Müğənni-rəqqasə qalmaqalı səngimir 
Röya Ayxanın yeni fotosessiyası
Anar Məmmədxanov məzarında anıldı - foto
Əməkdar Artist Alanyada fotossessiya etdirdi 

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Ayaz Qasımov:  “Sevdiyim halda, ürəyim yansa da, susmalıyam” – fotolar

08-09-2017


“MƏNİM OLAN SONUNA KİMİ MƏNƏ MƏXSUS OLMALIDIR”

Muz Tv Azərbaycan Kanalı və Muztv.az saytında yayımlanan “SorğuMUZ” layihəsinin budəfəki qonağı sevilən müğənni Ayaz Qasımovdur.

- Ayaz, xoş gördük.

- Xoş gördük, Lamiyə xanım, hər kəsi ürəkdən salamlayıram.

- Ayaz, artıq yay bitmək üzrədir, istirahət edə bildinmi? Necə keçdi istirahətin?

- Ötən illərə nisbətən bu il daha çox istirahət etdim. Bununla yanaşı, yaradıcı fəaliyyətimi də dayandırmadım. Yeni mahnılar üzərində çalışdım, hazırda studiyada yeni mahnılarımız hazır vəziyyətdədir. Sentyabrın sonlarına kimi tamaşaçılara təqdim etməyi düşünürəm.

- Tamaşaçıların səndən klip gözləyə bilər?

- Klip gözlənilmir, səbəb də odur ki, bu gün klip artıq gündəmdə deyil. Sosial şəbəkələr kifayət qədər aktivdir, yüksək səviyyədədir. Bilirsiniz ki, klipin ərsəyə gəlməsi müəyyən məbləğ tələb edir ki, bunu da bu gün heç kim etmir. Ehtiyac görmürlər. Tamaşaçıları təbii çəkilişlər, musiqi nömrələri daha çox cəlb edir. Yalan deməyəcəm, klip planımda yoxdur. Sənətçinin royal arxasında və ya gitara ilə hansısa mahnı ifa etməsi daha çox sevilə bilir. Süjet xətti olan kliplər keçmişdə qaldı, bu gün onlara tələbat yoxdur. Bunu daha çox sənətə yeni gəlmiş ifaçılar edir, tanıtım üçün bu onlara lazımdır. Mən isə özümə ehtiyac görmürəm.

- Sirr deyilsə, istirahətinə nə qədər pul xərcləyirsən? Hansı ölkələrdə istirahət etmək ən böyük arzundur?

- Daha çox Avropa ölkələrində istirahət etmək, gəzmək  istəyirəm. İstirahət mənim üçün bütün günü çimərlikdə, hovuzda üzmək və gündə 3 dəfə qidalanmaq demək deyil. Bu mənim üçün bəsit bir haldır. O cür yorucu həyat uzağı 3 gün davam edə bilər, insan bezəcək. Maraqlı olmur. Mənim üçün gəzinti maraqlıdır. O zaman dincəlirəm.

“HARA GEDİRƏMSƏ, AZƏRBAYCANLI OLDUĞUMU UNUTMURAM”

- Bu yay hansı ölkələrdə oldun?

- Bu yay Türkiyədə oldum. Amma builki gəzintimi Avropa ilə başladım. Fransadan başlayaraq düz Berlinə kimi, Belçika, Hollandiya onların şəhərini gəzə-gəzə vaxt keçirdim. Bu mənim üçün əsl istirahət idi. Bütün bunlar yay başlamadan öncə idi, yayda isə Bodruma üz tutdum. Ən çox dincəldiyim vaxt İstanbul şəhərində baş tutdu. Həm İstanbul şəhərini çox sevirəm, həm də bu dəfə tam fərqli gəzintilər etdim. Asiya tərəfdə getmədiyim tarixi yerlərə, adalara yollandım. Bodrumda uzağı 4-5 gün qala bilərsən. Amma İstanbulda 12 gün oldum, elə mənim üçün də əsl istirahət o oldu. Düşünürəm ki, daha cəlbedici istirahət gəzintidir. Allah izin versin, oktyabr ayından istirahətimə davam etmək istəyirəm.

- Hansı ölkələrdə olmaq arzundur? Bəs nə qədər xərcin çıxıb istirahətlərinə?

