Türkiyəli modellər Bakıya gəlirlər
Sağalan Namiq konsertə hazırlaşır
Elçin bunu ilk dəfə etdi – foto
“Eurovision-2018” üçün mahnımız İngiltərədə hazırlanır

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Əhməd Mustafayev: “Onu sevməsəydim belə gözəl mahnıları yaza bilməzdim”- fotolar

07-07-2017


“ALINMAYACAQSA, NİYƏ 200 MİNƏ ÖZÜMÜ BİABIR EDİM Kİ?”

Muz  TV Azərbaycan kanalı və muztv.az saytında yayımlanan “SorğuMUZ” layihəsinin budəfəki qonağı müğənni, gitara ifaçısı Əhməd Mustafayevdir.

- Əhməd, xoş gördük, pozitiv biri olduğun üçün ümid edirik ki, söhbətimiz də maraqlı və şən keçəcək. 

- Şübhəniz olmasın, mən də hər kəsi salamlayıram, inanıram ki, maraqlı söhbətimiz olacaq, maraqlı suallarınızı gözləyirəm.

- İşlər necə gedir Əhməd? Yay olduğu üçün artıq bir çox sənətçilərimiz istirahət edir, sən nə planlayırsan?

- Şükürlər olsun ki, hər şey yolunda gedir, sadəcə işlər çox olduğuna görə hələ ki, istirahətə vaxt ayıra bilmirəm. İnşallah ki, istirahətimi gələn aylara planlaşdırıram. İndi elə işlərim var ki, düşünürəm ki, onları yarımçıq saxlamaq düzgün olmaz, tamamlayım sonra istirahət edərəm.

- Qarşıda sevənlərini nə kimi yeniliklər gözləyir?

- Yay üçün planlaşdırılmış bir çox işlərimi, yeni fotosessiyamı, eləcə də “Sərinə-sərinə” adlı yeni mahnımı təqdim etdim. Ərəb musiqisidir, sözləri isə Faiq Erola məxsusdur, hazırda radiolarda da səslənir, “Youtube” səhifəmdə də var. Mahnı yayda sərinləmək istəyənlərə bir ismarışdır. Mahnıya qulaq asanlar da həmin an sərinlədiklərini deyirlər. Bir qədər “ağ-qara” geyimdə olduğum yeni fotosessiyam qalmaqallı oldu. Məlumdur ki, yenilik asanlıqla qəbul olunmur. Hətta həmin şəkli paylaşan kimi birmənalı qarşılanmadı, izləyicilərim məni Elza Seyidcahanın oğlan versiyasına bənzətdilər. Elza xanıma böyük hörmətim var, amma təkrarlamaq kimi niyyətimiz olmayıb. Dərinə getsək hamımız, elə Elza xanım da dünya şou-biznesindən bəhrələnir, nələrsə öyrənir. Ağ-qara, mənfi-müsbət, kişi-qadın, pozitiv-neqativ kimi mənalara yozula bilər. Kim nə deyir-desin, hər kəsin bir ağ-qara dünyası var.

“QARŞIMA ŞƏRT QOYDUM Kİ, VAXT GƏLƏCƏK MƏN HAMINIZI KEÇƏCƏYƏM”

- Azərbaycanda bir çox müsabiqələr istedadlar üzə çıxardı. Müsabiqənin bir çox iştirakçıları elə tərk etdikləri kimi də geridə qaldılar, amma Əhməd daim öz üzərində çalışdı və sübut etdi ki, onun yolu heç də təsadüfi deyilmiş. Əhməd digərlərindən nə ilə seçildi?

