü səslənir. Mənə elə gəlir ki, tamaşaçılar tərəfindən sevilir. Biz küçədə, bayırda, ictimai nəqliyyatda, hansısa bir tədbirdə insanların diqqətindən hiss edirik. Deyə bilərəm ki, bəli, tamaşaçılar tərəfindən qəbul olundu.

- Düşündüyünüz alındı?

- Mən hansısa bir işi görəndə, düşünmürəm ki, tamaşaçılar bunu sevəcək, ya yox. Elə şeylərdən uzaq adamam. İlk növbədə mən özüm-özümə imtahan verirəm, mən bunun öhdəsindən gələ bildimmi, ya yox? Bunu nə dərəcədə peşəkar yerinə yetirirəm, basmaqəlb etmirəm. İnandırıcı edə bilirəm, aktyorlar öz işlərinin öhdəsindən gələ bilir və s. Mən belə şeylərin haqqında düşünürəm. Mənim qiymət verdiyim kadrlarda elə şeylər var ki, heç tamaşaçıların ağlından da keçmir. Amma bu məni narahat edir.

“TAMAŞAÇI 25-Cİ KADRI GÖRƏ BİLMİR”

- Tamaşaçı 25-ci kadrı görə bilmir?

- Tamaşaçı 25-ci kadrı da görmür, heç baxdığının hansı əziyyətlərlə ərsəyə gəldiyini də bilmir. Orada elə xırda nüanslar var ki, onu ancaq sərraf tamaşaçılar sezir. Səhv olan kimi başa düşür. Mən birinci olaraq aktyorların, yaradıcı heyətin, özümün qarşısında imtahan verirəm. Ondan sonra tamaşaçı fikri gəlir. Səmimi fikrimdir. Tamaşaçı bunu xoşlamır deyə nəsə etməmişəm. 

- Biz sizinlə dəfələrlə elə müsahibələrə görə telefon əlaqəsi saxlayanda hər dəfə səyahət planlayırdınız? Deyəsən, gəzintini sevirsiniz?

- Gəzintini sevirəm, amma mən yazığın heç istirahət etməyə vaxtı varmı ki? Siz zəng edəndə çəkilişlərlə əlaqəli məkanlarda olurduq. Daha sonra səhhətimdə yaranan bir balaca problemə görə müalicə aldım. İstirahət adını mən 2017-ci ildə 5 gün eşitmişəm. O da qardaşımın uşağının toyu idi ona görə. Vaxtımız olmur. Çünki ssenarini də özümüz yazırıq, adminstrativ işləri də özümüz həll etməliyik, üstəlik kastinqi də. 3-cü mövsümdə iki böyük, üç yeni uşaq obrazı da olacaq. Kastinqi kiməsə həvalə edə bilmərəm, təklif olunur, amma hamısı ilə bir-bir özüm görüşməliyəm. Biz heç nəyə barmaqarası baxmırıq. Yeni mövsümdə tamaşaçılar da görəcək ki, orada 2 səhnə var ki, onu çəkmək üçün biz 3 ay ardınca getdik. Biri hərbi, digəri isə ədliyyə ilə əlaqəli idi. Biri həbsxana, digəri isə hərbi xidmətdə olan bir obraz idi. 

- Rövşən bəy, böyük məmnuniyyətlə deyə bilərik ki, siz dövrümüzün ən güclü rejissor və ssenaristisiniz. Hazırki kinomuzun durumu nə yerdədir? Son illərdə çəkilən film və seriallara münasibətiniz necədir?

- İnanın ki, bir dənə seriala baxmağa vaxtım yoxdur. Baxmamışam. Mən ümumiyyətlə seriala baxan deyiləm, baxmayaraq ki, özüm serial çəkirəm. “Baharın 17 anı”, “Möhtəşəm yüzyıl” və “Poyraz Karayel” seriallarına bir az baxmışam. Yerlilərə isə baxmıram. Ona görə yox ki, bəyənmirəm, sadəcə vaxtım yoxdur. 

