"Çox sevinirəm"- Könül Kərimova da təşəkkür etdi
Nadir Qafarzadə Röyaya tərif yağdırdı
Keçmiş model məsləhət verdi: “Yaşlanmayın...”
Sabah bayram havası olacaq

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Fatimə Fətəliyeva: “Bir Allah bilir ki, mən oriyental rəqsi ifa edəndə anam nələr çəkirdi” – fotolar

09-06-2017


Muz TV Azərbaycan kanalı və Muztv.az saytında yayımlanan “SorğuMUZ” layihəsinin budəfəki qonağı rəqqasə Fatimə Fətəliyevadır.

- Fatimə xanım, xoş gördük, budəfəki “SorğuMUZ”un qonağı sizsiniz. Ümid edirik ki, suallarımızın heç birində hədəfdən yayınmayacağıq.

- Çox sağ olun ki, qonaqlarınız sırasında məni də seçdiniz. İnanıram ki, tamaşaçılarımıza da maraqlı olacaq, çünki sizin verilişiniz çox maraqlıdır, maraqlı suallara toxunursunuz. Ümid edirəm ki, bu gün söhbətimiz alınacaq.

“MƏNİ OKSANA RƏSULOVA İLƏ EYNİ PİLLƏDƏ QOYMAYIN”

- Səhnəmizin göyçək Fatiməsi, gözəl qadın olmağın sirrləri nədir?

- Bu sualı mənə tez-tez verirlər, il gəldikcə insan vücudunu dəyişməlidir, buna görə də mənə sual verirlər ki, sənin yaşının üstünə yaş gəldikcə yaşlanmırsan, daha da cavanlaşırsan. Özümə gözəl deyə bilmərəm, çünki məndən də gözəl, baxımlı xanımlar var. Düşünürəm ki, cavan, şirin, şarmlı qalmağın sirri insanın daxilidir. İnsanın daxili gözəl olanda, həyata sevgi ilə baxanda, gözlərində sevgi olanda, ailəni, valideynlərini, övladlarını sevəndə qarşı tərəfdən də gözəl görünürsən.

- Bəlkə sevgi sizi gözəlləşdirir?

- Əlbəttə o da vacib olan bir məqamdır ki, qadın sevgisiz yaşaya bilməz, qadını sevmək lazımdır, qadın da sevməlidir. Hesab edirəm ki, incəsənət sahəsində olan xanımlara qarşı sevgi olanda onlar daha da yaradıcı olurlar, mükəmməl uğurlarla irəli gedirlər. Məncə mənim də başıma elə bir sevgi gəlib. 19 ildir bu sənətdəyəm və çox şadam ki, öz yerimdəyəm.

“HƏRDƏN GÖRÜNÜŞÜM AYDANI QISQANDIRIR”

- Qızınız Aydanla yanaşı dayananda ana-qız seçilmirsiniz. Bu hərdən Aydanı qısqandırmır ki?

- Əslində gözəl bir sual verdiniz. Özünə də bu sualı verin (gülür). Qısqandırır, xarici ölkələrdə ikimizi bir yerdə görəndə bizi rəfiqə hesab edirlər, hətta onun mənə "Ana" dediyini görəndə qızım olduğuna təəccüblənirlər. Bütün tanışlar da deyir ki, kənardan ana-qız deyil, dost kimi görünürsünüz.

- Aydandan danışmışkən, onu məzun olmağı münasibətilə təbrik edirik. Qapıya elçiləriniz çox gəlir Aydana görə?

- 21 yaşında gözəl-göyçək qızdır, əlbəttə ki, elçi gəlirlər. Amma mən vaxtilə öz həyatımda tələsdiyim üçün qızımın da tələsməyini, onu ocağımdan tez köçürməyi istəmirəm .

- Onun seçiminə müdaxilə edəcəksiniz?

- Aydan mənimlə rəfiqə kimidir, biz onunla hər şeyi oturub müzakirə edirik. Elə olur ki, hətta o sonda mənim sözümə qulaq asır və bu məni doğrudan da sevindirir, çünki vaxtilə mən sözəbaxan olmamışam, şükürlər olsun ki, qızım çox ağıllı bir övladdır. Yəqin ki, Aydanımı da köçürtməyin bir qisməti gələcək.

