Aktyor xanımına "Porsche" bağışladı
Seda Sayana görə həbsə düşdü
Bülent Ersoy yeni ifaçılardan gileyləndi
Ancelina Coli razılığı pozdu

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Anar Ağakişiyev: “Mən həyatım boyu heç valideynlərimlə də sirrimi bölüşmürəm” – fotolar

23-06-2017


“AZƏRBAYCANDA RƏQİBİM YOXDUR”

Muz TV Azərbaycan kanalı və muztv.az saytında yayımlanan “SorğuMUZ” layihəsinin budəfəki qonağı ölkənin ən tanınmış stilistlərindən biri olan Anar Ağakişiyevdir.


- Anar, xoş gördük. O qədər təltifləriniz var ki, elə qısaca olaraq sizə “stilist” deyə müraciət etdik.

- Çox sevindirici haldır ki, budəfəki qonağınız mənəm. Mənə elə gəlir ki, maraqlı olacaq, artıq bəzi suallarınızı gördüm, başlayaq..

- Öncə danışaq, rəsm dərnəyində rəssamlığın sirrini öyrənən o balaca Anarın bu pilləyə gəliş mərhələsinə..

- Mənə elə gəlir ki, hər bir insan həyatın gələcəyini görməlidir və hər bir yaşı özlüyündə şüuraltı olaraq proqramlaşdırmalıdır. Mən artıq bilirdim ki, 20, 25, 30 yaşımda hansı pillədə olacağam və bu hələ də davam edir. Uşaqlığımdan tam qəlbimlə o yola hazır idim, düzdür, çətinliklər də oldu, asanlıqlar da, buna baxmayaraq çox şadam ki, durğuğum yerdə varam.

“XANIM XANIMA ONUN QÜSURUNU ÜSTÜÖRTÜLÜ DƏ OLSA, DEMƏZ”

- İstər Azərbaycan, istərsə də dünya çərçivəsində stilistlərin uğurlarına nəzər yetirsək, görərik ki, kişi stilistlər daha bacarıqlıdır. Bu nə ilə əlaqədar ola bilər? Bəlkə qarşınızdakı xanımı xəyalən canlandırıb ona bir tərz, obraz verirsiniz?

- Bu illərdir ki, aktual olan bir sualdır. Adətən alimlər də bunu təsdiqləyiblər ki, qadın peşəsində ən uğurlu bəylərimiz olub. İstər aşpaz, istər make-up ustası olsun, istər dərzi və s. Elə xanımlarımız da var ki, kişi peşəsində daha uğurlu olurlar. Mənə elə gəlir ki, bu, təbiətin qanunudur, bəlkə də bəylərimiz daha çox dərinliyi görürlər. Bəzən xanım xanıma onun qüsurunu üstüörtülü də olsa, heç vaxt deməz. Bu, qısqanclıq ola bilər.

- Anara görə “Dəb ikonası" kimdir?

- Bu mənim üçün illərdir ki, Koko Şanel idi. Hazırda Monika Belluççi, Kembel, Viktoriya Bekhem, Rihanna kimi insanlar var.

- Şanslısan?

- Bəli, şanslıyam. İstər şəxi həyatımda, istər karyeramda, üstəlik səhhətimlə bağlı uğurluyam. Bunu sınamışam da, əminəm ki, məndə şans, uğur var.

“ŞOU-BİZNES ƏHLİNİN YARIDAN ÇOXU BU XARAKTERİMƏ GÖRƏ MƏNDƏN ÇƏKİNİRLƏR”

- Bəs şansını əziyyətinə bağlayırsanmı?

- Yox, bununla razı deyiləm. Şansımı sadəcə dürüstlüyümə bağlayıram. İstər doğmam olsun, istər ən yaxın dostum, qardaşım olsun, mən onun səhvini çəkinmədən dərhal onun üzünə deyirəm. Hesab edirəm ki, şou-biznes əhlinin yarıdan çoxu bu xarakterimə görə məndən çəkinirlər. Əminliklə deyə bilərəm ki, tamaşaçıların 90%-i məni çox istəyir.  Mənim üçün tamaşaçı fikri daha önəmlidir. Şou əhlində belə bir fikir var ki, dostumsansa, qüsurumu demə. Elə şey yoxdur.