“EKRANDAN ÇOX EVDƏKİLƏRİN REAKSİYASINA BAXIRAM”

- Bəlkə marağınızı çəksə, izləyərsiniz?

- Mənim ən çox marağımı çəkən ailəmdir. Gecə saat 2-3- də evə gedirəm. Səhər 6-7-də qalxıram. Mən evə gedəndə də, gələndə də uşaqlar yatır. Serial ağır işdir, üstəlik, bizim serialımızın xronometrajı uzundur. Montaj rejissordan sonra özüm oturub serialı redakte edirəm. Olur ki, 1 serianın  montajına 10 saata kimi vaxt gedir. Səs hazır olandan sonra səsin üzərində də işləyirəm. Gördüyüm işə dırnaqarası yanaşsam, yəqin ki, vaxtım olar. Səthi yanaşsaydım sevilməzdi. Əgər mən diqqətlə yanaşmasaydım eyni diqqəti də tamaşaçı bizə göstərəcəydi. Evdə, ailəmlə birgə seriala baxanda ekrandan çox evdəkilərin reaksiyasına baxıram. Əgər həmin anda kimsə bir balaca telefonda başını qarışdırdısa, deməli, serialın həmin yeri boşdur. Fikrini yayındırıb. İncəsənət xırda nöqtələrdən ibarətdir.

- Necə düşünürsünüz? Rejissor, yoxsa aktyor seçimi daha uğurlu olanda ekran əsəri də peşəkar alınır?

- Federiko Fellinidən soruşurlar ki, yaxşı film çəkməkdən ötrü nə lazımdır? Deyib, 3 şey lazımdır. 1-ci ssenari lazımdır, 2-ci çox yaxşı ssenari, 3-cüsü isə həddindən artıq yaxşı ssneari. Aktyor yaxşı seçilməlidir, nə qədər yaxşı ssenari olur-olsun aktyor seçimi yanlış olsun o əsəri məhv edəcək. Ya əksinə ssenari zəif olsa, bu zaman aktyor mükəmməl olsa da ortaya bir şey çıxmayacaq. Hər ikisi uğurlu seçilsə, rejissor onun həyat xəttini düzgün təyin etməsə o yazılmış ssenari də məhv olur, aktyorun oyunu da məhv olur. Ona görə rejissor öz işinə 100 faiz məsuliyyətli yanaşmalıdır. Bu sənət sintetik sənətdir, onun elə bir mərhələsi yoxdur ki, zəif olsa qəbul edək. Çəkiləni belə düzgün montaj etmək lazımdır. O halqalardan biri düşdüsə, damino daşı kimi uçacaq. Aktyor, ssenari, montaj, işıq, səs, qrim, məkan hamısı tamamlamalıdır.  21-ci əsr tamaşaçısına kələk gəlmək mümkün deyil. Kanalı dəyişmək onun üçün heç də çətin deyil. Ya sən uğurlu çəkməlisən, ya da heç çəkmə. Bəraət nəticəni dəyişmir. Sən aktyorun qrimini belə yalnış edib tamaşaçıdan sevgi gözləyə bilmərsən axı. 

- “Vicdan Haqqı”nda, eləcə də digər ekran əsərlərində kifayət qədər istedadlı gənc aktyorlar var. Sizcə, hansının gələcəyi parlaqdır? Sirr deyilsə, ad çəkərdiniz?

