Mənzurə Musayeva üç il əvvəl ayrılıb
Model şəkilləri ilə gündəmə gəldi
Elza Seyidcahanı kim əsəbləşdirdi?
Aşıq Samirə görünüşünü dəyişdi

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Ramiz Novruz: “Qonorarı yüksək deyirəm ki, neçə minə biabır olduğumu bilim" - fotolar

26-05-2017


MuzTV kanalı və Muztv.az saytında yayımlanan "SorğuMUZ" layihəsinin budəfəki qonağı teatr və kino aktyoru, Xalq Artisti və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruzdur.
 
-  Öncə danışaq hazırda çəkildiyiniz və böyük tamaşaçı kütləsi qazanan "Vicdan Haqqı" serialından. Çəkilişlər nə yerdədir? Qarşıda tamaşaçıları nə gözləyir?
 
-  Mən tamaşaçıların belə yaxşı qarşılamasından bilirəm ki, çox uğurludur. Düşünürəm ki, teleməkanda bütün verilişlər qarışıq, baxılan seriallardan biridir, bu, xoşdur, təbii ki, mənim də orda olmağım mənə bir o qədər xoşdur ki, bir aktyor kimi zəhmətim hədər getməsin. Elə seriallar var ki, 8-9-cu serialdan sonra yığışdırmağa başlayırlar. Bildiyimə görə, kanal özü də bu serialın davamlı olmasını istəyir, yəni, 3-cü mövsüm davam etsin. Hadisələr getdikcə gərginləşir, qəlizləşir, yeni mövsümdə tamaşaçıları daha gərgin səhnələr gözləyir, bəzi süjet xəttinə görə itmiş obrazlar geri qayıdırlar. Deyərdim ki, hər bir rolun öz yükü, funksiyası var. Qalır aktyorların böyük həvəs və məsuliyyətlə davam etməyi. Bu da təbii ki, Rövşən İsaxın səriştəsinin məhsuludur ki, Azərbaycanda son illərdə mənim aktyor kimi çox sevdiyim, qəbul etdiyim gənc aktyorlar yetişdirir. Mənə elə gəlir ki, elə bu, seriallarımız barədə bədbin düşünən insanlara çox yaxşı cavabdır. Hərdən deyirlər ki, sizlərdən sonra nə olacaq? Mən bu fikirlə razı deyiləm, özüm də bəzən yadımdan çıxarıb tamaşaçı kimi oturub izləyirəm, zövq alıram, hətta bəzi şeyləri gənclərdən də öyrənirəm. O ki qaldı serialda qızım Dilbərlə Farizin birləşməyinə, düzdür, əvvəllər Farizi daha yaxından tanımayan ata kimi bu münasibətə razı deyildim, amma ailənin içini biləndən sonra yəqin ki, razılaşacağam. Tamaşaçılar da xoşbəxt sonluq gözləyir. İndi özümü nə qədər ciddi, ipə-sapa yatmayan bir adam kimi göstərsəm də, sonradan daha xoş olacaq.

“AKTYORA ƏMƏLDƏ DEYİL, SÖZDƏ DƏYƏR VERİRLƏR”
 
- Həmişə belə bir fikir eşitmişik ki, aktyorluq qazanclı sənət deyil, təbii ki, kütlə deyil, maddiyyat baxımından. Peşəkar aktyorlar tərəfindən birmənalı qarşılanmayan bu deyimə illərin sənətkarının fikrini bilmək istərdik.. 

