Mənzurə Musayeva üç il əvvəl ayrılıb
Model şəkilləri ilə gündəmə gəldi
Elza Seyidcahanı kim əsəbləşdirdi?
Aşıq Samirə görünüşünü dəyişdi

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Eldar Qasımov: “Onun ərə getdiyini biləndə otağımdakı bütün şəkillərini məhv etdim” – fotolar

31-05-2017


Muz TV Azərbaycan kanalı və muztv.az saytında yayımlanan “SorğuMUZ” layhəsinin budəfəki qonağı səhnəmizin gənc, istedadlı, poliqlot müğənnisi, Azərbaycanın “Eurovision 2011” qalibi Eldar Qasımovdur.

- Eldar, xoş gördük. Bu dəfə sorğumuz sənin üzərinə qurulacaq. Hazırsan?

- Hazıram, xoş gördük..

- 2011-ci ildə Azərbaycanı “Eurovision”da təmsil etdin və qalib oldun. Çox ehtimal ki, məhz o ilə kimi Eldarın həyatı da başqa idi. 2011-ci il və hazırda yaşadığımız 2017-ci il. Bu 6 il Eldarın həyatında nələri və kimləri dəyişdi?

- Mənim 2011-ci ildən əvvəl müğənnilikdə heç bir əlaqəm yox idi, amma ömrüm səhnə ilə bağlı idi, çünki nənəm xalq artisti, babam əməkdar incəsənət xadimidir, buna görə də mən və qardaşımın uşaqlığı nənəmin çalışdığı Gənc Tamaşaçılar Teatrında keçib, kulisdə nənəmi izləyirdik. Düşünürəm ki, həyatıma sevgini nənəm bəxş edib, bu gendən irəli gəlir. Universitet illərindən artıq səhnədə oxumağa başlamışdım, 2011-ci ildən bu tərəfə kimi dəyişən o oldu ki, mən daha peşəkar, mənimlə işləyən insanlara qarşı isə daha tələbkar oldum. Biz qalib gələndə bizi milli seçim turlarında pisləyən, söz atan insanlar qələbəmizdən sonra üzümüzə gülürdülər, guya qələbəmizə inandıqlarını deyirdilər, amma bunun bizim üçün heç bir önəmi yox idi, çünki həqiqəti bilirdik. Ona görə də ən yaxın dostlarım məktəb və  universitet vaxtlarımdan qalıb, hələ də onlarla dostluq edirəm.

- Paxıllıq gördüyün insanlar oldumu?

- Əlbəttə ki... O qədər paxıllıq edənlər gördüm ki... Bu məşhurluq mənim üçün çox böyük bir məsuliyyətdir, mən bilirdim nəyə gedirdim, necə olacağını belə gözə almışdım, belə bir ailədə böyüdüyüm üçün deyərdim ki, hazırlıqlı idim. Tanınmaq mənim peşəmin bir hissəsidir, kiməsə əl etmək, şəkil çəkdirmək və s. Əsas hissə isə mahnı yazmaq, səhnədə olmaq və insanlara öz daxili dünyamı sənətim vasitəsilə çatdırmaqdır.  Nənəm mənə həmişə deyirdi ki, bu sənət o qədər də asan olmayacaq, hərdən yorulub qaçacaqsan, onun dediklərində həqiqət var.

- Eldar, düşünmürsən ki, sənə məhz 21 rəqəmi uğur gətirir? Azərbaycanı təmsil edərək qalib gələndə 221 xal toplamışdınız. Səhv etmirəmsə, 21 yaşın var idi. Bu təsadüfdür, ya necə? 21 uğur simvolun ola bilər?

- Bəlkə də uğur simvoludur. Amma mən Almaniyanın özünü uğur simvolu sayıram, çünki uşaqlıqda Almaniyda təhsil almışam,  orada alman dili, vokal dərs kurslarını mənimsəmişəm. Mənim üçün əsl uğur simvolu məhz Almaniyadır.