- Elə “Vicdan Haqqı”da çəkilənləri bəyənirəm. Əgər bəyənməsəm, heç birini çəkməzdim. Onları arada 1-3 seriyadan bir çəkib yola verərdim. Mini rollara çəkərdim. Allah insanların hamısına istedad verib. Bəndə ondan düzgün istifadə etməlidir. İlk növbədə onun da başında zəhmət, məsuliyyət dayanır. Müəllimimin bir deyimi var idi, deyirdi ki, ruhani insan təkcə ilahiyyat elmi ilə məşğul olan adamlara deyilməməlidir. İncəsənət insanlarının hamısı ruhanidir. Çünki biz insanların ruhu ilə oynayırıq. Bəyənirəm Ülviyyə Xəlilbəyli, Murad İsmayıl, Elşad Süleyman, Kəmalə Piriyeva. Aktyorun düzgün tərəfini tapmaq lazımdır, onda onun gözəlliyini də görmək olacaq. 

“DEDİM KİM BU ADDIMI ATSA, QOVULACAQ”

- Bəs aktyor və ya aktrisa necə olmalıdır ki, Rövşən İsax onu görəndə “hə, elə axtardığım budur” deməlidir?


- Mən kastinq elan etmirəm. Mən düşürəm, qapı-qapı axtarıram. Məndən çox ekrana yeni aktyor çıxaran rejissor yoxdur. Hamı oturur ekranın qarşısında, kimi gördü seriala dəvət edir. Mən isə həmişə çəkilməyənləri axtarıram. İlk dəfə məndə çəkilsin deyə. Bu da nəticədə uğurlu alınır. Elan edəndə modellər gəlir. Mən isə heç vaxt model axtarmıram. Mənə sənətini sevən istedadlı insan lazımdır. Sadəcə olaraq görürsən ki, bir nəfər relsə düşür, bütün seriallarda onu görürük. Bu isə rejisssorların tənbəlliyinin nəticəsidir. Tamaşaçı da yorulur. Fubol deyil ki, hər dəfə 11 nəfər oynasın. Biz serialda yaxşı aktyorun adını “3-1” də qoymuşuq. Bədii filmdə aktyorun fakturası uyğun gəldisə, onun istedadında nisbətən güzəştə getmək olar, insani keyfiyyətlərində isə 90 %. Bu, serialda isə əksinədir. 1-ci insan kimi keyfiyyətli olmalıdır, çünki bu, ağır işdir. İlin 300 gününü gecə-gündüz bir yerdə çalışırsan. İnsan gərək keyfiyyətli, tərbiyəli olsun. Sözübütöv olsun, şöhrətpərəst olmasın. Ucuz hisslərin dalınca qaçmasın. Sabah küçədə kimsə onu görəndə şişməsin. İlk olaraq insanlığı, ikinci fakturası, sonra isə istedad. Mən serial üçün ilk olaraq onun istedadını soruşmuram. Bir dəfə bir aktrisanı teatrda soruşdum, dedilər ki, teatrda cəmi 2 nəfərlə danışır, mən də vazgeçdim. Onu da deyim ki, serialda öncədən iki şeyə qadağa qoyulmuşdu. Paralel serialda çəkilmək və bir də televiziyada veriliş aparmaq. Çünki aktyor sevilən kimi onu dəvət edirlər. Dedim bu addımı kim atsa, qovulacaq. Dramatik serialda bu yolverilməzdir. Bunu həm öz serialımın, həm də həmin aktyorun çəkisini qorumaq üçün edirəm. Tamaşaçı gərək gördüyünə inansın. Tamaşaçını özündən uzaqlaşdırma. Aktyor özünü adiləşdirməməlidir. Bunun ən parlaq nümunəsi Fuad Poladovdur. O, heç vaxt adiləşməyib, əlçatmazdır. Allah ona şəfa versin. Düzdür, bizim şərtlərdə bu çətindir, amma mümkün qədər qorunmalıdır.
 
- Səhv etmirəmsə, qardaş Türkiyədən də sizə serial çəkmək üçün təklif gəlmişdi.