- Anar, tamaşaçı sevgisindən danışmışkən, qeyd edək ki, bu son ayın ən çox danışılan mövzularından biri də ATV telekanalında yayımlanan “Maşın” şoudur. Xatırladaq ki, Anar özü də iki dəfə bu şounun iştirakçısı olub, həm də ən qalmaqallılardan. Necə düşünürsən, səncə bu “qarşıdurma”da bacara bilərdin?

- Təbii ki, bacarardım, mənə əksinə 14-cü sürət daha asan gəldi. Niyə? “Maşın”ın 12-ci sürətinə mən ilk dəfə idi ki, iştirak edirdim, təzə olduğum üçün o qədər də yaxşı dərk etmirdim, hamı məni “neytral “ olaraq tanıyırdı. Artıq 13-cü sürətdə mən olduğum kimi görünməyə başladım, 4-5 dəfə də kifayət qədər tamaşaçı səsi topladım. Bizim yarışmamızda həyat və iş statusu baxımından daha güclü rəqiblər var idi. Son oyunda isə gənclər də yer almışdı. Özümə çox yaxşı dostlar da tapdım, mənə elə gəlir ki, finala kimi gedəcəkdim. Bir şeyi də deyim ki, Oksana Rəsulova finalda Elcan və İslama etdiyi təklifi mənə etsəydi, mən razılaşardım, onun bu fikrini müsbət qarşılamışdım.

- “Dəbin əsir”i olmaq Anarı qorxutmur ki?

- Qorxutmur, artıq o mərhələni geridə qoymuşam. Əvvəllər bu məni qorxutsa da, indi buna alışmışam.

- Hansı məqamlarda büdrədin?

- Bunu 3-4 il bundan öncə yaşamışdım. Zaman baxımından çatdıra bilmirdim, yəqin ki, bu mənim düşüncə baxımından gənc olmağım ilə də əlaqədar idi. Həm yeni iş yerim var, həm xaricdəki işlərim, üstəlik şəxsi həyatım, hər birini çatdırıram.

- Bir stilist olaraq kişilər,  yoxsa qadınlarla işləmək daha asandır?

- Qadınlarla işləmək daha asandır. Çünki tələbə vaxtımdan bəylərin kitabını tam axıra kimi oxumadım, yetəri qədər məlumatım olsa da. Hiss edərsiniz ki, müsahibələrimdə də bəylərimizi tənqid atəşinə tutmuram. Bizdə bəy geyimləri kiçik bir çərçivədə yer alıb. Bu sıraya kostyum, pencək, cins, mayka aiddir. Bura Avropa və ya Amerika olsaydı, bax onlarda tənqid etmək olardı. Qadınlarda isə min cür obraz, tərz yaratmaq olar.

“O XANIMLAR BARƏDƏ DANIŞIB ONLARI ÖZ PİLLƏMƏ QALDIRA BİLMƏRƏM”

- Anarın peşəkarlığı bəllidir. Amma şou-biznesdə Elza Seyidcahan, Fatimə Fətəliyeva kimi küsülü olduğu insanlar da var. Hansı ki, siz onların tərzinə irad bildirmişdiniz və onlar da bunu xoş qarşılamamışdı. Elza Seyidcahan dəfələrlə verilişlərdə və müsahibələrində qeyd edir ki, “mənim heç bir stilist”ə ehtiyacım yoxdur, Fatimə isə qeyd etmişdi ki, “Anar məni 30-luqda görmürsə, mən onu 300-lükdə görürəm”. Anarın iradları haqqlı idimi?

- (gülür) Fatimə 2 sıfır da artırıb. Mən o iki xanım barədə qəti sürətdə danışmaq istəmirəm, çünki danışdıqca onları qaldırıb hazırki öz pilləmə qaldırıram. Qoyun onlar elə orda da qalsınlar. Əgər bir insan tənqidi qəbul etmirsə, öz səhvlərini güzgüdə görə bilmirsə, hesab edirəm ki, o insanın düşüncəsi çox balacadır və dəb anlayışı yoxdur.

- Axı səhnə insanının mütləqdir ki, “stilist”ə ehtiyacı olmalıdır. Elza Seyidcahanın bu fikri nə dərəcədə düzgündür?