- Çox yerlərdə olmuşam. Arzularımın ikisini yerinə yetirmişəm, artıq adama adi gəlir. Allah deyən olsun. “Youtube”dan şəhərləri videogəzinti edib, məlumat toplayıram, diqqətimi cəlb edənlərlə maraqlanıram. Elə bir maraq qalmayıb o qədər də. Çünki daha yaxşılarına getmişəm. Amerikada olmuşam, Kaliforniya ştatı, İspaniyanın Barselona, Madrid şəhərləri, Fransa, Almaniya, İtaliyanı gəzmişəm deyə, o qədər böyük arzuladığım ölkə qalmayıb. Deyirlər Nyu-York maraqlıdır, amma mən videotura baxıb bəyənmədim, istədiyimi orada tapa bilmədim. Nyu-Yorkun göydələnləri gözəldir. Meksikanın Texas ştatında olmaq istəyərdim, amma deyirlər, yağış-boran oldu, mən də təxirə salmalı oldum (gülür). Gəzmək üçün Amerika, Rusiya çox fərqlidir. Belarusiyanı neçə dəfə gəzsəm də, hər dəfə kəşf edirəm, növbəti səfərimi oraya planlayıram. O ki, qaldı istirahətimə çəkilən xərcə ayağımı yorğanıma görə uzadıram. Gücüm nəyə çatır, onu da edirəm. O bəzi adamlar var, deyirlər bu gün Nyu-Yorka getməliyəm və orada 20 min xərcləməliyəm, Onları yalnış hesab edirəm. Hərdən yazırlar, deyirlər ki, müğənnilər istirahətlərinə bu qədər pul xərclədi. Vallah, sıravi vətəndaşlar bizdən daha çox gəzib, pul xərcləyirlər. Bizim o qədər vaxtımız olmur ki, gəzək. Həyatın marağı gəzməkdədir. Elmi bazan da inkişaf edir, dünyagörüşün artır, digər mədəniyyətlər də öyrənirsən. Çalışasan ki, mental dəyərlərini qoruyub saxlaya biləsən. Hara gedirəmsə, azərbaycanlı olduğumu unutmuram. 

- Tamaşaçını nə bezdirə bilər?

- Səhnədəsənsə, nə qədər yorğun da olsan, bunu tamaşaçıya ötürməli deyilsən, ona pozitiv enerjini verməlisən. Tamaşaçını maraqlandırmır ki, bu gün sənin əhvalın necədir? Onlar nə bilsin, mən hansı yoğunluğu çəkmişəm? Ekran arxasında olsa da, səmimiyyət hiss olunur.

- Bir qədər qayıdaq keçmişə, 2004-cü ilə. Ayazı tanıdan “Azəri Star” yarışmasına. Ayaz öz özərində daim çalışırdı, sevilən 3 iştirakçıdan biri idi. Səhv etmirəmsə, mərhum sənətkar İlhamə Quliyevanın da sənə kifayət qədər dəstəyi olmuşdu...

- O illərə qayıdanda yaxşı mənada yüklənirəm. O zamanlar çox çətin, keşməkeşli idi. Məsuliyyətim çox idi, təbii ki, məsuliyyət hər zaman var, azalmır ki, artır. Səhnə yeni başlayan adam üçün çox çətin olur. Həyat səhnənin tozunu udmuş sənətkarlar üçün bir az asandır. Onlar nəyi necə etməyi daha gözəl bilirlər. Milli Konservatoriyada təhsil aldığım dönəmlər idi, müsabiqə başladı, birdən-birə peşəkar səhnəyə atıldım. 18 yaşım var, tələbəyəm, tamaşaçı sevgisi görürdüm, qəribə gəlirdi. Mənim üçün sadəcə qürür idi, xoşbəxtlik idi. Kənardan asan görünürdü, amma səhv etməmək üçün çoxlu məşq edirdim, hər kəliməmə fikir verirdim. Həyəcan imkan vermirdi. Amma doğrudan da böyük keçid idi. İlhamə Quliyeva, Faiq Sücəddinov, Səyavuş Kərimi, Nisə Qasımova kimi sənətkarların qarşısında oxumaq. Mən səhnəyə o sənətkarların xeyir-duaları ilə gəlmişəm. Dəstək bu şəkildə olub. Hesab edirəm ki, Ayaz da o fürsətləri, dəyərləri yaxşı qiymətləndirdi. Bu hər adama nəsib olmur. İlhamə Quliyeva gənc ifaçılara dəstək olurdu. Hər şey mənim məsuliyyətimi artırırdı, daha da yaxşı oxumalıyam prinsipi yarandı. Müsabiqədə favorit olan mən, Elton Hüseynəliyev, Nurlan Növrəsli o rəqabəti daha da gücləndirdik. Hər gün royal arxasında məşq edirdim. 15 yaşımdan musiqidə çalışıram, həyatımı qurmağa başladım. Allah heç kimin əziyyətini yerdə qoymur. Alın təri boşuna xərclənmir. Şans verilən insanın da tamaşaçını toplamaq üçün aurası açıq olmalıdır. Səhnə şarm tələb edir. Kimsəyə pislik, paxıllıq etmədim, auramı dəyişmədim, qəlbim necədirsə, simam da elədir. Ona görə də qəbul olundum, sevildim. İnsanlığımı itirmədim, bu da mənim irəli getməyimə zəmin yarandı. Bu gün çox ifaçı var, əgər Ayaz yada düşürsə, bu məni xoşbəxt edir. Allahım mənə gec verib, daim öyrənmək istəyirəm.