“DOSTLARIM ELƏ BİLDİ Kİ, ERMƏNİLƏR MƏNİ ƏSİR ALIB VƏ HƏMİN PAYLAŞIMLARA MƏCBUR EDİR”

- Bu yaxınlarda, təxminən 1 ay öncə xoşagəlməz bir hal yaşandı, erməni hakkerlər sənin İnstaqram səhifəni oğurladılar, həmin an Eldarın əsəb, stressini başa düşmək olar. Belə bir məqamın bir daha təkrarlanmaması üçün hansısa bir qabaqlayıcı tədbirlər gördünmü?

- Əsəb, stressim yox idi. Düşünülmüş bir hərəkət etmişdilər, bilirdilər ki, kimin İnstaqramını sındırırdılar, çünki mənim çoxlu xarici izləyicilərim var, onlar dərhal mənə zəng etməyə, yazmağa başlayıblar. Amma həmin gün iki çəkilişdə, canlı verilişdə olduğum üçün onlara cavab verə bilmirdim. Daha sonra "whatsapp" ıma yazıb səbəbini soruşmağa başladılar, menecerim telefonumu mənə gətirdi ki, mütləq cavab ver.  Dostlarım mesajda yazırdılar ki, əgər mən indi cavab verməsəm Londondakı Azərbaycan səfirliyinə gedəcəklər. Zəng edib onlara dedim ki, hər şey yaxşıdır, mənim səsimi eşidib sevindilər. Dostlarım deyir ki, qorxduq, elə bildik ki,  ermənilər səni əsir götürüb və səni belə paylaşımlar etməyə məcbur edirlər. Tək ona görə üzüldüm ki, mənim izləyicilərim belə alçaq, çirkin məlumatları, paylaşımları məhz mənim səhifəmdən gördülər. Bilmədən həmin paylaşımları bəyənənlər də var idi. Düşünürəm ki, onlar da bunu bilməyərəkdən edib, bu da onların sevgilərinin göstəricisidir ki, məni izləyirlər. Amma diqqətli olmalıdırlar. Məhz bu səbəbə görə üzüldüm və izləyicilərimdən üzr istəyirəm. Bu dəhşətli bir hal idi, hamı bilir ki, mən sevənlərimin, izləyicilərimin qarşısına yaxşı işlərimlə, pozitiv şəkildə çıxıram. İzləyicilərimə minnətdaram ki, mənim çağırışımı eşidib. səhifəmi şikayət etdilər, həmin paylaşımların davam etməməsi üçün səhifə bağlandı. Bu yaxınlarda yaxın dostlarım və komandamla birgə İnstaqram təmsilçilərinin özü ilə danışdılar, İnstaqram mənə üzr məktubu göndərdi və səhifəmi artıq özümə qaytardı.

- Səhifəni rəsmiləşdirdin?

- Bununla məşğul olmamışam. Çox təəssüf ki, Azərbaycanın İnstaqramla sazişi yoxdur, Azərbaycan instaqram istifadəçiləri ilə bilavasitə işləmir. Biz bu rəsmiləşdirməyi Türkiyə vasitəsilə edirik, alırıq. Amma mən istəyirəm ki, İnstaqram özü məni tanısın, bunu tam olaraq ödənişsiz etsin, çünki mənim buna haqqım var. Onlar özləri də deyiblər ki, sadəcə bu proses bir az uzun çəkir, "Eurovison" qalibi olduğunuz üçün tam haqqınız çatır.

- Biz Eldara poliqlot deyə bilərək. Eldar Azərbaycan, türk, rus, ingilis, hətta alman dillərini bilir. Hətta bu yaxınlarda Ukraynada konserti zamanı ukrayna dilində mahnı da ifa etmişdin. Eldar çox dil bilmək bacarığı ilə yenə də gündəmi zəbt etmişdi. Bu onun siyasəti ola bilərmi? Düsseldorfda qalib gələndə də Almaniyada mətbuat konfransı zamanı Eldar suallara alman dilində cavab verirdi.