- Universitet illərindən aşıq sənətini bitirmişəm, müəllimim aşıq Əhliman olub. Aşıq sənətində olmağıma baxmayaraq, digər musiqi alətlərinə də marağım olub. Hər zaman içimdə o, yazıb-yaratmaq həvəsi var idi və fikirləşirdim ki, fortopianoda uğurlu olaram, məşğul olmağa başlasam da, özümü gitarada tapdım. Hiss edirəm ki, gitara ilə ürəyimdə olanları daha rahat ifadə edə bilirəm. “Yeni ulduz” müsabiqəsindən başladım və elə ilk həftədən də sevilməyə başladım. Bunun niyə baş verdiyini öncələr dərk etməsəm də, indi həmin kadrlara baxıram, özüm üçün müqayisə edəndə çoxlarının səsinin biri-birinə bənzədiyini, eyni tərzdə olduqlarını duyuram. Qərara gəldim ki, seçilməsəydim ikinci yerə kimi gəlməzdim, eləcə də bu gün davam etməzdim. Amma çox iddialıydım. İkinci olmağımı hələ də qəbul etmirəm, qarşıma məqsəd qoydum ki, mən 1-ci olmağa layiqəm. Bunu sübut etmək üçün bugünün özündə də çalışıram, qarşıma şərt qoydum ki, vaxt gələcək mən hamınızı keçəcəyəm. Yaxşı ki, o uşaqlıq mübarizəsini  o zamanlar içimdə yarada bildim, heç həvəsdən düşmədim. Uduzmağı qəbul edirəm, amma uduzub həvəsdən düşmürəm. Öz üzərimdə o qədər işləyirəm ki, bir zamanlar təsdiq edim ki, mən uduzmamalıydım.

- Əhmədin başqa bir sənəti də onun gitarada ifa etməsidir. Maraqlıdır, hansından daha çox gəlir əldə edirsən? Özünü gitaradan ayrı təsvir edə bilərsənmi?

- Elə olur ki, bütün toy məclisini idarə edirəm, müəyyən məqamlar olur ki, gitarasız da ifa edirəm. O bəy-gəlinin rəqsi kimi romantik anlarda artıq gitara işə düşür (gülür). Ətlə dırnaq deyilən bir şey var, bu gün mən özümü gitaradan ayrı təsəvvür edə bilmirəm. Onsuz da ifaçı kimi varam, sadəcə müəyyən əskik tərəflərim var ki, onun da ən böyüyünü gitara tamamlayır. Hesab edirəm ki, gitara ilə səhnədə performans yarada bilirəm. İndiyə kimi yazdığım bütün mahnılar gitaranın qrifinindən çıxıb. 3-4 harmoniya məni təbə gətirib, sanki məni alıb başqa bir dünyaya aparıb. İlham pəriləri gəlir və yazıb-yaratmağa başlayırsan. Gitara mənim vizit kartımdır, onsuz mahnı yaratmaq mənə çətin olar.

- “Yeni ulduz”dan sonra “Dostlar” qrupu ilə yola davam etdin, hazırda isə solo ifaçısan. Hesab edirsənmi ki, o qrup səni daha çox tanıtdı? Peşman deyilsən ki?

-“Dostlar” qrupu qısa bir zamanda Azərbaycanda inqilab etdi, hansı ki, tez bir zamanda populyarlaşdı. İfalarımız, imicimiz seçilirdi, bu reallığı danmaq olmaz. Qrupda 3 nəfər olsaq da, bir solist kimi hər yerdə məsuliyyət daha çox mənim üzərimə düşürdü. Öndə olduğum üçün inqilab edən bir qrupda mənim tanınmağım normal hal idi. İnşallah yaxın zamanlarda da elə bir inqilab gözlənilir, hansı ki mən orada da öndə olacam. Mən sırf olaraq qrupun hesabına məşhur olduğumu düşünmürəm, “Qrup” qrup halında qəşənq idi. O ki qaldı peşmançılığıma qrupda olduğum üçün peşman deyiləm. Ona peşmanam ki, çəkilən o qədər əziyyət yerə vurulmamalıydı, o qədər əziyyət bu gün hər qrupa qismət olmamışdı. Bir şans idi ki, bizə nəsib olmuşdu, ondan yaxşı mənada istifadə etmək lazım idi. Ona görə peşman deyiləm ki, qrupun dağılma səbəbkarı mən deyiləm. Uşaqlar özləri səbəbkar oldu, qrupun bu vəziyyətə gəlməsini onlar özləri istədi. Qrup bir qədər də önə getməyim üçün sadəcə bir vasitə idi, mən sübut etdim ki, tək qrupla tanınmadım.