“TAMAŞAÇI SƏNİ O ZAMAN SEVİR Kİ, SƏNİN ÖZÜNƏ HÖRMƏTİN VAR”

- Kişi həmkarlarının imic dəyişkənliyinə necə baxırsan? Saç rəngləmək, sırğa taxmaq?

- Yaxşı baxmıram, əgər məndə hər hansı bir o dediyiniz detallar yoxdursa, deməli, o tərzi bəyənmirəm. Ad çəkmək istəmirəm, kim nə edir, özü bilər. Hər kəsin fərqli baxış bucağı var. Yəqin o adam özünü elə rahat hiss edir. Amma mən özümü elə narahat hiss edərəm.

- Hesab edirsən ki, bununla tamaşaçını itirə bilərsən?

- Bu tamaşaçı itirmək qorxusu deyil, o, axırda gəlir. Tamaşaçı səni o halda sevir ki, sənin özünə hörmətin var. Çünki özüm də tamaşaçıyam. Əgər bu rahatlıqdırsa, onda kim necə gəldi çıxsın efirə, olmaz bu. Efirin öz qaydaları var, hər şeyin həddi var. Çərçivədən kənara çıxmaq tamaşaçını heç də sevindirə bilməyəcək, xoş olmayacaq. Ümumiyyətlə, insanın özünün özünə hörməti olmalıdır. Efirdəyiksə, ədəbli davranmalıyıq. Oturuşumuza, geyimimizə fikir verməliyik. Çünki kimlərsə də bizdən örnək alırlar. O zamanın sənətkarları heç şəxsi həyatlarını da gündəmə gətirməzlər. Mənim fikrimi bilmək istəyirsinizsə, saç rəngləmək, sırğa taxmağa yaxşı baxmıram. Bundan kimsə inciyə bilməz, incisə də özü bilər. İstəmirəm, etmirəm, etmərəm, bəyənmirəm və edənlərə də o qədər də yaxşı baxmıram.

- Ayaz nə dərəcədə qısqancdır?

- Hədsiz qısqanc bir insanam. Təbii ki, qısqanclığın içərisində sevgi var. Sən bir adamı sevmirsənsə, onu necə qısqana bilərsən? Mənim baxış bucağım başqadır. Uşaqlıqdan beləyəm, mənim olan sonuna kimi mənə də məxsus olmalıdır (gülür). İnsan psixologiyasıdır, hansısa bir əşyama qarşı da beləyəm. Amma elə şeylər var ki, dərinə getmirəm. qısqanclıq olmasa, həyat da olmaz. Sənin sözün keçməlidir və ən əsası qarşı tərəfdən də sənə qarşı qısqanclıq olmalıdır. Mən də ona maraqlı olmalıyam. Düzdür, bu gün çox insana maraqlıyam, amma mənə maraqlı olan insana maraqlı olmalıyam.

- Ayazı tez bir zamanda nə özündən çıxara bilər?

- Məntiqsiz bir söz, yalan danışmaq, yalan vəd məni özümdən çıxara bilər.

- O, hansı keyfiyyətindir, bacarığındır ki, sevənlərinin ondan xəbəri yoxdur?