- Əslində mən uşaqlıqdan alman dilini öyrənirəm və bu dil mənə ingilis dilindən daha yaxındır, mənim üçün 2-ci ana dilidir,  çoxlu alman dostlarım var ki, mən Almaniyada olanda onlarla alman dilində danışıram, təbii haldır. Bu mənim hobbimdir. İndi ispan dilini öyrənməyi qarşıma məqsəd qoymuşam. Keçən il İspaniyada, Barselonada münsiflər heyətində olmuşam, bu dilə vurulmuşam. Bu sevgim, məhəbbətim uşaqlıqdan var idi, Natalia Orerio adlı müğənnini hər kəs tanıyır. O müğənni ispan dilində mahnılar  ifa edir, onu sevirdim, Nataliaya görə dilə də vuruldum, ispan dilində sözlərini bilmədən belə mahnılar ifa edirdim. Sonra onun ərə getdiyini bildim, mən də kədərlənib evdə onun bütün şəkillərini məhv etdim. O zamanlar 12 yaşım var idi. Həmin hadisədən sonra bu sevgi soyudu dilə qarşı, onun mahnılarına qarşı dəyişdim. İspaniyaya səfərimdən sonra həmin dili öyrənmək sevdasını gerçəkləşdriməyi düşündüm, buna vaxt lazımdır. Dil öyrənəndə insanların başqa mədəniyyətlərini, müsbət tərəflərini də mənimsəyirəm.

- Bir qədər Eldarın şəxsi həyatından danışaq. Ola bilməz ki, özəl həyatınızda kimsə olmasın...

- Mən ümumiyyətlə şəxsi həyatım barədə danışmıram. Bu mənim üçün qapalı mövzudur.

- Sirr deyilsə, Eldar necə bir xanımı bəyənir? Bu xanım əcnəbi ola bilərmi? Evlilik üçün hansı yaş dönəmini planlayırsınız?

- Bu barədə heç nə planlamıram. Mənə çox qəribə gəlir ki, hələ məktəb vaxtından görürdüm ki, çevrəmdəki insanlar hansı yaş dönəmində evlənəcəyini planlayırdı. Axı bunu necə planlamaq olar? Bəlkə sən 30-40 yaşına kimi kimisə tapa bilməyəcəksən. Bəlkə planladığın yaşdan tez kiməsə vuruldun... Belə şeyləri planlamaqla həyata keçirtmək olmur. Bu fizika, riyaziyyat deyil ki, dəqiq olsun. Bu sənin daxili dünyandan aslı olacaq bir şeydir. Sən hansı yaşda ki, onu hiss etdin, bax onda reallaşdırmalısan.

"EVLƏNƏCƏYİM XANIM YAŞCA MƏNDƏN BÖYÜK, ƏCNƏBİ DƏ OLA BİLƏR”

- Belə çıxır ki, Eldar sevəndə evlənmək istəyir?

- Yox, belə deyil. Sevgi ilə də əlaqələndirmirəm. Olur ki, sevirsən, 4-5 il yaşayırsan, sonra görürsən ki, bu insan sənlik deyilmiş. Biz onunla bir-birimizi seviriksə, çox şeylərə dözməliyik. Münasibətlərdə əsas dürüstlük olmalıdır. Dürüst, səmimi olmaq lazımdır. Münasibətlərdə problemlərdən danışmaq lazımdır, əgər siz sevgilinizlə problemlərdən danışırsınızsa, demək ki, siz bir-birinizi eşidirsiniz, başa düşürsünüz.

- Seçimin əcnəbi bir xanım ola bilər?

- Ola bilər. Xanımın məndən 3-5-10 yaş böyük və ya balaca olması da heç bir əhəmiyyət kəsb etmir. Sevgi buna baxmır. Əsas ürəklər, qəlblər bir döyünsün. Sənətimi anlaması isə çox vacib bir məsələdir. Çünki mən elə insanam ki, sənətimi, musiqini heç kəsin ayağına verə bilmərəm. Sənətimə xəyanət etmərəm, bunu başa düşüb-anlamaq lazımdır.