“ƏLİMDƏ YÜK EVİMƏ GİRƏNDƏ ARXAYA ÇÖNÜB BAXMIŞAM Kİ, BİRDƏN KİMSƏ QƏFİL MƏNİ ARXADAN VURAR”

- Heç şübhəsiz ki, Fatimə bu zirvəyə o qədər də asanlıqla gəlməyib. Fatimənin hansı qayğıları var, çoxmu yorur sizi?

- Mənim çevrəmdəki insanlar mənə ana qarışqa adını veriblər. Əsasən də anam mənə elə deyir. Heç vaxt evə yüksüz gəlmirəm, hər zaman əlimdə iki-üç dolu çantalar olur, evə girəndə anam deyir yenə də mənim ana qarışqam gəldi. Dünyaya gələn gündən heç vaxt düşünməzdim ki, mən də bu həyatda zəhmət çəkəcəm, ziyalı bir ailədə doğuldum, ərkəsöyün böyüdüm, yaşadıqlarımı təsəvvür belə edə bilməzdim. 19 yaşımdan sonra həyatımda tam başqa  hadisələr baş verdi, sanki Allah məni çoxlu ağır sınaqlardan keçirdi, amma yenə də şükür edirəm ki, o sınaqlardan keçmişəm, özüm öz üzərimdə çalışaraq ayaqüstə durdum. Var-dövlət, milyon arzulamıram. Mənim sərvətim ailəm, övladlarımdır. Əlbəttə ki, yoruluram, bütün qadınlar məni başa düşər, məncə, bütün qadınlar bu dünyada xanım kimi yaşamağa layiqdirlər, yükü kişi çiyninə götürər və sona kimi o yükü də daşımalıdır. Şükürlər olsun ki, mənim ailəmdə ailəmin başçısı həyat yoldaşımdır, buna baxmayaraq zəhmətsiz dayanmıram. Düzdür, yoldaşımın da dəstəyi çoxdur, amma anam demiş, biri var ki, əl çörəyi, biri də var ki, ər çörəyi yeyəsən. Heç sağ əlin də sol ələ möhtacı olmasın, bu gün mənə yoldaşım desə ki, get otur evdə bütün xərclərini ödəyəcəyəm, razılaşa bilmərəm, çünki özüm qazanmağa, zəhmətə öyrəşmişəm.

- Qayğıkeş ana, rəqqasə, bəzən isə qınağa boğulan qadın. Hərdən sizi tanımayan insanlardan iradlar da gəlir. Fatimə bu qədər yükü, öhdəliyi daşımaqdan çətinlik çəkmir ki?

- Çətinlik çəksəydim, mən çoxdan sınardım, məni illərdir bu sahədən vurmaq istəyən insanlar ki, bu səhnədən getməyimə çalışıblar, sındırmaq istəyiblər, bu alınmayıb. Mən güclü qadınam, kövrəyəm, amma güclüyəm. Ən əsası budur ki, məni heç vaxt heç kim sındıra bilməyib. Bu yaxınlarda gənc müğənni Damlanın İnstaqram səhifəsində bir yazı görüb kövrəldim, öz həyatım gözümə gəldi, onunla görüşüb bir böyük bacı kimi ona məsləhətlər verdim. Onun yaşadıqlarını mən də yaşamışam. Kənardan xoşbəxt görünürük, amma qınayanlar bilmir ki, biz nələr çəkirik, biz o xoşbəxtliyimizi əlimizdə saxlamaq üçün nə qədər əziyyətlərdən keçirik. Damlanın da bir sözü xoşuma gəldi ki, biz axşamlar evə qorxa-qorxa gəldiyimiz hissləri siz anlamazsınız. Elə olub ki, yorğun olmuşam, gözüm yorulub, maşın da idarə edirəm, gün ərzində bir neçə məclis idarə etmişəm, həm rəqqasə olmuşam, həm müəllimə, həm iş yerimi idarə etmişəm, axşam isə o yorğun vəziyyətdə əlimdə yük evimə girəndə arxamca çönüb baxmışam ki, birdən kimsə arxadan qəfil gəlib məni vurar.

- Olubmu ki, kədərini rəqsində gizlətmisən?

- O qədər olub. Elə olub ki, rəqs məni aparıb, kədərlənmişəm, buna baxmayaraq kədərimi rəqsimdə gizlədib fərqli ampluada təqdim etmişəm.