- Xalq artisti Faiq Ağayevlə bir layihəniz gerçəkləşmişdi. Bu iş haradan, necə qaynaqlandı? Təklif kimdən gəlmişdi?

- Həmin mahnı qrup vaxtından yazılmışdı və onunla birgə ifa etməyi biz Faiq Ağayevə təklif etmişdik. Sənətkarımız da bizim təklifi böyük jest olaraq qəbul etdi. Hətta “Qrup nömrə 1” yarışında iştirak edən zaman Faiq Ağayev orada münsif heyətində idi və bizə kifayət qədər dəstək olmuşdu. O, bizə onun konsertində iştirak etməyimiz üçün şərait yaradacağını da söz vermişdi. Baxmayaraq ki, o 3-4 il bundan öncə söz versə də, qrup dağılandan sonra da böyük sənətkar kimi öz sözünü mənimlə tamamladı. Konsertdə sözü gedən mahnını bərabər səsləndirdik. Faiq Ağayevin səhnə fəaliyyətindən böyük ibrət alıram, onu izləyib çox şey öyrənirəm. Bəzən deyillər ki, Əhməd duetlər oxuyub kiminsə kölgəsində qalırsan, deyirəm ki, xeyr razı deyiləm, baxın görün mən sənətdə sözünü demiş insanlarla duet oxumuşam. Elə insanlarla duet oxumaq özü bir fəxrdir. Biz Faiq Ağayevin mahnılarını eşidərək böyümüşük.  

“ƏVVƏL UŞAQ DEYİB KEÇİRDİLƏRSƏ, İNDİ ELƏ DEYİL”

- Bu yaxınlarda doğum gününü qeyd etdin, səni bir daha təbrik edirik. Yaş üzərinə gələn hər bir yaş sənə nəyi öyrədir? Yaşlanmaqdan qorxmursan ki?

- Həyat təcrübəm çoxalır, heç nəyi artıq əvvəlki kimi düşünmürəm. Yaşlanmaqdan qorxmuram, çünki yaşlandıqca insan müdrikləşir. Əksinə sevinirəm ki, böyümüşəm və fikrimi kiməsə çatdıra bilirəm, sözümün dəyəri, kəsəri olur. Əvvəl uşaq deyib keçirdilərsə, indi elə deyil. Kimdənsə eşidəndə ki, Əhmədin 27 yaşı var, onun sözlərində həqiqət var, şad oluram.

- Hər yaşda çevrəndəki insanlar necə artır ya azalır?

- Buna azalmaq deməzdim, sadəcə əvvəllər dostlarımı düzgün seçmək xüsusiyyətində deyildim. Elə çatana-yetənə dost deyirdim, tanındığıma görə mənimlə dost olduqlarının fərqində deyildim. Zaman keçdikcə onlar ələndi və bu gün yanımda sağlam, təmənnasız və hər günün dostları var. Onlardan ikiəlli yapışmışam, heç kimə də dəyişmərəm. İlk gündən bu günə kimi o dostun ki, bir əli səni çiynindədirsə, deməli o, əsl dostdur.

- Hansı ifana daha çox borclusan?

- Bütün ifalarıma borcluyam, mahnıların çoxunu özüm yazmışam deyə, hər bəstəm mənim üçün doğma balam kimidir. Bəzən evdə də olur ki, hansısa övlad özünü ətrafa daha çox sevdirə bilir, bu mahnılarda da belə olur. Necə ki, biz də ailədə iki qardaşıq, evdə, mən həmişə özümü sevdirməyi bacarmışam, şeytan tükü var misalı (gülür). Uşaq vaxtı məktəbə gedəndə atama yaxınlaşıb pul istəyirdik, qardaşım atama deyir ki, ata mənə pul ver, atam da ona cavab olaraq üstündə pulun az olduğuna görə sabah verə biləcəyini deyir. Mənsə yaxınlaşıb “ata pulun varsa ver məktəbə gedəcəyəm deyirdim”. Atam deyirdi ki, bax xoşuma gəldi, əvvəl soruşursan ki, pulun varmı? Mahnılarımdan “Sən demə”, “Yandım hər gecə”,  “Nə?”, “Tünd şərab”, “Leyla”, “Bəxtimə var” özünü daha çox sevdirdi. Heç biri mahnı yazmaq xatirinə deyil, hiss edərək yazmışam. Bəlkə də “Sən demə”ni tək oxusaydım sevilməzdi, Elnarə Xəlilovanın da öz qatqısı var idi, biz biri-birimizi demək olar mahnıda tamamladıq.