- Mən 100% əminəm ki, Nərgiz Cəlilovanın stilisti yoxdur. Buna baxmayaraq o xanım hər zaman zövqlülərin ilk pillələrində olur. Ola bilər ki, arada kimlərəsə müraciət edir, amma bilir ki, çərçivədən çıxmalı deyil. O demək deyil ki, adını çəkdiyiniz o iki xanım 24 saat stilistlə gəzsinlər. Onlar dünyanın ən bahalı stilistləri ilə də işləsələr də, onlar daxilən dəyişilməlidir, qəbul etmədikləri çərçivələri mütləq sındırmalıdırlar.

- İstirahətə necə vaxt ayırırsan, istər ölkədaxili, istərsə də xaricdə?

- Son bir il yarım ərzində heç istirahət etməmişəm. Həyatım o qədər rəngarəng olub ki, vaxt ayıra bilmirəm.

- Anarın dostu var?

- Var idi… Hazırda isə yoxdur.

“BƏZƏN ƏN YAXIN BİLDİYİN ADAM BELƏ SƏNİN SİRRİNDƏN FÜRSƏT KİMİ İSTİFADƏ EDİR”

- Nə baş verdi ki? Dostluğa inanmırsınız, ya necə?

- İllər hər adamın əsl üzünü açır. 20 yaşımda çox geniş dostlarım var idi. Zamanla onları bir-bir ələkdən keçirtdim, sonda 3 nəfər qaldı. Dost odur ki, nə vaxt zəng etsəm, lap xaricdə olsam belə, qaçıb gəlməlidir. Şəxsən mən belə olmuşam. Ona görə də dostum yoxdur. Dost o adamdır ki, ona ürəyini açıb, sirrlərini deyə bilərsən. Mən  həyatım boyu heç valideynlərimlə də sirrimi bölüşmürəm. Bəzən ən yaxın bildiyin adam belə sənin hansısa bir sirrini fürsət kimi istifadə edir. Sadəcə illər boyu sınadığım çox yaxşı tanışlarım ola bilər, var.

- Hazırda şou-biznesdə hansı sənətçi daha baxımlı, zövqlüdür?

- Bir neçəsinin adını çəkə bilərəm. Elə biri Röya Ayxan. O xanımın heç bir kompleksi yoxdur, özgüvəni güclüdür. Dəfələrlə müşahidə etmişəm ki, o güzgüdə hər hansı bir nöqsanını görəndə onu çıxardacaq. Özünü rahat hiss etməyi sevir, müasirlik yaradır.

- Gəl, bir qızıl 10-luq təyin edək… O siyahıya kimlər daxil ola bilər?

-  Röya Ayxan, Aygün Kazımova, Nigar Camal, Nura Suri. Nura xanım çox zövqlü görünür. Bəylərimizdən isə Zamiq, Faiq Ağayev, Tolikin adını çəkə bilərəm. Son vaxtlar Tolikin yeni imicini bəyənirəm. Zövqsüzlərin isə adlarını çəkə bilmərəm. O qədər uğursuz bir karyeraları var ki, onlar sırf mənim piarıma möhtacdır. Hit mahnı yoxdur, hit görünüş yoxdur, boşluqdur. Onları heç vaxt olduğum pilləyə qaldırmaram.

- Nəyi etiraf etmək sənin üçün çətin ola bilər?

- Heç bir şeyi. Mən tənqidə açıq bir insanam. Bu həyatda mənim üçün hər bir sualın öz cavabı var. Qəti sürətdə çəkinmirəm.

- Zaman gözəlliyi əldən ala bilər?

- Yox. İllər gözəlliyə gözəllik qatır. Sizcə, Sofi Lorenin və ya Monika Belluçinin gözəlliyini zaman əldən alıb? Hətta onların qırışları belə elə onların öz gözəlliyidir.

“FİKRİMCƏ, O XANIM ŞOU-BİZNESİN ƏN QƏDİRBİLMƏZ MÜĞƏNNİSİDİR”

- Çalışdığın qədirbilməz müğənnilər çox olub?

- Bəli, həddindən artıq çox olub. Sonuncusu isə keçən il olub. Elə onunla da nöqtəni vurmuşam. Adını çəkməsəm də, bir çoxları söhbətin kimdən getdiyini anlayacaq. Mən o müğənnini o dərəcədə qaldırmışdım ki, hətta naz-qəmzəsi belə yerə-göyə sığmırdı. Fikrimcə, o xanım bizim şou-biznesin ən qədirbilməz müğənnisidir.