“ANAM VƏ AYDANLA QARA ZOLAQLARDAN KEÇDİK, QARDAŞIM YANIMDA DEYİLDİ, QOHUMLAR DA ÜZ ÇEVİRDİ”

- 15 yaşından sonra Fatimənin həyatında çətinliklər başladı, erkən dağılan ailə həyatı qurdunuz, atanız dünyasını dəyişdi, maddi problemlər oldu, Fatimə bütün bunların öhdəsindən necə gəldi?

- Mənim arxamda böyük Allahım dayanıb, mələklərimdir ki, məni bu illər ərzində qoruyub. Anam və Aydanla qara zolaqlardan keçdik. Həmin anlarımızda qohumlar da üz çevirdi, ata yox, bir qardaşım var idi, artıq o da xaricdə yaşayırdı, düzdür, çevrəmdəki insanları da tanıdım, amma bir məsələ də var ki, tanısam da anlaya bilmirdim. Həmişə hesab etmişdim ki, pis insan yoxdur. 39 yaşım var, deyərdim ki, bu son 3-4 ildir ki, mən insanları tanıyıram və başa düşürəm ki, həyatda pis insanlar da ola bilər. Hamıya dost demək olmaz. Sənin paxıllığını çəkən, çörəyinə təpik atan, üzünə gülüb arxanca danışan insanlar sənin dostun ola bilməz. Son illərdə Allah o insanları mənim ətrafımdan sildi, indi o qədər xoşbəxtəm ki, onu sözlə ifadə edə bilmərəm, hüzur içindəyəm.

- Aydanın atası ilə münasibəti necədir? Görüşməyinə icazə verirsiniz?

- Gəlin bu barədə danışmayaq. Aydanın atası da, anası da elə Fatimə Fətəliyevadır.

- Həyatda vuran, yoxsa vurulan tərəfsiniz?

- Mən heç kimi vura bilmirəm, məni vurublar. Hələ də bu vurulmağım davam edir, bir ayaqda yıxılıb, o biri ayaqda özümə kömək edib durmuşam. O insanları tanısam da, vura bilmərəm. Allah onların yollarını açıq eləsin ki, mənim üzərimdən göz-nəfslərini çəksinlər.

- Oriyental rəqsi atdınız. Bununla tamaşaçılarınızı, izləyicilərinizi itirdiyinizi düşünmədiniz? Ümumiyyətlə, buna səbəb nə idi?

- Açığını deyim ki, oriyental rəqsi heç vaxt özümə sığışdırmamışam. Mənim nəslimdə, ailəmdə oriyental rəqqasə də olmayıb. Bu da həyatımın qara zolaqlarından idi, mən o rəqsi məcburən oynadım, hesab edirdim ki, milli rəqslərin ifaçısı olaraq ailəmi qaldıra bilmərəm, bu mənə çox çətin olardı. O zamanlarda rəqqasələr az idi, cəld oynayan rəqqasələr də az idi. Bir məqam da var idi, mənim oriyental rəqs geyimlərim qapalı idi. Bir Allah onu bilir ki, mən o rəqsi ifa edəndə hansı dünyanı görüb qayıtmışam, üstəlik anam nələr çəkib. Bu dövr çox qısa oldu, mən uzaqlaşdım, heç arxaya da baxmaq istəmirəm. Buna şükür də edirəm. Kimisə o rəqsi ifa edən görəndə özümdən asılı olmadan ürəyimdə sıxıntı yaranır, onların da yerinə çox pis oluram. Nə qədər desək də ki, biz 21-ci əsrdə yaşayırıq, etiraf edək ki, bu, qınaq obyekti olur, biz azərbaycanlıyıq, mentalitetimiz var. Hind rəqsini də dava-qırğından sonra icazə alıb ifa edirəm.

“YOLDAŞIM TƏRƏFİNDƏN DÖYÜLDÜM, SÖYÜLDÜM, TƏHQİR OLUNDUM VƏ O AİLƏYƏ SON QOYDUM”

- Fatimə ailədə şiddət görən qadınlardan olub, yoxsa əksi?

- Heç bir xanım istəməz ki, gənc yaşlarında ailə qursun və ailəsi də dağılsın. Həyat yoldaşım tərəfindən döyüldüm, söyüldüm, təhqir olundum, o böyük bir sevgi nəticədə puç oldu. Mən o şiddəti yaşadım və o ailəyə son qoydum.