- Mən bir dəfə efirdə də bu barədə danışmışam, ümumiyyətlə, aktyor sənəti ən müdafiəsiz, heç bir müəlliflik hüququ olmayan sənətdir. Burda məsələyə bir neçə tərəfdən yanaşmaq lazımdır. Hamı elə bilir ki, bir futboldur, bir də aktyorluq, hamı onu yaxşı bilir, göstərilən məhsula sərbəst münasibət bildirə bilir. Amma aktyor da gedib çəkməçiyə desə ki, “Mismarı belə vur, elə et, o da deyəcək ki, get işinlə məşğul ol”. Bizdə qonorar sistemi qurulmayıb. Cavan, gözəl qızlar, yaraşıqlı oğlanlar bu sahəyə az gəlirlər. Səbəb də valideynlərin bunu çörəksiz peşə kimi qəbul etməyidir. Aktyor bilir ki, ailəsini gələcəkdə yaxşı dolandıra bilməyəcək. Təbii ki, dövlətimiz də müəyyən mükafatlar verir, pul qazanmaq üçün seriallara çəkilmək şansı da var. Kaş ki, qonorar sistemi qurula, aktyor öz qazancı ilə dolana bilə, amma teatrdan aldığı qazanc kifayət qədər deyil. Bu məsələnin başqa ağrılı tərəfi də var, aktyorların 99%-i deyinir. Bəzən elələri deyinir ki, 1 ildir gəlib teatra, Firəngiz Mütəllimova kimi sənətkarların uğurlarını qısa bir zamanda qazanmaq istəyir. Çoxu qazanmadığı bir şeyi istəyir, alınmayanda da deyir ki, teatr xarabadır. Amma bu faktdır ki, bizim film və seriallardakı qonorar sistemi qonşu ölkələrlə müqayisədə çox azdır. Mən bir neçə serialda çəkilmişəm. Bir məqamı da deyim, elə bədii film olub ki, onların sənətinə inandığıma görə pulsuz çəkilməyə də razı olmuşam. Təbii ki, yaxşı istedadlı insanın filmində qonorar barədə az düşünmüşəm. Bəzən də olur ki, istedadsız insandan təklif alanda özüm bilə-bilə yüksək qonorar deyirəm. Deyirlər Ramiz müəllim bəs siz pul söhbəti edən deyildiniz axı? Deyirəm ki, bəs nə deyim? Sənət olmayan yerdə pul yüksək deməliyəm ki, imtina edim. Mən bilim də neçə minə biabır oluram (gülür). Aktyor ağrılı sənətdir, mənə çox pis gəlir ki, aktyor filmin direktoru, prodüseri ilə bazarlıq edir, mən bunu bacarmıram. Bəzən də elə qiymət deyirlər ki, düşünürəm ki, mən bunu nə qədər qaldırım ki, ürəyimcə olsun, utanırsan ona qiymət deməyə. Tutaq ki, sən 10 min fikirləşmisənsə, o 1500 deyir. Bəzən kommersiya filminə çəkilirlər, deyirlər ki, dövlət filmi olsaydı, belə deyərdik, dövlət filminə də çəkiləndə əksini düşünürlər. Axırda da aktyorun pulu kəsilir, sanki belə bir qanun var ki, filmin direktoru, rəhbəri çox qazanmalıdır, sanki aktyor lazım deyil. Aktyora əməldə deyil, sözdə dəyər verirlər. Amma mən o ağrıları çəkməmişəm. Rejissorlar var ki, deyirlər ki, mənə bu aktyor lazımdır, tutaq ki, Ramiz Novruz və ya Rasim Balayev. Balayev də deyir ki, mən bu qədər istəyirəm, o məbləği verməmək üçün deyir ki, eybi yox, başqasını çəkərik. Əvəzində filankəsi çəkərik dedinsə, artıq sənət orda öldü, o ciddi iş sayılmaz. Sənə məhz o aktyor lazımdırsa, sən onun işlərinin bitməyini gözləməlisən ki, onu çəkəsən. Bu da qeyri-peşəkarlıqdır. Elə qeyri-peşəkar aktyorlar var ki, özləri pul verib çəkilməyə də razı olur. Bunlardan nümunə götürmək lazım deyil. Mən rahatam, vicdanım rahatdır ki, bu sənətdə pula qaçmamışam.

"EVDƏ AC OTURAN UŞAĞA İZAH EDƏ BİLMƏRSƏN Kİ,  ATAN CİDDİ SƏNƏTLƏ MƏŞĞULDUR"




- Bu sənətdə qiymətinizi almısınız?
 
- Hə, hesab edirəm ki, mən bütün adları vaxtında, hətta gözlənilmədən almışam, bəziləri kimi ardınca illərlə qaçmamışam. Bu da ondan irəli gəlir ki, daxilimə xəyanət etməmişəm. Xoşuma gəlməyən şeyə çəkilməmişəm. Bəzən keçə bilmədiklərin də olur. Mənim də taleyimdə elə anlar olub. Birdən deyiblər ki, nəsə son vaxtlar çox çəkilirsiniz. Demişəm ki, bura nə Rusiya, nə də Hollivud deyil ki, oturub yaxşı ssenari gözləyəsən ki, sənə yazılsın bu. Oturub gözləsən, 10 il gözləyəcəksən. Bir ara belə bir zarafat etmişdim ki, təbii mən də istəyirəm ki, yüksək sənətdə çəkilim, amma evdə ac oturub, yemək gözləyən uşağa izah edə bilmərsən ki, sən gözlə, atan ciddi sənətlə məşğuldur (gülür). Diplomlu aktyor var ki, istedadı yoxdur, diplomsuz aktyor var ki, böyük sənətkar olur. Rövşən İsaxı da o baxımdan bəyənirəm ki, istedadı üzə çıxarır.
 