- Mən Türkiyəyə getmişdim. Sosial şəbəkədə ailəvi şəklimi paylaşmışdım. Otelin adını da işarə etmişdim. Səhərisi gün bir pradakşından gəlib mənimlə görüşmək istədilər. Görüşdük. Sən demə, onlar “Vicdan Haqqı”na baxıblar, bəyəniblər. Onlar mənə ya bədii film, ya da serial çəkməyi dedilər. Dedim ki, “Vicdan Haqqı” bitəndən sonra onlarla əlaqə saxlayacam. 

“UCUZ HİSSLƏRİN ARDINCA QAÇMASIN, ŞİŞMƏSİN, TƏRBİYƏLİ OLSUN...”

- Sizi daha çox dram janrında olan seriallarda görürük. Bu, hardansa qaynaqlanmayıb ki? Bəlkə, tamaşaçı daha çox dramı sevir?

- Elə şey heç vaxt ola bilməz. Tamaşaçıya yaxşı nümunənini göstərmək lazımdır. Sən yaxşı komediya, faciə çək, tamaşaçı onu da sevəcək.  Mümkün deyil, janr dəbdə ola bilməz. Burada 1-ci şərt inandırıcılıqdır. Serialda güllə atmaq kimi səhnələr inandırıcı deyil, tamaşaçı ona baxanda deyir ki, gopalogiyadır. Heç kimin evində odlu silah, avtomat yoxdur. Elə mənim də. Axı bunu tamaşaçıya niyə təqdim edirsən ki? Hərə cibindən bir silah çıxarır, anlamıram bunlar Meksikadan, Kolumbiyadan danışır? Yerdə qalan şərtlərdə isə hadisə uydurmaq çətindir. Müasir Azərbaycan cəmiyyətindən yazmaq isə olduqca çətindir. Boşluq edəcəksən, tamaşaçı bezəcək. Uydurma edəcəksən, sənə inanmayacaqlar. Niyə məhz dram çəkdiyimi bilmirəm. Həmişə demişəm, yaxşı komediya ssenarisi olsa böyük məmnuniyyətlə çəkərəm. Düzdür, indi ucuz gülüşdən ibarət seriallar var, amma komediya janrı kiməsə asan gəlməsin. İstərəm ki, kimsə hadisə komediyası yazsın. Çayxana zarafatı ekran əsərinin zövqü ola bilməz.

- Amma tamaşaçı onlara da gülür. Bəlkə zövq dəyişib?

- Tamaşaçı həmişə haqlıdır. Sən tamaşaçıya bayağı komediyanın qarşılığında daha yaxşısını çıxart, təbii ki, onu seçəcək. Çünki alternativ yoxdur. Bəlkə də dramı sevirəm, ona görə çəkirəm. 

- Bəlkə hesab edirsiniz ki, ailə dramı ilə tamaşaçı nəbzini daha yaxşı tutmaq olar?

- Bəli, o bizim mentalımıza daha yaxındır. Millət olaraq ailəcanlıyıq. Bizdə ailə kodeksi müqəddəsdir. Yazılmamış qanunları var, ailəyə bağlı millətik. Təbii ki, bu da göstəricidir. Yəqin ki, efir vasitəsilə məni eşidən olacaq. Kimdə yaxşı komediya ssenarisi varsa, mütləq işləyərəm. 

- Bəs sizi necə, hansısa bir serialda baş qəhrəman olaraq görə bilərikmi, yoxsa təkcə rejissorluqla kifayətlənəcəksiniz?

- Vallah, kim dəvət etsə, sevə-sevə çəkilərəm. Amma ssneari və rejissora öncə baxaram ki, görəsən məni biabır etməyəcək? Keyfiyyətli bir iş olsa, qolumu çirmələyib, günü bu gün çəkilərəm (gülür). 

- “GƏRƏK İMRANI ÖLDÜRƏRDİK, ONDA...”

- “Vicdan Haqqı” serialından bir qədər də danışaq. Kəmalə Müzəffər, Dilarə obrazı serialdan uzaqlaşdı. Səhv etmirəmsə, incik də düşmüşdü. Tamaşaçılar arasında “Azərbaycan qadınını rus qadınının ayağına vermək” kimi mənfi fikirlər də yaranmışdı....