- Şou-biznesdən danışanda bütün məşhurların gileyləndiyini görürük, amma maraqlıdır ki, kimsə də şou-biznesi tərk eləmir. Hətta "bataqlıq", "çirkab" adlandıranlar da var. Fatiməni batıra bilərlər?

- Artıq bataqlıqdayıq (gülür). Bataqlıqdayıq, amma mən batmıram, çünki mən  özümü saxlamışam. Şou-biznesə qatılan elə insanlar var ki, özlərini tez itirirlər, yanlış yola düşürlər, o insanlara görə bu sənətdə namusunu, qeyrətini qoruyan insanlar da batır, bu da bizə böyük bir ləkədir. Amma tanıyan tanıyır, hərdən yaxınlarım deyir ki, haqqında bəzən səhv nəyisə deyirlər, kaş elə o cür olaydın, deyirəm ki, yox, razı deyiləm. Biz nə qədər də nəyisə gizlətməyə çalışsaq da, axı Allahımız hər şeyi bilir. Bütün yaxşı, pis əməllərimiz onun qarşısındadır. Desəm də ki, məndən yoxdur, mən idealam, bilirəm ki, tamaşaçıları bununla aldatmış olacağam. Məni tanıyan yaxınlarım bilir ki, mən özümü bu şou-biznesdə itirmədim. Elələri də var ki, deyir ki, mən şou-biznesdə deyiləm, bəs hardasan ki? Bu da bir mədəniyyətdir. Mən də rəqqasə kimi və şou-biznesin nümayəndəsi kimi Azərbaycanı bir neçə ölkədə təmsil etmişəm. Bu bizim incəsənətimizin bir qoludur.

- Fatimə kimisə özünə rəqib bilir?

- Rəqibsiz səhnə çox boş görünəcək. Əgər rəqib olmasa, Fatimə çoxdan kitabını bağlayıb gedib evdə oturar. Fatimə üçün sağlam rəqiblər var, amma onlar üçün inanmıram, mən onlara böyük bir düşmənəm, özləri bilir kimləri nəzərdə tutdum, hamısı gəlib qulağıma çatır. Eşidəndə deyirəm ki, Allah canlarını sağ eləsin. Əvvələr isə belə hal olanda əsəbləşirdim, başımı divara vururdum, telefonu götürüb ona zəng edirdim ki, niyə haqqımda belə danışmısan?  Efirlərə çıxıb danışırdım, indi deyirəm ki, demisənsə də Allah canını sağ eləsin, çox sağ ol. Mən öz işim, tələbələrim, konsertlərimlə onları susdururam.

- Oksana Rəsulova ilə münasibətlər necədir? Səhnənin iki ən tələbatlı rəqqasəsisiniz. Təbii ki, Fatimə milli rəqslərlə öz sözünü deyib artıq. Soyuq küləklər əsirdi aranızda. Bəlkə barışıq addımını atasınız...

- Məni Oksana Rəsulova ilə bir pillədə qoymayın, çünki Oksana Azərbaycan rəqsini oynamır, mən Hindistanı deyil, Azərbaycanı təmsil edirəm. Kinli insan deyiləm, tez unuduram, ama səmimiyyətimin qarşılığını görməyəndə mənə də xoş gəlmir. Mənim şəxsiyyətim var, mən özümü onların sırasında yüksəkdə hiss edirəm, çünki mənim uğurlarım onlardan da yüksəkdədir. Allah onun işini avand eləsin, uğurları bol olsun, həm rəqqasə, həm də aktrisa kimi. Bir şeyi də deyim ki, bir xanım kimi mənim ona simpatiyam da var, bu sənətdə onun da, mənim də öz yerim var.

- Bu qədər işin, qayğının arasında Fatimənin mətbəxlə arası necədir?

- Heç aram yoxdur, əvvəllər yenə nəsə edirdim, indi yadımdan çıxıb mətbəxdə bıçaq nə rəngdə olur (gülür), yeməyi sevirəm, amma bişirməyi yox. Vaxtım olmur, ona da vaxt ayırsam, gərək özümü asım (gülür). Evdə kömək edən insanlarım var, heç inanın ki, mən evdə tapılmıram, heç elə olur ki, ev yeməyi də yemirəm. Həyatım qaçaqaçdır.