- Əhməd qənaətcilsən, yoxsa vacib məqamlarda alış-veriş edirsən?

- O barədə bir az korçuyam. Fikirləşmərəm ki, üstümdə 5 manat varsa, onun 2 manatını xərcləyib, 3-nü sabaha saxlayım. Amma sabaha da Allah iş, pul yetirir, heç vaxt pis vəziyyətdə qoymur.

“İMİCİMƏ GÖRƏ TƏNQİD ATƏŞİNƏ TUTULURAM”

- Səndə tez-tez imic dəyişikliyi görürük, xüsusən də saçlarında. İndi də saçlarında rəng var, buna görə tənqid atəşinə tutulursanmı? Necə qarşılayırsan bu fikirləri?

- Tənqid atəşinə tutuluram, əvvəllər tənqidlərə qapalı idim. Hərə bir söz deyirdi, hirslənirdim, həvəsdən düşürdüm. İndi isə normal olduğunu, hətta qəbul olunduğunu belə görürəm. Dəb izləyən, başı çıxan insanlar yeniliyi tez qəbul edirlər. Elə insanlar var ki, onlar dar düşüncəlidirlər, yaraşdıra bilmirlər, amma bir müddət sonra onlar da qəbul edirlər. Əvvəl o fikirlərə öyrəşməsəm də, indi vərdiş etmişəm.

- Elə bir obraz ola bilərmi ki, Əhməd yüksək qonarar müqavilində “incəsənətdə qadağa olmaz” prinsipi ilə razılıq verər?

- Yüksək qonarar deyəndə ki, mən incəsənətdəyəmsə və o rolu oynaya biləcəyəmsə oyanayacağam. Bu sənətə maaddiyyat üçün gəlməmişəm, mən istəmərəm ki, nəyisə pulun xətrinə satım. Hətta yazdığım mahnını belə hansısa ifaçıya verirəmsə, bu onu satmaq anlamına gəlməz, sadəcə əziyyətimin müqavilində müəyyən məbləği almışam, mahnının müəllifi yenə də mənəm. O rolu oynaya bilirəmsə, məbləğ olmasa belə və istəyirəmsə oynayacağam. Alınmayacaqsa, niyə 200 mini alıb özümü biabır edim ki? Başqa sahədə olsaydım bəlkə də deyərdim ki, məni tanıyan yoxdu, 200 min də az pul deyil, alım. Məndən kimlərsə də örnək alır, ona görə də, elə səhv addım atmaram. 200 minə görə həyatım dəyişsin prinsipi ilə yaşamaq olmaz. Sənətin incəliklərini pula dəyişmək düzgün iş deyil.

- Sənin həmkarın Çingiz Mustafayevlə bənzədilmə xəbərini çox oxumuşduq. Ümumiyyətlə, Əhməd incəsənət nümayəndəsinin istər azərbaycanlı, istərsə də əcnəbi ulduza bənzədilməsinə necə baxır? Sənin üçün elə bir insan varmı?