- Çalışdığınız Akademik Milli Dram teatrının tez-tez rəhbər dəyişikliyinin şahidi oluruq.  Bu aktyorun səhnə fəaliyyətinə təsir göstərmir ki?
 
- Bəli, bir ara dəyişiklik oldu, əvvəllər heç vaxt böyük dəyişikliklər olmamışdı, birdən-birə burda Azərbaycanın bütün aktyorlarını sınamaq istədilər, bütün aktyorlara şans verildi, bütün rejissorlara tamaşa verildi, iş olan yerdə səhv də olur. Bəziləri hətta narazılıq da edirdilər ki, kənardan aktyorlar gəlir. Bu bir az sadəcə uzun çəkdi, 3-4 il.  1 il olsaydı, dözmək olardı. Axırda aktyorlar sual verdilər ki, yaxşı biz bilək də truppamızda kimlər var, kimlərlə işləyəcəyik? Nəhayətsiz davam etdiyinə görə bu məsələ artıq şişdi. Amma bir məsələni də deyim ki, istedadlı aktyora fərq etməz ki, orada oturan direktor kimdir. Əslində, direktorun işi idarə etmək, biletlərin satışı, kostyumların tikilməsini nəzərə almaq və s.dir. Bir sözlə, aktyor öz işini görməlidir. Sadəcə funksiyaların dəyişməsi çaxnaşma yaratdı, direktor sənə öyrətməli deyil ki, sən səhnədə necə oyanayacaqsan. Şəxsən mənim üçün heç bir fərqi yoxdur. Təbii ki, sənətdən başı çıxan adamın olmağı daha yaxşıdır. Bəzən elə olub ki, teatrın qapısını tanımayanlar, Akademik Dram Teatrının mətbəxini bilməyənlər gəlib rəhbər olublar. Bura bir gənc gələndə biz çalışırıq ki, ona qayğı ilə yanaşaq, sonra gedib deməsin ki, haqsızlıq filan. Yaramayan aktyorlar da var. Onlar da gedib danışırlar ki, adamı sıxırlar filan. Vallah, yox. Mən gənc olaraq buraya gəlmişəm, 37 ildir ki, burdayam. İnsanın özündən də çox şey aslıdır. Mən Hamlet Xanizadə, Səməndər Rzayev, Həsən Turabov, Əliabbas Qədirov kimi sənətkarlardan ancaq qayğı, diqqət görmüşəm. Təbii ki, haqsızlıq hər yerdə, hər sahədə, hər kəsə qarşı olur. Məsələn, düşünürəm ki, mən Hamleti hamıdan yaxşı oynaya bilərəm, amma rejissor belə düşünmür. Burda konkret resept yoxdur. Boş-boş danışmaq lazım deyil, başını sal aşağı, işinlə məşğul ol.
 
- Sirr deyilsə, Ramiz Novruzun ən gözəl, ən rahat tərəf müqabili kim olub, kimdir?
 
- Belə özündən razılıq kimi alınmasın,amma mənimlə rejissorların işləməyi də çətindir. Hər rejissor mənimlə işləməyi xoşlamır. Çünki hər şeyin dərinliyinə gedirəm, çox sual verirəm, təklif gətirirəm. Tərəf müqabili barəsində də beləyəm. Çox yaxşı tərəf müqabillərim olub, bu sarıdan hətta həmişə bəxtim də gətirib.  İlk tərəf müqabilim Məlik Dadaşov olub. Daha sonra Akademik Milli Dram Teatrına gəldikdən sonra burda ilk tərəf müqabilim Hökümə Qurbanova, hətta epizodik rol aldığım bədii filmdə tərəf müqabilim Müslüm Maqomayev və Həmidə Ömərova olub. Ondan sonra tərəf müqabillərim "Həzi Aslanov" filmində 85-90% Rusiyanın, SSRİ-nin aktyorları idi. Sevindim ki, onların yanında kölgədə qalmadım. Xanımlardan isə Hökümə Qurbanova, Hicran Mehbalıyeva, Bəsti Cəfərova, Sənubər İsgəndərli, Pərvanə xanım və başqalarını qeyd edə bilərəm. Tərəf müqabili olan aktyorlar bir-birini duymalı, başa düşməlidir.
 