- Əmanətə xəyanət etdiyiniz məqamlar olub? Hərdən şeytanın da insanı yoldan çıxardığı məqamlar olur...

- Yox, mən əmanətə xəyanət edən insanlardan deyiləm, Çox sadiq biriyəm. Sadiqlik görmədiyim insanları da tez silirəm.

“MƏN ANAR AĞAKİŞİYEVİ 300-LÜKDƏ GÖRÜRƏM”

- Toliklə deyəsən tez-tez küsüb-barışırsınız. Necədir indi münasibət?

- İndi hər şey yaxşıdır, ikimiz də əsəbiyik deyə özümüzdən tez çıxırıq.

- Stilist Anar Ağakişiyev müğənnilərin dəb səsverməsində sizi 30-luqda görməmişdi? Anarın sizin görkəminizi bəyənməməsinə nə səbəb olmuşdu? Sizi zövqlü hesab etməmişdi, ya necə?

- Ümumiyyətlə, mən Anarı nə stilist, nə də modelyer kimi görmürəm. O məni 30-luqda görmürsə, mən onu 300-lükdə görürəm.

- Fatimə necə hesab edir, ana kimi, yoxsa övlad olaraq daha məsuliyyətlidir?

- Ana olandan sonra övladları düşünməyə başlayırsan, hər iki yükü özüm daşıdığıma görə düşünürəm ki, ana qayğıları daha çoxdur.

- Bir qədər yaradıcılığınızdan, yeni planlarınızdan danışaq, tamaşaçılarınıznı  nə gözləyir?

- Hər zaman repertuarımda bütün dünya rəqslərinə yer verirəm. Ən son Persi (İran) rəqsini ifa etdim, nazlı bir xanımın obrazını yaratdım. Düzdür, yay aylarıdır, istirahət etməli olsam da, edə bilmirəm, yeni rəqslərim üzərində çalışacağam. Mayda kimsəsiz uşaqlara konsert də həsr etdik. Bunu bir hesabat olaraq etdik və onları da sevindirdik. Payız aylarında da yeni işlərim gözlənilir, klip çəkəcəyəm, rolik hazırlayacağam. Hələ ki güc varsa, o uğurlarımı sizinlə bölüşəcəm.  

“O AİLƏDƏ Kİ KİŞİNİN ZƏHMİ YOXDUR, ORDA RUZİ DƏ OLMAZ”

- Fatimə necə düşünür, qadın ailədə kişinin hər sözünə “baş üstə” deməlidir, yoxsa yola verməlidir?

- Bir ifadə var, bəzi xanımlar deyir ki, mən kişi kimi qadınam. Bununla razı deyiləm, kişi kimi qadın ola bilməz. Kişi elə kişidir, qadın isə elə qadındır. Qadın ona xanımlıq yaraşan bir məxluqdur. Azərbaycan xanımı kişinin sözünə qulaq asmalıdır,  o ailədə ki kişinin zəhmi yoxdur, orda ruzi də yoxdur. Amma hərdən yola vermək lazımdır. Fikir verirsinizsə, kişilər yaş artdıqca daha da uşaqlaşırlar. Biz xəstə olanda o xəsətəliyi ayaq üstə keçiririk, onlar isə əksinə, qulluq edirik, canımızı veririk. Onlar da bizə çox şeylərdə güzəştə getməlidir, ailəmiz dağılmasın deyə hərdən yola verməliyik.

- İkinci dəfə gəlinlik geyinən qızlara necə baxırsınız?

- Bunu çox yaxşı hal kimi qarşılayıram, yaşın fərqi yoxdur. Ola bilər ki, gənc yaşında ailə qurub, amma alınmayıb, lap iki-üç övladı var, onun qarşısına yaxşı bir insan çıxıb onu elə qəbul edib evlənirsə, məncə, o kişiyə halaldır,   o Allahın qarşısında da böyük bir rəğbət qazanır. Atam həmişə deyirdi ki, mən qızımı döyə, söyə bilmirəm, qız böyüyür bilmirsən ki, hansı ocağa düşəcək, ona necə baxacaqlar, necə bir kişi əlinə düşəcək, qoy elə evdə nə istəyir etsin. (gülür)

- Ən bahalı geyiminizin qiyməti neçədir?