- Çingiz mənim dostumdur, ilk gündən mənə dəstək olub, soyadlarımızın da eyni olması bir təsadüfdür. Türkiyədə də Yalın, Kənan Doğulu var ki, gitara ifaçısıdırlar, amma tərzləri fərqlidir. Mən 8 yaşımdan başlamışam, tar məktəbini əlaçı kimi bitirmişəm, sazla məşğul olmuşam, muğamlarımızı çox gözəl bilirəm. Şükür Allaha ki, musiqidən kifayət qədər təhsilim var. Bizə qardaş deyirlər, bənzətmələr də çoxdur. Onu qardaş hesab edirəm, sənət dostumdur. O ki qaldı özümü kiməsə bənzətməyimə, yox, elə bir şey yoxdur. Sadəcə baxıb öyrənmək istədiklərimi götürürəm. Məsələn, Faiq Ağayevin hər oturuşuna-duruşuna, danışığına baxıram, hər suala necə cavab verir, kameralarla səhnədə necə işləyir, rəqsləri baxıb götürürəm, bu o demək deyil ki, özümü ona bənzədirəm. Mən bəyəndiklərimi izləyib, hərədən nəsə bir şey götürüb onu özümə uyğun formada təqdim edirəm. Özümünkü deyə bir şey yaradıram. İzlə gedənin izi qalmaz. 

- Əhməd son 3-4 ildə şou-biznesdə subaylığın daşını atan bir çox sənətçilərimizin adını qeyd edə bilərik. Əhməd  nə vaxt bəylik kürsüsünə oturmağı düşünür?

- Şou-biznesdə yalançı toy edənlər də var, həqiqətən evlənənləri də. Allah hamısını xoşbəxt etsin, onlar öz yarılarını tapıblar amma mən hələ tapa bilməmişəm. Sənətə başım çox qarışır, nədəndi bilmirəm. Ruh əkizimi tapmamışam, tapanda ailə quracağam. Ailə qurmağın dəqiq vaxtını da deyə bilmərəm, ürəyimdə kimsə yoxdur.

- Seçəcəyi xanım Əhmədin hansı keyfiyyətlərini qəbul etməlidir? Əhmədin seçəcəyi xanım necə biri olmalıdır?

- Sənət adamıyam məni başa düşməlidir, mən çəkilişə görə evdə olmaya da bilərəm, evə gec də gələ bilərəm, hansısa bir sənət yoldaşımla şou xətrinə əl-ələ də tuta bilərəm. İlk növbədə bu kaprizləri çəkə biləcək bir xanım olmalıdır. Öncə məni sonra sənətimi sevməlidir, sadəcə sənətimin aşiqi olaraq mənimlə yalandan münasibət göstərməsin.

“HƏMİŞƏ DEMİŞƏM Kİ, BELƏ BİR QIZI SEVƏCƏYƏM, AMMA TAM ƏKSİ OLUB”

- Bəs vizual olaraq?

- Əsmər olmalıdır (gülür). Bu barədə heç vaxt dəqiq danışa bilmirəm. Bir dəfə başıma gəlib, demişəm ki, belə bir qızı sevəcəm, amma tam əksi olub. Gözü, saçları belə arzuladığım kimi olmayıb.

- Neçə dəfə sevmisən? Unudulmaz sevgin bəs....

- Bir dəfə sevmişəm, həqiqətən ürəkdən. Məktəb illərində olub, keçəri desələr də, ürəyində o xalı qoyub gedir də. Əvvəlki kimi sevməsən də, hər zaman o yara kimi qalır. Necə ki ağ kağızın üstünə bir nöqtə qoyasan, onu silmək çətin məsələdir. Ağ kağızın üstündə yer çoxdu, nə qədər istəsən nöqtə qoya bilərsən, amma birinci düşən nöqtə orada qalır. Onu silə bilməzsən. Ona görə də sevgi məsələlərindən artıq çəkinirəm. Sevgidə şans söhbətinə inanmıram. Sevgi barəsində çox şey insanın özündən aslıdır, düzgün seçim etməlisən, ağılla qərar verməlisən. O, sevdiyim xanım ailə qurub, ona yalnız xoşbəxtlik arzu edirəm.

- Onu unutmamısan?

- Bu gün ondan danışıramsa, deməli, unutmamışam. Desəm ki, unutmuşam, mənə deyərsiniz ki, bəs necə bayaqdan onun barəsində ağız dolusu danışırsan? Bir şeyi də deyim. Sevdim həm peşman oldum, həm də sevindim. Onu sevməsəydim, bu gün o gözəl mahnıları yaza bilməzdim.