“O SERİALDAN DANIŞANDA DEYİRƏM Kİ, KEÇMİŞİMİ YADA SALMAYIN”



 
- Nurəddin Mehdixanlı ilə nə az nə çox, 40 ilin dostluğu var ortada. Amma bir zamanlar soyuq küləklər əsirdi deyəsən.. Münasibətlər nə yerdədir? Ümumiyyətlə, Ramiz Novruz bir səhvə və ya kiminsə sözünə görə 40 ilin dostluğunu silə bilər?
 
- Yox, bir səhvə və ya kiminsə sözünə görə əlbəttə silə bilmərəm. Üstəlik o mənim 40 il öncəki tələbə yoldaşım ola. Biz onunla da "Xəcalət" tamaşasında bir yerdə oynamışıq, indi də həmçinin. Biz rolumuzu elə ciddi münasibətlə ifa edirik ki, kimsə deyə bilməz ki, bunların arasında soyuqluq yaşanıb. Əslində özümə söz vermişəm ki, bu mövzuda heç kimlə danışmayım,  çünki mənə o münasibətlər artıq maraqlı deyil. Bilmirəm səbəb nə oldu. Amma kiminsə sözünə görə dostumu silmərəm, onun səhv hərəkətini özüm hiss etməliyəm, görməsəm, münasibət bildirmərəm. Yəqin elə şey olub ki... İmam Cəfər Sadiqin gözəl bir sözü var, deyir əgər mömün qardaşın sənə bir pislik edibsə və ya haqqında nə vaxtsa pis bir söz deyibsə, 78 səbəb axtar ki, yəqin ki, bunu etməyə onun haqqı var imiş.. Əgər o səbəblərin içində yenə də o səbəbi tapa bilmədinsə, ürəyində fikirləş ki, yəqin elə bir səbəb var ki, o bunu etdi... Boş ver, getsin. Mən yaxınım bir insana da demişəm ki, mənim ən böyük yaxşı münasibətim o ola bilər ki, o mövzuda heç vaxt danışmayım. Amma bu onun istedadlı, bacarıqlı, ən lazımlı aktyorlardan birini olması faktını azaltmır. Elə aktyorlar teatr üçün az-az yetişirlər.
 
- Lamiyə adı Ramiz Novruz üçün kimi xatırladır?
 
- (gülür) Açığını deyim ki, mən çox az-az müsahibə verirəm. Sizi kinoteatrda görmüşdüm, adınızın Lamiyə olması mənə doğma, yaxın gəldi. O serialdan sonra Lamiyə adına həyatda çox rast gəlirəm, amma mən sizə bir söz deyim. Mənə deyəndə ki, hansı çəkildiyiniz rola peşman olmusunuz? Birinci onu deyirəm.. (gülür) O vaxtlar rəhmətlik Lütfi Məmmədbəyov o filmi çəkirdi. Mənə Kənan rolunu təklif etdi, əsəri oxumuşdum deyə məlumatım var idi, uşaq vaxtından hamımız o əsəri bilirdik, stolüstü kitabımız idi. Mən ona başqa aktyorlar təklif etdim. Deyildi ki, yox, ancaq məni o obraza çəkmək istəyirlər. Amma özüm hiss edirdim ki, bu mənim rolum deyil, orda elə səhnələr var idi ki, mən özümü orda görmürdüm və ona görə də imtina etmək istəyirdim. Rejissor çox dünyagörüşlü idi, insana təsir etməyi bacaran biri idi. Günlərin bir günü evə gəldim gördüm ki, mənə bir kağız yazılıb asılıb: "Ramiz, xahiş edirəm imtina etmə, ola bilər ki, bu mənim axırıncı serialımdır, mənə bir şey olar, sonra peşman olarsan", ondan sonra qorxdum, razılaşdım. İndi də hesab edirəm ki, mən o seriala çəkilməli deyildim, mənim rolum deyildi. Amma baxıldı, sevildi. Lamiyə adı da mənə oradan doğma oldu. Bu gözəl tərəf müqabilim Vəfa Zeynalovanın debüti idi. O serialdan kimsə danışanda deyirəm ki, mənim keçmişimi yadıma salmayın (gülür).
 
- Bu sənətin ağır yüklü olduğunu bilirik. Desələr ki, Ramiz Novruz bu yolda heç bir çətinliklə üzləşməyib, bu, yalan olar. Buna baxmayaraq qızınız Şəfəq xanım da ölkənin tanınmış vizajistlərindədir. Oğlunuz Cavidan Novruz isə müğənni və aktyor. Bir sözlə, övladlarınız da incəsənət sahəsindədir. Maraqlıdır, onların bu sahəyə meyli sizdən yaranıb, onlara sədd çəkmisiniz heç?
 