- Bu sənətdə kimisə özünə rəqib sayırsan? Etiraf edək ki, Elnur Həsənov da çox tələb olunan stilistlərdəndir. Onu özünə rəqib bilirsən? Günay İbrahimli daha öncə onunla çalışdı, daha sonra səninlə, fərqli layihələr ortaya qoydunuz. Heç indi Günayla da siz bir yerdə deyilsiniz….

- Azərbaycanda mənim rəqibim yoxdur. İstər makiyajda, istər saç düzümləri, istərsə də geyim üzrə yaratdığım obrazlarda. Üstəlik də öz geyim tərzimdə də kimisə özümə rəqib bilmirəm. Bir cavaba on cavab olaraq qaytararam, onlar özləri də bilirlər ki, mənim rəqibim deyillər. Onlar dua etsinlər ki, mən xəstələnməyim, çünki onlar üçün vasitəçiyəm. Mən yeniliyi gətirirəm, onlar da eyniləşdirib bir balaca düzəliş edirlər. Tamaşaçının gözü tərəzidir, bilirlər ki, bunu ilk mən etmişəm, şükür Allaha ki, sosial şəbəkələr də bunu sübut edə bilər. İlki edən rəqibsizdir. Əgər hansısa bir make-up artist, fərq etməz ki, bu danışmadığım və ya bəyənmədiyim biri də ola bilər, etiraf etsə ki, Anar bunu edib və mən ondan 10 pillə yuxarıdayam, o zaman mən onu yanıma çəkib yuxarı qaldıracağam.

- Aygün Kazımova ilə münasibətlər nə yerdədir? Xalq artistimiz müsahibələrində qeyd etmişdi ki, Anar çox yaxşı stilistdir, amma hərdən ona deyirəm ki dilin öz başına bəla olur…

- Aygün xanım mənim üçün illərin dostudur, çox istədiyim bir xanımdır. Dəfələrlə mənə deyib ki, niyə irad bildirirsən axı? Sənə sözün düzünü demək lazımdır? Ona görə demişdi ki, dilin başına bəla olur. Onun soz zamanlardakı tərzini çox bəyənirəm.

- Yayın dəbini bilmək istərdik? Tamaşaçıları nələr gözləyir?

- Hələ ki, bir balaca boşluq baş verir, havalar tam istiləşməyib. Elə biri Aygün Kazımova, hazırda istirahətdədir, qayıdanda ondan bir partlayış gözləmək olar. İndi hamı isti havalar üçün eneji toplayır. Bənövşəyi, narıncı, yaşıl rənglər dəbdə olacaq. Makiyajda isə qırmızı göz kölgəsi. Sıx olan kipriklər çox dəbdədir.

- Anar hansı məqamda daha gözəl make-uplar edir, tərzlər yaradır? Bu onun ilham pərisinə bağlı olub heç?

- Məndə bu heç vaxt müşahidə edilməyib. Hərdən özümə robot kimi də baxıram, qəddar səslənsə də, 6 ay öncə iş gördüyüm yerdə çox pis xəbər eşitdim. Ailə üzvlərimdən birinin rəhmətə getməsi xəbərini aldım, həmin an da makiyaj edirdim. Bu da mənim peşəkarlığımdan irəli gəlir ki, soyuqqanlı yanaşdım. Hətta daha 3 müştərim də öz növbəsini gözləyirdi, mən onları ata bilməzdim. Hesab etdim ki, mənim müştərimin nə günahı var? Niyə onun əhvalını pozmalıydım ki? İşimdə emosiyalarımı gizlədirəm.

“3 MANATLIQ AYAQQABININ HƏR RƏNGİNİ DƏ ALA BİLƏRƏM.. QARDEROBUMDA BƏLKƏ DƏ 400 AYAQQABI VAR”

- Çox pul xərcləyənsiz? Maksimum miqdarda nəyə pul xərcləyirsiz?

- Ayaqqabı və saata daha çox pul xərcləyirəm. Düzdür, hədiyyə olanlar da var. Mən gedib 3 manatlıq ayaqqabının hər rəngini ala bilərəm, bu artıq çox pul xərcləmək deməkdir, 500 manatlıq ayaqqabı da ala bilərəm. Tamaşaçılar bunu yalnış anlamasınlar ki, mənim ayaqqabım sırf brilyant qaşlarla düzülüb. Qarderobumda bəlkə də 400 ayaqqabı var.