- Demək mahnılarınla sevilməyinin səbəbi məhz o xanım imiş?

- Bütün mahnılarım o xanıma həsr olunmayıb, onu sevdim, həyatı dərk etdim, sanki balaca uşaq idim, böyüdüm. Həyata başqa pəncərədən baxdım. Əvvəl baxırsan ki, ağacdır, yarpaqdır, amma sevəndən sonra o yarpaqların əsməyinə belə fikir verirsən, hər şeyin dərinliyinə kimi gedə bilirsən. Ona görə sevinirəm ki, sevginin nə hiss olduğunu yaxşı ki, bildim. O, olmasaydı o ürəklə yazılan mahnıları da yaza bilməzdim. “Yandım hər gecə” mahnım o xanıma məxsusdur. Ürəyim böyükdür, inşallah ki, qarşıma məni hərtərəfli sevəcək bir xanım çıxar və mən də ondan ilhamlanıb mahnılar yazaram.

- Biz xanımlarda belə bir fikir var ki, “kişi  münasibətdə möhkəm olarsa, xəyanət də olmaz”. Sən necə düşünürsən? Kişi yoxsa qadın xəyanətin təməlini qoyur?

- Xəyanət edən edir, tək kişinin üstünə düşə bilmərsən. Münasibətdə xanım və kişi arasında hörmət olmalıdır. Bərabərhüquqlu varlıqlardır, sadəcə kişinin qadın üzərində hökmü çoxdur və bu o demək deyil ki, qadını zəif görməlidir. Müəyyən məqamlarda kişi qadından müəyyən üstünlüklərə sahibdir. Hörmət olan yerdə sevgi də, diqqət də, məhəbbət də olur, xəyanət və qısqanclıq olmur.

“ÜRƏYİN DÖZMƏYƏCƏK, ONU ÖPÜB BAĞRINA BASACAQSAN”

- Əhməd, küsülü olub barışa bilməyəcəyin çox insan var istər özəl həyat, istərsə də sənət həyatında?

- Qırılan stəkan düzələ bilməz. Yenidən eyni münasibətə davam etməyim mümkün deyil. Kinli deyiləm, amma elə şeylər var ki, bağışlamaq olmur. İnciklik hamının arasında olur, ən yaxın dostunla belə. Arada bir pərdə var ki, onu saxlamalısan, qarşındakı bunu qorumasa belə. Sabah düşünməlisən ki, o sənə qarşı elə bir jest edə bilər ki, ürəyin dözməyəcək, onu öpüb bağrına basacaqsan. Pərdə aradan götürülsə belə, nə yaxşılıq etsə də gözünə görünməyəcək.

- Hər kəsə qarşı səmimisən?

- Çalışıram ki, hər kəsə qarşı səmimi olum. Süniliyi sevmirəm. Ya bir insanla danışmıram, ya da ki səmimiyəm. Yola vermirəm.

- Valideynlərinə maddi baxımdan dəstək olmusan? Belə bir ifadə var ki, valideyn övlad çörəyini yeyəndə qürur duyar...

- Atam özü işləyir, çalışır, şükürlər olsun. Hətta bir-iki dəfə mən özüm ona kömək etmək istəmişəm, özü istəməyib. Deyir, hələ mənim işləmək qabiliyyətim var, əksinə mən sizə kömək etməliyəm. Burdan hər iki valideynimin əllərindən öpürəm. Deyirlər ki, bəlkə nə vaxtsa istəyərik, amma hələki ehtiyacımız yoxdur. Mən də övlad kimi istərəm ki bir payım olsun.  Arada anama pul verirəm ki, özünə nəsə al, mən sənə uyğun nəsə ala bilmirəm. Deyir, yox qoy cibinə. Pulum var, özüm alacam. Təsadüfi halda dava-qırğınla pul verə bilirəm (gülür). Hətta atam deyir ki, qızıl küp tapsam onun 70% -ni sənə verərəm, sənin daha çox ehtiyacların var, xərcin çoxdur.