- Mən idmançı olmuşam, sonra musiqiçi. Taekvando üzrə məşğul oldum, əlim də çox ağırdır (gülür). Karate ilə də məşğul olmuşam, qaydaları hələ də yadımdadır. Həyatdı da yaşayırıq. Özünümüdafiə üçün lazımdır. Bəs sənin vuran əlin olmalıdır. (gülür). İstənilən halda qarşına bir maneə çıxa bilər. Amma bildiyimdən heç zaman sui-istifadə etməmişəm, karate müəllimim də hər zaman bunu tapşırardı, hətta sarı kəmərə kimi yüksəlmişdim. Davakar da olmuşam, musiqiyə gəlməyim, sadəcə qismət idi. Daha sonra özüm üçün mini klip çəkə bilirəm, aranjiman edə bilirəm. 

“SAÇIMI SARALTSAM, TAMAŞAÇI BUNA NƏ DEYƏR?”
 
- Ayaz sevənlərinin toyuna dəvət olunduğu zaman maddi baxımdan güzəştə gedirmi?

- Həmişə güzəştə getmişəm. Bizi qaldıran bu xalqdır. Niyə biz onlara baha qiymət deməliyik ki? Olub ki, imkanı çatmayıb, gedib toyunda təmənnasız oxumuşam. Bu da mənim ürəyimdən gəlir. Bəzən elə sevgi görürəm ki, inanın ki, o puldan da qat-qat artıqdır. 13-14 il ərzində dəfələrlə rastlaşmışam. Ruzini verən Allahdır. Mən özümü hörmətdən salmağa, tənbəllik etməyə haqqım yoxdur. Mənim pis olmağa haqqım yoxdur. İnsan uzaqgörən olmalıdır. İctimai qınaqla razıyam. O, insanı hər zaman formada saxlayır. Saçım saraltsam tamaşaçı nə deyər buna? İnsan ilk olaraq özünə tənqidi yanaşmalıdır. Çərçivədən çıxmalı deyilsən, bununla hər zaman hörmət də qazanacaqsan.

- Ayaz bir zamanlar bəstəkar-müğənni Murad Ariflə türkiyəli müğənni Mirkelamın “Tavla” mahnısına görə kiçik bir konflikt yaranmışdı. O mahnını sən də ifa etmək istəyirdin. Muradla münasibətin necədir indi?

- Biz dostuq Muradla. Onunla münasibətim o qədər dərindir ki, iş fəaliyyətini bir kənara qoyum, Muradla biz qardaşıq demək olar. İllərlə onunla bir yerdə işlədik, çörək kəsdik. Murad mənim prodüserim olub, hər zaman doğru yolu göstərib. Mən bütün bunları inkar edə bilmərəm. Bu qədər dostluğun, insanlığın qarşısında o söz-söhbət çox cılızdır. O, məsələni şişirtdilər. Hər şey əladır. 

- Ayazın özündə görmək istədiyi amma iradəsinə güc gələ bilmədiyi keyfiyyəti hansıdır?

- Böyük şairimiz Bəxtiyar Vahabzadənin belə bir sözü var idi. Deyirdi ki, çox kitablar oxudum zənn elədim Bəxtiyaram. İnsan nə qədər görsə də, oxusa da, daim bu missiyasına davam edir. Əlbəttə ki, çox şeyləri bilmək lazımdır, bildikcə insan daha da kübarlaşır, mədəniləşir. Daim öyrənmək istəyirəm, daxilən zəngin olmaq istəyirəm. Maddi zənginlik məni çəkmir. Bunu xoşbəxlik hesab etmirəm. Mənə görə hər şey pulla ölçülmür.

- Özündən razısan? Olduğun yerdən necə?

- Bir ondan razıyam ki, özümdən  narazıyam (gülür). Həmişə özümdən narazıyam, hər zaman da tənqidi yanaşıram. Mənəvi zəngin olmaq istəyirəm. Hər şey qədərində gözəldir, o zaman maraqlı olur. Allaha dua edirəm ki, mənə heç vaxt istəmədiyim bir şeyi nəsib etməsin. Nə az verib axtartmasın, nə də çox verib azdırmasın. Allah sevgisi qəlbimdə olsun, dünyanı dərk edim, bunlar bəsdir. İndi xoşbəxtəm, iki övladım böyüyür, onların gələcəyi ilə maraqlanıram, gözəl tərbiyə ilə yanaşı yaxşı təhsil də vermək istəyirəm. Təhsil tərbiyənin yarısıdır. Vətənə, cəmiyyətə yararlı övlad böyütmək istəyirəm. Pis hadisələr savadsızlıqdan, cahillikdən yaranır.