- Müsahibələrinizin birində oxumuşduq ki, Eldar demişdi ki, ailə qursam, karyeramın sonu olacaq, özümü ailəmə, övladlarıma həsr edəcəm. Etiraf edək ki, bu meyarlar səhnədə olan bir çox kişi sənətçilərimizdə yoxdur. Eldarın da fərqli həyat tərzini, düşüncəsini bilirik. Bəs Eldar ailə qurduqdan sonra bütün bunların hamısını qurban verəcək?

- Əlbəttə.. Bəs necə? Sənin övladın olur, sənin yanında o insan olacaq ki, sən ona cavabdehsən. Heç olmasa, gündə bir neçə saat övladına vaxt ayırıb ona tərbiyə verməlisən, o sənin sevgini, sənin yanında olmağını, gücünü, ürəyini hiss etməlidir, əgər bu olmasa evlilik nəyə lazımdır ki? Bütün ömrümü, səhərdən axşama kimi sənətimə həsr edirəm, studiyalar, verilişlər... İndi həqiqətən sənətimə ehtiyacım var. Ona görə də hələ ki, ailə-uşaq haqqında düşünmürəm, bilirəm ki, bu, çox böyük bir məsuliyyətdir. Bizim cəmiyyətdə əksər insanlardan o problem var ki, gənc yaşlarında ailə qurub, uşaq dünyaya gətirib sonra da bilmirik ki, nə edək. Çalışırıq ki, onları geyindirək-yedizdirək, pul qazanmaq üçün ora-bura qaçırıq, amma əsas məsələ ortada qalır. Bu qədər qaçaqaçın içində təbii ki, övladlarımız şikəst böyüyəcək, yetərincə sevgi görməyəcək. Avropada isə belə deyil, onlar gec evlənirlər, amma hazırlıqlı şəkildə. Mənim üçün əsas sənətimdir.

- Eldar Beyonsu çox bəyənir. Onunla bir səhnəni bölüşmək Eldar üçün nəyi ifadə edir? 

- Mən Beyonsun sənətini, peşəkarlığını sevirəm. Onun konsertində olmaq istərdim, Mən zalda oturub izləməyi sevmirəm. Kulis arxasından onların səhnəyə necə hazırlaşmaqlarını, adətlərini görmək istərdim. Yeganə müğənni Beyonsdur ki, onu zalda oturub hər kəs kimi izləmək istəyərəm. Böyük bir artistdir, səhnə bölüşməyi düşünmürəm. Bizim səslərimiz, səs tembrlərimiz fərqlidir, tutmaya bilər.

“HƏRDƏN DEPRESSİYAYA DÜŞSƏM DƏ, HƏYATDAN KÜSƏN DEYİLƏM”

- Depressiyaya tez-tez düşürsən?

- Bəli, düşürəm. Əslində depressiv insan deyiləm, əkizlər bürcündənəm, sadəcə bir oyundur. Hərdən qəmgin vaxtlarımı xoşlayıram, kədərli olanda yaxşı mahnılar yazıram, hərdən yağışa baxmağı, yağışın altında gəzməyi, səhər tezdən bir fincan çayla pəncərədən baxmağı sevirəm. Bu bir növ ruhumu qidalandırır, amma həyatdan küsən insan deyiləm. Əksinə getdiyim yerlərdə də kədərli insanlar görəndə onları sevindirməyə, ruhlandırmağa çalışıram.

- 2008-ci ildən Azərbaycanı Eurovisonda təmsil edirik, 10 iştirakçımız olub. Amma bir qalibimiz var, ElNiki. Eldar özünü seçilmiş hesab edirmi? Niyə məhz sən? Azərbaycan təmsilsilərindən kimə qarşı haqsızlıq oldu?

- Haqsızlıq heç olmadı, hər şey, hər kəs öz yerindədir. "Eurovision"u 100 milyonlarla insan izləyir, səs verir, münsiflərin də xalı var. Fikir verirsiniz ki, bu  müsabiqədə hər il yenilik olur, hər il yeni janrda, istiqamətdə olan mahnılar seçilir, üzə çıxır.

- Bizim təmsilçilərdən kimi daha çox bəyəndin?