- Yox, olmayıb. Mənim əqidəm də belədir. Uşaqlarıma da demişəm, sevdiyiniz və bacardığınız işlə məşğul olun. Sevib bacarmamaq və ya bacarıb etməmək də bir başqa cür günahdır. Cavidan elə uşaqlıqdan aktyorluğa meylli idi, Şəfəq də uşaqlıqdan gəlinciklərlə oynayırdı, baxmayaraq ki, ingilis dilini də bilirdi, marağını hiss etdim. Nə iş görürsən gör, kamil gör, onda hörmətli olacaqsan.   
                    
 “QIZIMIN QAZANCINI DA MƏNİM ADIMA YAZIRLAR”



 
- Şəfəqdən danışmışkən, bilirik ki, Şəfəq ölkənin tanınmış vizajistlərindəndir. Siz isə aktyor. Elə bir məqam olub ki, qızınızın bir saatlıq qazancı sizin bir günlük qazancınızdan daha çox olub və bu sizi təəssüfləndirib?
 
- Bəzən olub ki, qızımın 1-2 saatlıq qazancı mənim 1 aylıq qazancımdan da çox olub (gülür). Həmişə deyirəm ki, uşaqlar peşə öyrənməlidirlər. Belə bir rəvayət var. Deyir bir padşah elçi gəlir, deyir ki, oğluma almaq istəyirəm, ona deyirlər ki, sənin oğlunun sənəti yoxdur. Deyir nə sənət? Padşahın oğludu da. Ona cavab verirlər ki, sabah müharibə oldu, səni taxtdan saldılar, onda oğlun mənim qızımı nə ilə dolandıracaq? Şəfəq də əziyyət çəkir, onun da işi əziyyətli işdir. Onun bir cəhəti xoşuma gəlir ki, daim axtarışdadır, yerində dayanmır, işinə yaradıcı yanaşır. O qədər də təəssüflənmirəm ona görə də, əksinə sevinirəm ki, qızlarımızın peşəsi olsun. O zaman qızlarımız qürurlu olurlar, cəmiyyətdə üzüaçıq hər kəsə öz sözlərini deyə bilirlər. Hərdən eşidirəm, deyirlər ki, hə, filan maşındasınız. Yəni bəzən qızımın qazancını da mənim adıma yazırlar, mənim öz qazancım olur, bu belə deyil. Onun qazancına göz dikmirəm. Mən onunla ancaq fəxr edə bilərəm. Mənim teatrda da maaşım kifayət qədərdir, Prezident mükafatları alıram, 4 il Dövlət televiziyasında aparıcı da olmuşam, seriallara da çəkilirəm, şikayətlənmirəm.
 
- Artist ailəsində doğulan mütləqdirmi ki, aktyor olsun. İstər genetik baxımdan, istərsə də bir ənənə olaraq?
 
-Yox, təbii ki, yox. Çox az aktyorların övladları var ki, aktyor olurlar. 5-6 nəfər elə aktor saymaq olar. Səməndər Rzayevin oğludur, mənim oğlum Cavidandır. Bu da ondan irəli gəlir ki, adətən aktyorlar o əziyyətli işi görəndə övladlarını həkim, hüquqşünas, bir sözlə, fərqli sahəyə istiqamətləndiriblər. Çalışırlar ki, yaxşı dolanmaq üçün daha gəlirli bir işə daxil olsunlar. Mən o barədə çox az fikirləşmişəm. Mənə şəxsən onun içinin təmiz, saf qalması, insan kimi, vətəndaş kimi sınmaması lazımdır. Nəyi bacarırsansa, onunla məşğul ol, o zaman güclü olacaqsan.
 
“ONUN "SEVİRƏM, ANA" DEMƏSİ MƏNİ AĞLATMIŞDI”



 
- Dram teatrının aktyorunu nə ağlada bilər?
 
- Hər şey. Ümumiyyətlə, aktyorlar çox kövrəkdirlər, həssasdırlar. Məsələn, sizə bir detal deyim. "Vicdan Haqqı" serialındakı gənc, istedadlı aktrisa Ülviyyə Xəlilbəylinin bir epizodu var. Anası ilə, xalası üstünə düşmüşdülər ki, "Nişanlından əl çək". Sonra qız birdən-birə ağlayaraq "Sevirəm, ana" deməsi məni ağlatdı, tüklərim biz-biz oldu həmin an. Yalandan durdum mətbəxə keçdim və "bravo" deyib əl çaldım ki, çox gözəl ifa etdi rolunu. Biz ona görə kövrəyik ki, bizdə hisslər üzdədir, o qədər hisslərimiz üzərində işləmişik ki, çox asanlıqla da kövrələ bilərik.
 