- Mən bahalı geyimləri sevmirəm, geyimə verdiyim o qədər pulu ailəmə xərcləyərəm. Daha çox milli geyimlərimə çox pul xərcləyirəm. Səhnə gözəllik tələb edir, 1500-ə də, 1200-ə də geyim tikdirmişəm. Gündəlik isə idman üslubunda olan geyimləri sevirəm, 2000-3000-ə paltar almağı xoşlamıram. Ömrümdə 1 dəfə çəkməyə 1000 dollardan çox pul verdim, özümü min dəfə söydüm ki, neynirəm onu.  (gülür) Çünki 1 dəfə geyinəcəm, gözümdən düşəcək. Ucuz olsun, keyfiyyətli olsun.

- Sosial şəbəkələrdə, eləcə də məşhurlarn şəxsi hesablarında iradlara, hətta təhqirlərə də rast gəlirik. Həmin vaxt paylaşımın “şərh” bölümünü bağlayanlardandır? İradları necə qarşılayırsınız? Təhqirlər sizi qıcıqlandırmır ki?

- Çox qıcıqlandırır, o şərh bölümünü bağlamaq da təzə yarandı, əvvəllər olmurdu deyə nələr yazırdılar, nələr deyirdilər... Deyək ki, 100-dən 30%-i yazır, amma o 30% da olmasa, biz yaşamarıq. Bunu normal qarşılamaq lazımdır, onlar bir parazit kimi bizim həyatımızda həmişə olublar, olacaqlar da.

- Fatiməyə görə qadın nə zaman dəyərini itirir?

- Mənim üçün qadın o zaman dəyərini itirir ki, o güzgüdə özünə baxanda özünə hörmət etmir, bax onda öz dəyərini itirir. Qadın özünü sevməlidir, güzgüyə baxanda birinci növbədə öz-özünə deməlidir ki, mənim namusum, vicdanım özümün qarşısında təmizdir. Özünə hörmət etməyən qadın tez bir zamanda gözümdən düşə bilər. Ətrafımda qızlar var ki, az qala telefonu onların başına vuram ki, özünüzə hörmət edin, qiymət verin, vaxt, illər elə tez uçur ki, bir də görəcəksiniz etdiklərinizə peşmansınız. Bunu etməyin ki peşman olub arxaya baxanda özünüzü söyməyəsiniz.

“BOYNUMA ALIRAM, O QƏDƏR SƏHVLƏRİM OLUB Kİ...”

- Peşmanlıqlarınız nədir bəs?

- Onlar mənim səhvlərimdir. Boynuma alıram, o qədər səhvlərim olub ki, amma insan səhv edəndə də gərək özündən utanacaq bir şey etməsin.

- Hazırda Fatimə nə dərəcədə xoşbəxtdir?

- Çox xoşbəxtəm, ona görə ki, sizlər varsınız, nəfəs alıram, görürəm, gülün, çiçəyin ətrini hiss edirəm. Xoşbəxt olmaq üçün tək kişi amili deyil ki, insan hər anına şükür etməlidir. Allaha çox inanıram, dualar oxuyuram.

- Son olaraq Fatimə özünü kənardan necə təsvir və ya təqdim edərdi?

- İstərdim ki, özümü daha da kübar görüm, amma o məndə alınmır, çox sadəyəm. Özümü buna görə danlayıram, xeyri yoxdur, deyəsən, bu sadəlik mənimlə ömrümün axırına kimi gedəcək.

- Fatimə dəvətimizi qəbul edib bugünkü müsahibimiz olduğunuz və bütün suallara çəkinmədən, açıqsözlü cavab verdiyiniz üçün sizə təşəkkür edirik. Kövrək olduğunuzu bilirik, hərdən danışarkən kövrəldiyinizi də hiss etdim, elə Fatiməni də səhnədə saxlayan bu sadəliyi və səmimiliyidir.

- Mən də MUZ TV ailəsinə arzu edirəm ki, canları sağ olsun, il gəldikcə o böyük, gözəl kollektiviniz daha da mükəmməl olur, maraqlı verilişlər təqdim edirsiniz. Sizi sevən tamaşaçılarınız daim yanınızda olsun.        
 
Lamiyə BALACAYEVA
Fotolar: Elkin ƏSGƏROV
Video: Elfaq LƏLƏYEV
Montaj: Elkin ƏSGƏROV     
         



















































668 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May






















26 May