- Diana Hacıyeva. Onun mahnısını xoşlayıram, mənim üslübumdadır, çox müasir yazılıb. Safuranı da bəyənirəm. Dilarə Kazımova çox gözəl qızdır, biz onunla dostuq, ona qarşı qorxuram ki, subyektiv olaram. Fəridin “Hold me” mahnısı da qəşəngdir. Bir sözlə, mahnı baxımından Diana Hacıyeva, artist kimi Dilarə Kazımova.
 
“ƏGƏR BU SƏNƏ YARAŞIRSA, NİYƏ DƏ ETMƏYƏSƏN, BƏYƏNMƏYƏN KANALI ÇEVİRSİN”


- Bir çox sənət adamları səhnədə saçını rəngləyən, sırğa taxan kişi həmkarlarını qınamışdı. Eldarın buna münasibətini bilmək istərdik..

- Əgər sənə yaraşırsa, bu saç rəngi, sırğa səni pis göstərmirsə, niyə də bunu etməyəsən?! Amma kiminsə xoşuna gəlmirsə, sadəcə kanalı çevirsin, baxmasın. Mənim də çox şey xoşuma gəlmir, onların mahnı seçimlərinin keyfiyyətindən tutmuş geyimlərinə kimi, bunu görəndə susuram, mənə maraqlı deyil, özləri bilərlər.

- Çevrəndə bir çox xanım dostlarının olduğunu bilirik. Bu da birmənalı qarşılanmır bəzən. Elə 2011-ci ildə "Eurovison" ərəfəsində Nigarla da sevgili olma xəbərləri gündəmi zəbt etmişdi...

- Dil danışmaq, göz görmək, qulaq da eşitmək üçündür. Ona görə də insanlar nəsə görüb, eşidib harasa yozub danışırlar. Ona görə də münasibətim heç cürdür. Qoy danışsınlar. Fikir vermirəm. Əsas ailəmin, yaxınlarımın və əsl inanan pərəstişkarlarımın fikridir. Onlara görə nəyəsə fikir verə bilərəm.

- Aparıcı Ranar Musayevin ad günündə Nigar Camalla ecazkar rəqsinizin şahidi olmuşduq. Bütün dünyada səs-küy doğuran "Bozun 50 çaları" filminə Nigarla çəkilmək istəyərdin?

- Yox, mən heç ümumiyyətlə bu filmə baxmamışdım. Deyəsən ehtiraslı, əxlaqsızlıq filmdir. Belə filmləri xoşlamıram. Daha çox triller, hərdən isə komediyalara baxıram. Belə filmlərə çəkilmək istəməzdim. Bəlkə də çəkilərdim, amma məntiqli olsaydı, istiqamətləndirən film olsaydı. Dostlarımın rəyinə əsasən, heç o filmə baxmağa dəyməz.

- Müsahibələrində bəzi həmkarlarını reytinq xətrinə boş-boş danışmaqda qınamışdın.  Ümumiyyətlə, mənfi enerjini tez alıb-ötürürsən, ya necə?

- Mənfi enerjini almıram, əvvəllər belə deyildim. İndi isə heç önəmsəmirəm.

“AZƏRBAYCANDAKI TOYLARA ELƏ DƏ ÇOX GETMİRƏM”

- Təlabatlısan. Xərclərin nə qədərdir? Gəlirin necə? Gəlirin xərcini ödəyirmi?

- Hər şey yaxşıdır. Qazanc mənbəyim sənətimdir. Daha çox koorporativlərdən, bəzən toylardan qazanıram. Amma Azərbaycandakı toylara elə də çox getmirəm. Çünki burdakı toylara başqa janrlarda ifa edən müğənnilər lazımdır, daha tələbatlıdırlar. Xaricdə, Ukraynada, Qazaxıstanda olan toylara gedirəm.

- Eldar tələbatlarına nə qədər xərcləyir?

- Bu çox fərqlidir. Məsələn, 1 aya 5 min manat, 1 ay isə 200 manat xərcləyirəm, 1 ay evdə otururam.

- Dəbi 5 manata almaq olar? Hər dəfə brend geyimlərə üstünlük verənsən?