- Hazırkı kinomuzda nə çatmır? Bir çox dahi sənətkarlarımızın yoxluğu, yoxsa daha çox kommersiyaya, sponsorlu aktyorlara üstünlük verilməsi?
 
- Mən açığını deyim ki, kino lentinə çəkilməyənləri bədii film saymıram. Çatmayan bilirsiniz nədir? Dahi aktyorlar da var, böyük aktyorlar da. Rasim Balayevi "Nəsimi"yə kimi kim tanıyırdı ki? Yəni ki, düzgün istifadə edə bilsən, düzgün çəkə bilsən, aktyor özü dahi olacaq. Aktyorluq elə bir sahədir ki, ən yüksək zirvədə də olanda deyirlər ki, bundan da yüksəkləri var. Deyəcəklər ki, görəsən hansısa aktyor bu rolu bundan yaxşı oynaya biləcəkmi? O mənada deyirəm. Bizdə ən böyük problem məktəb çatışmazlılığıdır. Kimə gəldi film verməzlər. Elə ekran əsərlərinə baxıram ki, aydın görünür ki, bu adam yola verir. Mənə maraqlıdır ki, bu adam film rəhbərini necə inandıra bilib ki, o kino çəkə bilir? Mən onların bu inandırmaq bacarığına heyrətlənirəm. Amma gedib mən desəm ki, kino çəkim, deyəcəklər ki, get aktyorluğunla məşğul ol. Çəkdikləri də göz qarşısında, amma onlara olan etimadlar, sərmayələr də var, artır da. Əvvəllər rejissor olmaq istəyən oxuyurdu. İndi "Nəsimi", "Axırıncı aşırım", "Yeddi oğul istərəm", kimi kinoları çəkəcək rejissorlarımız çox azdır. Peşəkarlıq yoxdur və o insanlarda aşırı dərəcədə cəsarət var. İndiyə kimi baxdığım kinolarda mənim meyarlarıma cavab verən kino görməmişəm, söhbət yenilərdən gedir. Bu da bir dövrdür. Bu bilirsiniz nəyə bənzəyir?! Bir vaxtlar 50 nəfər "Leyli Məcnun" yazmışdı, hətta bir rəssam da. İndi həmin proses gedir. Təbii ki, onlar ələnib, sıradan çıxıb, Üzeyir bəyin "Leyli-Məcnun"u qalıb. İndi çəkilən filmlərdən birini aparaq görək buna rus da, ingilis də gülürmü? Deməli, bu sadəcə yerli bazarlara hazırlanıb. Onlar "Mən kino çəkmişəm" deməsin. Kino böyük bir elmdir. Amma yenə də deyirəm, istedadlı cavanlarımız, rejissorlarımız da var.
 
- Niyə biz incəsənət sahəsində daha çox qadınları qınayırıq. Etiraf edək ki, kişilər də işlərinə, məşqlərinə, bir sözlə, sənətinə görə evə gec gəlir, səhnədə xanım tərəf müqabili olur, amma xanımı ona mütləq güzəştə getməlidir.. Bu meyarlardan hələ də çıxa bilməmişik.. Səbəb?
 
- Bəli, haqlısınız. Əslində, bu peşə ilə məşğul olan qadınlar kişilərdən 5 qat böyük qəhrəmanlardır. Hərdən mənə sual verirlər ki, bu necə olur ki, aktrisaların əri olmur, amma uşağı var? Deyirəm ki, bizim cəmiyyətdə müğənniyə, aktrisaya tez damğa vurulur. Amma nəzərə alsaq ki, bu qadın sənətindən dolayı ailə qura bilmədi, o da övlad istəyir. Burda pis nə var ki? Bu peşəyə ömrünü həsr edən aktrisalar böyük qəhrəmandırlar. Deyərdim ki, onlar elə sənədlərini İncəsənət Universitetinə verəndən qurban olurlar. Onların əksəriyyəti həyatlarını, xoşbəxtliklərini qurban verən insanlardır. Amma tanıdığım aktrisalar var ki, xarakter, dostluq, həyata baxış meyarından çox kişilərdən kişi adamdırlar. Əslində, ailələri onlara dəstək olmalıdırlar ki, güclü olsunlar.
 
“52-53 YAŞIMA KİMİ EVİM OLMAYIB”



 
- Bəlkə elə sizə "85" manat uğur gətirdi?
 