- Uğur qazanmaq üçün “Geriyə dönüb baxma” deyirlər. Amma güzgüdəki də sənin əksindir. Xatırlamaq istəmədiyin çox şey var?

- Uğur qazanmaq üçün mütləq irəlini fikirləşməlisən. Uğuru qazanıb müəyən pilləyə çatanda mütləq dönüb geriyə baxmalısan, kim olduğunu, haradan, necə gəldiyini unutmamaq üçün. İrəli gedən anda tez-tez geriyə boylansan, uğur qazana bilmərsən. Ona görə geri baxmalısan ki, nə idim, indi necəyəm və bundan sonra necə olacağam? Nə vaxtsa mənə köməyi dəymiş insan mənə ağız açanda, öz işimi belə atıb ona yardım edirəm, keçmişi unutmuram.

“QARŞIMA QUYULAR DA QAZIRLAR, KİM OLDUQLARINI BİLSƏM DƏ...”

- Pərəstişkarların daha çox uğurlarına şahid olur, amma çox güman ki uğursuz anların da olub. Nə zaman yaşadın onları?

- Mən uğursuzluqlar o qədər də yaşamamışam amma həmkarlarımdan paxıllıq edənlər çoxdur. Hansı ki, düşünür, mən gəncəm, qısa bir zamanda belə bir uğur əldə etdim. Adını çəkib onları reklam etmək istəmirəm. Baxmayaraq ki, onlar da sənətdə kifayət qədər sevilirlər, amma paxıllıqlarından da qalmırlar. Bilmirəm bu nə məsələdir, istəmirlər ki, rəqib olaraq onların yanından ötüm keçim. Qarşıma quyular da qazırlar, kim olduğunu bilsəm də fikir vermirəm. O quyunun yanından irəli getmək üçün cığır axtarıram.

- Bir bəy olaraq mətbəxlə aran necədir? Özünü tez-tez sınayırsan? Sevdiyin yeməklər hansıdır?

- Mətbəxlə aram çox yaxşıdır, tələbə vaxtı o qədər yeməkləri bişirməyi öyrənmişəm ki... Bişirə bilmədiyim yeməklər üçün 20-30 manatlıq kontur yükləyib anama zəng edirdim, xörək hazır olana kimi danışırdım, kontur bitsəydi, yemək də yanacaqdı (gülür). Əlimin də duzu var. Maraqlı xörək bişirməyi öyrənməyi xoşlayıram. Tələbə vaxtı bir toyuq şorbası bişirmişdim ki, qonaq gələn xalam bacarığıma inanmırdı. O şorbanın hələ də dadı damağında qalıb (gülür). Qardaşım da hər həftə o şorbanın eşqinə əsgərlikdən yanıma gəlirdi (gülür). Bircə dolma bükməyi bacarmıram, ən çox sevdiyim yəmək də yarpaq dolmasıdır.

- Əhməd haradadır?

- Əhməd hər yerdədir. Allah nə qədər ki, bu istedadı verib, yolu ilə də davam edəcək.

- Özünü hansı pillədə görürsən?

- Ən yüksək pillədə. Belə düşünürəm, ondan yüksəyini də axtarıram, varsa, ora da çatım.

- Çox sağ ol, Əhməd. “SorğuMUZ”un bugünkü qonağı olduğun üçün sənə MUZ TV kanalı adından təşəkkürümüzü bildiririk.

- Mən də MUZ TV ailəsinə təşəkkürümü bildirirəm. Bəzən elə olur ki, insan tanımadığı biri ilə həmsöhbət olmaq istəyir ki, demək istədiklərini anlatsın. Mənə xoş oldu. Məni daha yaxından tanımaq istəyən insanlar üçün müəyyən açıqlamalar verdim. Elə suallar verdiniz ki, istəsəm də, istəməsəm də tam səmimi olmağa çalışdım. İnanıram ki, mənim bu səmimiyyətimə inandınız.

Lamiyə BALACAYEVA

Fotolar: Elkin ƏSGƏROV

Video: Elfaq LƏLƏYEV

Montaj: Elkin ƏSGƏROV



 























































528 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Fevral
















17 Fevral