- Yox, belə deyil. Dəb sənin daxilindədir. Ola bilər ki, sən 200 minlik bir şeyi alırsan, geyinirsən əyninə, soruşursan məndən ki, necədir? Mən bilmirəm ki, nə deyim. Necə deyim ki, bu libasda pis gündəsən? Desəm, kefi pozulacaq, ürəyi gedəcək. 50 manatlıq bir libası da alıb insanlara elə təqdim etmək olar ki, camaatın çənəsi düşər. Puldan söhbət getmir, bu zövqdən asılıdır, bu sənin özünü daxilən necə hiss etməyindən aslıdır.

“ONU BAĞIŞLASAM DA, YENİDƏN QƏBUL ETMİRƏM”

- Mühakimə edənsən? Ümumiyyətlə, hansısa bir hadisə baş verərsə, günahkar axtaransan, yoxsa ötüb keçirsən?

- Hərdən olur ki, günahkar axtarıram, amma öncə özümdə günahlar axtarıram, bu məsələ mənə aiddirsə. Səhv mənim deyilsə, bax onda günahkar axtarıram. Elə də çox mühakimə edən deyiləm. Ona görə ki, səhv mənim deyilsə, o özü bu barədə düşünsün. Mən kiminsə yerinə niyə düşünüm ki? Ona tərbiyə də verə bilmərəm.

- Xəyanəti bağışlayırsan?

- Bağışlayıram. Amma xəyanət tək sevgililərin arasında deyil, dostluqda da ola bilər. Bağışlasam da, yenidən  qəbul etmirəm, sadəcə belə insanları öz ətrafımda görmək istəmirəm.

- Qalib gələndə milyonlar həmin insanı səsləyir, amma qalib yalnız bir səs eşitmək istəyir. Bəs Eldarın həyatında belə bir məqam olubmu? Elə 2011-ə nəzər salaq...

- Nəinki 2011-də, hərdən olur. Hər kəs sənə zəng edir, maraqlanır, amma mənə bir zəng və ya bir səs vacibdir, bir məsləhəti istəyirəm.

“HƏR KƏS SƏNƏ ZƏNG EDİR, SƏN İSƏ YALNIZ BİR SƏS EŞİTMƏK İSTƏRSƏN”

- 2011-də bunu yaşadın?

- Yadımda deyil, həqiqətən unutmuşam. Çünki o gecə başım elə qarışıq idi ki, xatırlamıram, bəlkə də kimsə olmuşdu...

- Bəlkə həmin gün səni yarı yolda qoyan insanları unutmuşdun?

- Mən kinli deyiləm. Bu yaxınlarda dostlarımla oturub söhbətləşirdik. Mənə pislik edən insanı yanımdan niyə uzaqlaşdırmağımı onlar mənə xatırlatdı.

- Onda sənin üçün qürur anlayışı mütləqdir?

- Əgər mən görürəmsə, bu insan öz səhvini başa düşmür, bilə-bilə məni incitmək üçün  bunu edir, deməli, bu insan məni qiymətləndirmir, dəyərləndirmir, dost bilmir. Elə insan həyatımda nəyimə lazımdır?! Mən tamaşaçılara, izləyicilərə demək istəyirəm ki, yanınızda sizə həqiqətən dəyər verən, dürüst insanları saxlayın, seçim edə biləsiniz deyə, bu çox vacibdir.

- Eldar, çox sağ ol, sənə təşəkkür edirik, təklifimizi qəbul etdin, görüşdük, düşünürəm ki, uğurlu bir müsahibə alındı...

- Məncə hər şey çox gözəl keçdi və qeyri-adi suallarınıza görə çox sağ olun demək istəyirəm. Bizi MUZTV vasitəsilə izləyən tamaşaçılara, izləyiciləri salamlayıb onlara da təşəkkür edirik. Sağ olun ki, bu gün “SorğuMUZ”un qonağı mən oldum.
 
Lamiyə BALACAYEVA
Fotolar: Emin MƏMMƏDOV
Video: Elfaq LƏLƏYEV
Montaj: Elkin ƏSGƏROV


 





















































979 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Oktyabr






































16 Oktyabr