- (gülür) Yəqin, hə. Bəzən deyirik o film alınmadı, çünki o adamlar çətinlik görməyiblər, kövrəlməyiblər, acımayıblar, həyatdakı hissləri çox az bilirlər. Mən yeniyetməlikdən aktyora lazım olanları öyrənməyə başlamışdım. Cənub zonasındadam və o ərazidən "Xalq artisti" adını alan ilk insanam. Elə bir hal olmuşdu. Atam 85 manatı verdi və dedi ki, al, oxutmuşam? Get gir də instituta, adam ol. Təbii ki, elə o çətinliklərdir insanı formalaşdıran. Baxın elə yaşadığımız çətin məqamlar yada düşəndə kövrəlir insan. Ev problemi yaşadığım anlar da olub. Ailədə 3 uşaq idik, orda yaşayırdıq. Hayqırıb ağlamaq istəyirdim ki, axı mən "Həzi Aslanov"u oynamışam, mən niyə küçələrdə qalmalıyam? Mənim ev problemim 52 ya da 53 yaşımda həll olundu, Ulu Öndərin dəstəyi ilə.
 
- 40 və ya daha çox illərin səhnə fədaisinin həyatındakı ən böyük böyük fədakarlığını bilmək istərdik..
 
- Mən hər cür çətinliyə dözmüşəm, indi bəzən gənclər, ailələr ev üstündə ayrılırlar, bu mənə çatmır. Əgər ailəsənsə, dözəcəksən. Mənim xanımım da dözüb, əslində ailəmi qoruyub saxlayan xanımım olub. Uşaqların qayğısı ilə məşğul olub. Təbii ki, elə çətinlikləri insan gördükcə bağlanır, bu aktyor üçün 5 qat artıq yaxşıdır. Bir əhvalat danışım. Deməli, bizim hörmətli bir ziyalımız sənət adamlarının maaşından söhbət düşəndə demişdi ki, elə sənət adamları bir az ac olsa yaxşıdır, tox olsa, yarada bilməz. Mən də hirslənib ironiya ilə ona dedim ki, ay filankəs müəllim, bunu nə gözəl demisiniz? Mən də deyirəm Ancelina Coli, Bred Bit niyə oynaya bilmirlər? Yəqin ki, onların pulu çoxdur ona görə. Bu çox ucuz bir deyim idi. Bəlkə mən sabah "Milyoner" rolunu oynadım, ac adam necə milyoneri oynaya bilər? Təəssüf edirəm ki, aktyorluğu çox cəsarətlə təhqir edə bilirlər... Ziyalımız "aktyor yoxdur" deyir. Deyir "aktyor yoxdur deyə mən pyes yazmıram", sən pyesini yaz, aktyor onu oynayacaq da. Hərdən düşünürəm ki, 19-cü əsrin sonlarından ancaq geyimimiz dəyişib. Əgər ziyalı da belə deyirsə, demək ki geyimimiz dəyişib, təfəkkürümüz qalıb. Teatr həmişə var, düzgün istiqamət vermək lazımdır. Dahi sənətkarların vəfatından sonra deyirlər ki, onları kimsə əvəz edə bilməz, amma yeniləri doğulur. Vallah, indiki komediya ustalarımız, aktyorlarımızın layihələri çox realdır. Baxıram da, reallıq görürəm də. Adlar çəkmirəm ki, kimlərisə unuda bilərəm...
 
- Ramiz bəy, kimdir müqəssir? Yaşadıqlarımızın, çətinliklərimizin? Özümüzmü, yoxsa kənar təsirlərmi? Bəlkə adam olub, insan ola bilmirik?
 
- Təbii ki, insanın özündən asılıdır. Bəzən kim necədirsə, o qədər rastlaşır. Mənim müəllimim Adil İsgəndərov hər kəsə baxdı və xarakterləri, harda işləyəcəklərini dedi. O, mənə demişdi ki, sən Dram Teatrında işləyəcəksən. Yeganə bir şey var, sən adam olsan, aktyor olacaqsan, adam olsan, böyük aktyor olacaqsan. Yəni, o insanlıqla sənətkarlığı bir vəhdətdə görürdü. Bəzən bu sənətdə də olur. Adam olub insan ola bilmirik. Bu sənətdə bir rol oynayan kimi başı gicəllənən aktyorlara daha çox aiddir. Bir uğur qazanıb düşünürlər ki, vəssalam, məndən yoxdur. O insan aktyor olur ki, hələ Universitetə sənəd verməyə gələndə "İlahi, mən də filan aktyor kimi olacağam" deyir və sona kimi içindəki o saflığı, körpəni ölməyə qoymur. Sənət adamı daxilindəki o uşaqlığı 60 yaşa kimi saxlayırsa, onda o böyük aktyor ola bilir.    
                   