- Dilarə obrazı qayıdacaq, onu başqa bir aktrisa ifa edəcək. Dəfələrlə demişəm, bu barədə danışmaq istəmirəm. Bu, bizim özümüzə aid məsələdir. O, xanım serialdan uzaqlaşdırıldı. O, hansı məqamdır ki, orada rus qadını üstün olub? Şərhlər məndən ötrü kriteriya ola bilməz. Tamaşaçı deyir ki, mənfi obraz olan İmran ölsün. Amma anlamırlar ki, İmran ölsə, hadisələr necə cərəyan edəcək? İmran aktyor kimi sevildi, obraz kimi sevilmədi. İmranın nəyini sevəsən, şeytana papış tikir. Aktyorun şəxsiyyəti ilə obrazı qarışdırmaq olmaz. Tamaşaçı fikrinə əsaslansaydıq, gərək İmranı çoxdan öldürərdik. İmran ölsə, serialın marağı itər. Daha sonra, su meymunun boğazına çıxanda, balasını ayağının altına alar. Su bura çıxanda, Dilarə obrazını qovaram da, itirərəm də və s. Çünki başqa variantım da yoxdur. Bizdə ssenari günbəgün yazılır. Dilarənin itməyi və tapılması aylarla deyil, 2 həftə çəkdi. Bu, efirdə uzun çəkir. Təbii ki, həmin vaxt ərzində bəlli bir hadisələr yaşanmalıdır. Bütün rollar sona kimi oynanmalı idi. Dəyişikliyi məcburiyyət qarşısında qalıb etdim. Yeganə Kamil obrazı, Elxan Yunis idi ki, öncədən bilirdim ki, o sona kimi qalacaq. Dəyişikliyi kefimdən etmədim. Mən azərbaycan qadınını rus qadının ayağına verməmişəm. Ona qalsa, aktyorların haqqında o qədər mənfi fikirlər yazırlar ki, bu kriteriya deyil. Dilarə Larisaya sillə vurdu, Kamil də, övladları da nəsə demədi. Bəs alçaltmaq nəyə əsaslanıb deyilib? Mən harada dayandığımı özüm bilirəm, həyati kriteriyalarım var. Mənim yazdığımı hamı qəbul edə bilməz axı. Hamının dediyi ilə oturub-dursam serial mənasız olar. 

- 3 sevilən serial çəkdiniz. Daha çox “Vicdan Haqqı” sevildi. Elə bir serial ola bilərmi ki, bunu da kölgədə qoysun?

- Əlbəttə. “Vicdan Haqqı” nədi ki? Hər serialdan nəsə öyrənirik. Əgər 4-cü serialım “Vicdan Haqqı”dan yaxşı olmayacaqsa, mən onu niyə çəkirəm. Hər dəfə daha mükəmməlini etmək istəyirəm. Nə qədər ki, nəfəsim var, bu, mənim həyat prinsipimdir. Bəxtiyar Vahabzadənin gözəl bir şeri var, deyir, mən atamı ötmüşəm, məni ötür övladım, bu, belə də olmalı, axı dünya fırlanır. Dünya fırlanırsa, gərək inkişaf edək. 

- Bəs iki qadın arasında qalmaq çətin deyil ki? Bunu bir rejissor olaraq yaratmışdınız...

- (Gülür). Allah onu heç bir kişiyə göstərməsin. Kamilin nələr çəkdiyini tamaşaçılar görür. Hətta bu serialdan sonra həyatda iki ailəsi olan insanlarla da tanış olmuşuq. Çox çətin şeydir. Belə bir həyat yaşamağı kimsəyə arzulamıram. 

“YALNIZ BİR NƏFƏRİ SEVMİŞƏM”

- Özünüz necə gəncliyinizdə belə çətinliklə üz-üzə qalmısınız?