- Hər şeyin qədərindən danışmışkən yayda qədərində qidalanırsan? Artıq çəki almaq qorxun yoxdur ki?

- Artıq çəki qorxusu həmişə var. Adam var ki, 45 kilo çəkisi var, gün ərzində nə qədər yesə də, kökəlmir. Mən əslində çox az yeyirəm, amma köklüyə meylliyəm. Hərəkətsizlik də ağırlıq yaradır. Qədərində yeyirəm, amma kökəlirəm. Bu bizim nəsildə genetikdir. 18 yaşımda səhnəyə gəlmişəm, bəlkə də kimsə üçün kökəm, amma elə deyil. Mən onların gözünün qarşısında böyümüşəm. İnsanların gözünün qarşısında dəyişdim. Amma təbii ki, artıq çəki var. Əvvəllər 55-60 kilo idimsə, indi 90 kiloyam. Bu səhnə üçün az deyil, üstəlik efir də 8 kilo dolu göstərir. Məndə tamaşaçını itirmək kimi bir qorxunu yarada bilməz. Belə bir misal var, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar. Ağlımda bir şey yoxdursa, maneken də olsam, xeyri yoxdur. Sevənlərim də öncə ağlıma görə hörmət etsinlər. 

“MƏNİ SEVMƏYƏN İNSANA SEVGİMİ BİLDİRMƏRƏM” 

- Ayaz, necə hesab edirsən, istənilən insana sevgi etiraf etmək, yoxsa sevmədiyin birindən sevgi etirafı eşitmək daha asan və ya çətindir? Rastlaşmısan belə vəziyyətlərlə?

- Hər ikisini qəbul etmək olar. Baxır o insanın xarakterinə. Mən heç vaxt məni sevməyən insana sevgimi bildirmərəm. Səni sevəni zəhər belə olsa, udmalısan, sevməyəni bal belə olsa atmalısan. Əgər qarşındakı insan səni sevmirsə, dəyər vermirsə, onunla heç dostluq etməyə də dəyməz. Həyatda hər şey qarşılıqlıdır. Mən qarşılıqsız sevgi görsəm, niyə bunu ona etiraf etməliyəm ki? Sevdiyim halda, ürəyim yansa da, susmalıyam. Bunu mənə zaman öyrədib, amma əvəldən də eqolarımdan biri idi. Bu əsla özündən razılıq deyil. Bu özünə hörmətdir. 21-ci əsrdə yaşayırıq, indi “Leyli və Məcnun” sevgisi hanı? Məcnunun gününə düşmərəm (gülür). O dövr deyil. İstəmirsən, istəmə, bax da, başqaları yalvarır (gülür). Yox əgər o sevgi mənə qarşıdırsa, onu tez bir zamanda qaytarıram. Mən insanı xarakterinə görə seçirəm, sevirəm. İlk  olaraq yaradılanı yaradandan ötrü sevirəm. Kimsəyə yuxarıdan aşağı baxmıram, bu, ağılsızlıqdır. Onsuz da gedəcəyimiz yer eynidir. Fərq etməz ki bu gün villada, ya da kasıb bir yerdə yaşayıram. Bir işi sevgi ilə etmək lazımdır, hər əməlimiz bizimlə bərabər gedəcək. Getməyə hər an hazır olmaq lazımdır. Yaxşı əməlli ol ki, insanlar ardınca dua etsinlər.

- Ayazın 33 yaşda ən böyük istəyi nədir?

- Bu sadaladığım keyfiyyətləri Allahın izni ilə həyata keçirtmək istəyirəm. Hər zaman doğru yolda olmaq istəyirəm, sənətimdə də daim irəli getmək, davam etməyi arzulayıram. Öncə isə can sağlığı diləyirəm. Allah şans versin. Əsas hər şeyi ondan istəyək.

- Ayaz bugünkü müsahibimiz olduğun üçün sənə təşəkkür edirik, səmimi idin. Muz Tv-yə sözün?

- Muz Tv bizim seçilən, fərqlənən telekanallarımızdandır. Ona görə də sizə, kollektivinizə minnətdaram. Başda isə sənə Lamiyə. Biz illərdir ki, dostuq, hörmətim sonsuzdur. 

Lamiyə BALACAYEVA
Fotolar: Emin MƏMMƏDOV, Elfaq LƏLƏYEV
Video: Elfaq LƏLƏYEV
Montaj: Elkin ƏSGƏROV


 



























594 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 İyul














20 İyul