 “İLLƏR SAÇLARIMI AĞARDIB”



 
- İllər Ramiz Novruzdan nələri alıb?
 
- Mən hesab etmirəm ki, məndən nələrisə alıb, bu sənətə gəldiyimə görə çox şadam. İllər mənə çox dəyərli insanlar bəxş edib. Böyük siyasi xadimlər, müəllimlər, övladlarım, qayğı-diqqət görmüşəm. İllər sadəcə saçlarımı ağardıb. Aktyor səhnədə sakitliyi görürsə, zal üzərində hakimiyyətini hiss edirsə, o çox xoşbəxt olur.
 
- Düzdür ki, aktyor səhnəyə çıxanda zaldakı bir tamaşaçını özünə hədəf seçib, ancaq ona baxır? Bəlkə kimsə elə bilə-bilə sizi izləyir kənardan?
 
- Orada gözəgörünməyən 4-cü divar var. O olmamalıdır, sən ümumiyyətlə zalı görməməlisən, zalın sənə aidiyyatı yoxdur. Mən həmişə tamaşa oynayanda zalda xüsusi iki yer ayırıram. Beynimdə tuturam ki, orda mərhum Mehdi Məmmədov, Tofiq Kazımov və yaxud müəllimim Adil İsgəndərov oturub. O zaman mən rolu onların bəyənəcəyi səviyyəyə qaldırmalıyam. Özümdə belə bir nəzarət yaradıram.
 
-  Ata olmaq asandır, yoxsa xalqın sevimli sənətkarı?
 
- Hər ikisi çətindir. Övladının məhəbbətini qazana bilən, xalqının da məhəbbətini qazana bilir. Ata olaraq çox sevilə də bilərsən, amma aktyor olaraq bir o qədər də yox. Sevginin hər cürəsi gözəldir. Mənə elə gəlir ki, valideyn olmaq daha çətindir. Çünki səni sevən tamaşaçı sənin başqa keyfiyyətlərini bilmir, onlar üçün sirr qalırsan, onlar ancaq səni ekranda, səhnədə görüb sevirlər. Övladın isə sənin çatışmayan cəhətlərini görə bilər, yaxşı cəhətlərini qiymətləndirə bilər. Mənim üçün əsl xoşbəxtlik odur ki, elə yaşayım-yaradım ki, mən dünyamı dəyişəndən sonra övladım kiməsə alnıaçıq şəkildə yaxınlaşıb deyə bilsin ki, mən filankəsin oğluyam. Harda olursan ol, çalış ki, kiminsə qarşısında utanacaq bir iş görmə.



 
- Belə bir müsahibəni oxumuşduq, daha doğrusu, efirdən izləmişdik. Həyat yoldaşınız Xoşavaz xanım müsahibə vermişdi ki, bir şəklə görə mübahisə yaranmışdı aranızda, ona əl qaldırmışdınız.. Bu qısqanclıq idi, ya necə?
 
- Bu, qısqanclıqdan daha çox onun faktı qiymətləndirməməsi idi. Mən də cavan idim. Deyək ki, bu, bir cavanlıq səhvi idi. Etiraf edim ki, mən onun üstünə çox getmişdim. Gedib vitrinə baxdım ki, orda 100-lərlə şəkil var, heç baxan da yoxdur. Açığı deyim ki, qorxmuşdum ki niyə onun şəkli orda olmalı idi. Yəqin ki, qısqanclıq olub, hə. Tərif olmasın, amma gözəl idi...
 
- Son olaraq, Xalq Artistimiz Ramiz Novruzun ən böyük və dillərdən düşməyəcək etirafını bilmək istərdik...
 
- Etiraf etmək? Çox məsuliyyətli sual verdiniz.. Bu suala cavab vermək mənə çox çətindir.. Çox istərdim ki, övladlarımız məzhəbini danmasın. Mənə çox ağır gəlir ölkəmizin bir gəncinin hansısa bir ölkənin şübhəli ordusunda adı çıxır. İstərdim gənclərimiz belə şeylərdə ayıq olsunlar, ölkənin adına ləkə gətirəcək bir şey etməsinlər. Nə olur-olsun, ehtiyat vətən olmur, nə edirsinizsə, bu vətən üçün edin. Bu bayrağa, bu himnə, bu ölkəyə sadiq olsunlar. Mənim ən böyük arzum, istəyim budur.
 
Lamiyə BALACAYEVA
Fotolar: Emin MƏMMƏDOV
Video: Elfaq LƏLƏYEV
Montaj: Elkin ƏSGƏROV


 



















723 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Oktyabr






































16 Oktyabr