- Yox, qətiyyən məndə elə bir şey olmayıb. Mən sevəndə kişi kimi sevmişəm bircə nəfəri (gülür). Mən eyni vaxtda iki adamı sevə bilmərəm, ürəyim çoxşaxəli deyil. 

- Qarşıda serialla bağlı tamaşaçıları nələr gözləyir? Bəlkə bir ipucu verəsiniz? 

- Tamam gözlənilməz hadisələr olacaq. Amma hadisələrin heç biri həqiqətdən yan keçməyib. Məntiqə və həqiqətə söykənib. Çalışırıq ki, 3-cü mövsüm daha yaxşı olsun. Tamaşaçıların etimadı və inamını doğrultmağa çalışacayıq. Hər bir tamaşaçıya öz dərin təşəkkürümüzü bildiririk.

- Rövşən bəy, Azərbaycanda serialların baxılmadığı bir dönəmdə siz kifayət qədər tamaşaçını ekran başına toplaya bildiniz. Bu yaxınlarda 47 yaşınız oldu. Bir daha təbrik edirik. Bu illər ərzində, qorxuğunuz, itirdiyiniz anlar çoxmu oldu?

- Ömür gedir, yaş artır, təbii ki, canımda 10 il öncəki enerji yoxdur. Qolumu qaldırıb oynayanda bunu hiss edirəm. İllər saçımı, enerjimi aldı. Amma əvəzində də çox şeylər verdi. Bu, heç müqayisəyə gəlməz. Ailə, övlad, dost, hörmət qazandım. Düşünəndə ki, millətimin mədəniyyətinə iynənin ucu qədər də olsa xeyrim olur, inanın ki, uçmağa qanadım olmur. Bütün bunları illər verdi. Məndən aldıqları isə hamının başına gəlir. Şükür Allaha, həyatımdan, sənətimdən, qismətimdən narazı deyiləm. Mən şükran adamam. 

“LARİSA DİLARƏYƏ QALİB GƏLƏ BİLMƏZ”

- Hər şeyin sonu var, bəs “Vicdan Haqqı”nın sonu nə zaman gözlənilir?

- Bunu öncədən deyə bilərəm. Ola bilər ki, 3-cü mövsümdə deyə bilərik ki, serialı 4-cü mövsümdə də davam etdirək. Və ya mövzunun tükəndiyini görə bilərik. Tamaşaçıların ümidlərini yerindən oynatmaq istəmirəm. Heç mən serialın sonunun necə bitəcəyini bilə bilmərəm. 

- Larisa Dilarəyə qalib gələ bilər?

- Yox, bu mümkün deyil. Amma Dilarə də məğlub ola bilməz. Larisa da məğlub ola bilməz. Kamil də hər ikisini seçib xoşbəxt ola bilməz. Həyat şərtləri də bunu göstərir. Hansısa ehtimalı desəm, yalançı olaram. Hətta 3-cü mövsümdə tamaşaçıların çox yaxşı tanıdığı bir ssenarist də bizə qoşulacaq. Bu, tamaşaçılara sirr qalsın. 

- Ümid edirik ki, daim seviləcək, uğurlu alınacaq. Biz də müsahibəmizin sonuna gəldik. “SorğuMUZ”un bugünkü qonağı olduğunuz üçün sizə dərin təşəkkürümü bildirirəm. Buyurun, Muz TV-yə sözünüz?

- Əvvala, sizə təşəkkür edirəm, 3 ay səbrinizi basıb gözlədiyiniz üçün. Nəhayət ki, vaxt tapıldı. Qismət bugünə imiş. Hər kəsə bütün yaradıcı heyətə minnətdaram. 

Lamiyə BALACAYEVA

Fotolar: Elkin ƏSGƏROV

Video: Elfaq LƏLƏYEV

Montaj: Elkin ƏSGƏROV


 

















































3467 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Oktyabr






































16 Oktyabr