- Saatı bu qədər sevirsiniz.. Deyirlər saat ayrılıq rəmzidir, inanclara necə inanırsınız?

- Hə, inanıram. Hətta kim ki, saat bağışlayır, qarşısında bir məbləğ də uzadıram ki, sanki bunu ondan pulla aldım.

- İl ərzində 100-lərlə gəlini bəzəyib xoş gününə yola salan Anar özü nə vaxt evlənir?

- Hətta gözlənilsə belə, şəxsi həyatım barədə danışmayacağam. Çünki mən o stilist, müğənnilərdən deyiləm ki, bu gün evlənir, özünü reklam edir, sabah boşanmasını da, doğulan övladını da piar edir.

- Başqasına rəy verib onu düzənləmək asandır. Bəs bunu öz üzərində tətbiq etmək çətinlik yaratmır ki?

- Əvvəl mənə çətin idi, indi isə yox. Özünə stilist deyən make-up artistlər var ki, o qədər pis geyinirlər ki, onlara baxıb sevinirəm, anlayıram ki, mən nə geyinsəm də, yenə də onlardan gözəl görünürəm. Ümumiyyətlə, sadəlik gözəlliyin zirvəsindədir.

“PEŞƏMİN SAYƏSİNDƏ ÖZÜMÜ CƏMİYYƏTDƏ TƏSDİQLƏYƏ BİLDİM”

- Bu sənət sənə maddi və mənəvi nələr qazandırıb?

- Sənətim mənə tanrıdan gələn ən böyük hədiyyədir. Peşəmin sayəsində özümü cəmiyyətdə təsdiqləyə bildim, ayaqüstə düz dayanmağı bacardım, bir çox problemləri geridə qoydum, kimdənsə aslı olmadım. 15 yaşımdan işləyirəm, gənclərə də demək istəyirəm ki, tənbəl olmayın.

- Anar özünü “qlamur” hesab edir?

- Bunu tamaşaçılar daha yaxşı bilər. Özümü kənardan görməyi bacarıram, amma hələ özümü o tərzdə təsəvvür etməmişəm.

- Sadəlik, az miqdarda pulla gözəl bir dəb yaratmaq olarmı? Məsələn Anara işinin müqabilində 100 min AZN versələr, ondan necə bir obraz yarada bilərsiniz?

- Əslində obraz yaratmaq çox asandır. Əsas məqam  qarşı tərəfi dinləməkdir. Onun tələblərini bilməlisən. Obraz yaratmaq 100 minə də, 20 manata da başa gələ bilər. Hətta qayçı ilə köhnə paltarları da kəsib gözəl bir dəb yaratmaq olar. Kəmiyyətlə, keyfiyyət hər zaman üst-üstə düşmür.

- Son olaraq, bir peşəkar rəyi kimi Anara görə “dəbin çaları" nədir?

- Sonda ən çətin suala gəlib çıxdıq… (gülür) Mənim üçün odur ki, gün ərzində 70 dəfə də olsa, dəb haqqında öyrənməlisən, rəng harmoniyalarını bilməlisən. Dəb hər yerdə, siyasətdə də, hər bir işin içində var. Öncəliklə, bol-bol kitablar oxumaq lazımdır. Zövqü sonradan da yaratmaq olur. Bəzən keçmişin şəkillərinə baxıb deyirik ki, mən əvvəllər nə gündə olmuşam. Ona qarşı istək, iradə varsa, zövqü sonradan da yaratmaq olar. Elələri var ki, bu peşəyə maddiyat baxımından baxırlar, nəticəni isə heç düşünmürlər. Mən isə ilk olaraq nəticəni düşünürəm, maddiyyat özü məni tapır.

- Çox sağ ol, Anar, dəyərli vaxtından ayırıb bizə sərf etdin. Sənə MUZ TV adından dərin təşəkkürümüzü bildiririk.

- Siz sağ olun, çox xoş oldu, gəlin həmişə mehriban olaq. Həyat çox qısadır. Birlik gözəl xüsusiyyətdir.
 
Lamiyə BALACAYEVA
Fotolar: Elkin ƏSGƏROV
Video:   Elfaq LƏLƏYEV
Montaj: Elkin ƏSGƏROV


 





























695 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Dekabr


17 Dekabr