Müğənni-rəqqasə qalmaqalı səngimir 
Röya Ayxanın yeni fotosessiyası
Anar Məmmədxanov məzarında anıldı - foto
Əməkdar Artist Alanyada fotossessiya etdirdi 

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Günay İbrahimli: “O qədər ağladım ki,  anam gördü ki, yastığım bütün su içindədir” - fotolar

06-05-2017


Muztv kanalı və muztv.az saytında yayımlanan “SorğuMUZ” layihəsinin budəfəki qonağı ifaları və özünəməxsus tərzi ilə sevilən müğənni Günay İbrahimlidir.
 
- Düşünürəm ki, Günay İbrahimlinin təqdimata ehtiyacı yoxdur. Amma biz illər öncəki sadə Günayı Günay İbrahimli edən zamana qısaca nəzər salmaq istərdik. 

- Məncə, təqdimata hər zaman ehtiyac var. Təqdimat olunanda da həmişə demişəm və istəyim bu olub ki, adımı və soyadımı çəksinlər. Uzun-uzun lazım deyil. Sadəcə Günay İbrahimli. Doğrudan da mən getdiyim tədbirlərdə aparıcılara elə dedikcə görürəm ki adımı soyadım ilə birgə deyirlər. Bu da mənə xoşdur. İllərdən bəri belə olub. 10 ildir ki, fəaliyyətdəyəm, 2007-ci ildən bu sahədəyəm. Vaxt, zaman necə də uçur...  (gülür) 

- Biz sizi ilk dəfə “Yeni ulduz” yarışmasından tanımışıq, mən özüm də müsabiqəni izləyirdim. Desəm ki, Günayı daha yaxından tanıdıq, yalan olar. Buna həftələr yetmədi. Günay göz yaşı ilə müsabiqəni tərk etdi, amma sonradan Günay iti addımlarla irəlilədi. Bu barədə danışaq. 

- Mən müsabiqəyə 2007-ci ildə qatıldım. Anidən oldu, heç hazırlaşmamışdım, canlı efir, canlı yayım, 9 milyon insan izləyir, heç vaxt mikrafon tutmayan adam əlində mikrafon, canlı ifalar, geyim, makiyaj. Onda mənim 17 yaşım var idi. Sms yarışması idi, tərk etdim. Düzdür, məndə də mənfi cəhətlər var idi ki, münsiflərin məsləhətlərinə tam qulaq asmırdım, yarışmada 6-7 həftə qaldım. Bir onu bilirəm ki, mənə çox pis təsir etmişdi. Evdə o qədər ağlamışdım ki, səhər anam durdu gördü ki, bütün yastığım su içindədir. Uşaq idim, tam dərk etmirdim, həvəsli idim, ancaq yarışı fikirləşirdim. 



- Bu sizdə prinsip yaratdı? 

- Yox, prinsip yox idi, hətta mən bir müddət ifa etmədim, bu sənətin çətinliyini gördüm, maddiyyat lazım idi. Allah mənə o şansı verdi, qarşıma yaxşı mahnılar çıxdı və o mahnılarım dinləyicilərim tərəfindən sevildi deyə mənim üçün iri addımlar başladı və ardı davam edir. Bir mahnım var ki kimsə onu eşitməyib. Yağdırar yağışım, buludlar sənsiz” -belə bir mahnı idi. O mahnını pul verib almışdım, onda məni heç kim tanımırdı. Sonradan ilk mahnım Elşad Xose ilə “Yadına sal” adlı duet, ardınca “Səndən öncə, səndən sonra”, “İzlər”, “Mən də sənə inanırdım”, “Söz olar”, “De, onun adı nədir?”, “Özüm də sənsən”, “Sənə bağlanıram”, “Dəlisiyəm gecənin” və beləcə, hitlər başladı. 

- Qətiyyətlisiniz? 

- Hə, qətiyyətliyəm, xarakterli insanam. Düzdür, çox sadəlövhəm, hər insanla ünsiyyətə girirəm, mehribanlığım var, amma hansısa xoşagəlməz bir şey gördümsə birbaşa onun üzünə deməliyəm ki, məndən uzaq dur, bir sözlə, açıqsözlüyəm. Əslində əvvəllər məndə bu xarakter yox idi, son iki ildə belə olmuşam. Qalan 8 ildə mən belə olmamışam. (gülür) 

- Şou-biznesdəki insanlardan, xüsusən də xanımlardan çox az insan var ki, biz onları daim ailəsinin ətrafında görürük. Onlardan bir də Günay İbrahimlidir. Sizi bu sənətdə həvəsləndirən ailənin, yoxsa özəl bir şəxsin dəstəyidir?    

- Əlbəttə ki, valideynlərim, ailəm mənə çox dəstək olub, həddindən artıq. Onlar 16-17 yaşında mənə o icazəni verməsəydilər, belə olmazdı. Onların fikri də, qadağaları da çox vacibdir. Biz onlara əməl etməliyik, deyirlərsə bu olmaz, deməli, belə məsləhətdir. Elə görmüşük, elə tərbiyə almışıq. İcazə verdilər, çünki mənim atam da, anam da musiqiçidir, mən musiqiçi ailəsində dünyaya göz açdığıma görə onlar məni daha yaxşı başa düşürlər. Atam qarmon ifaçısı olub, 30 il musiqi ilə məşğul oldu, sonra sahəsini dəyişdi. Anam musiqi müəlliməsidir.



- Günay nə dərəcədə səhnə fədaisi ola bilər? 

- Məncə, aşırı dərəcədə yox, sərhədi var. 

“ÖZ ABRIMA GÖRƏ CAVAB VERMƏMİŞƏM”
 
- Günay nə edə bilər ki, gündəmdən düşməsin, yerini saxlasın? 

- Məncə, şou-biznesdə gündəmdən vacib şeylər var. Yəni, gündəm fikirləşməməlisən, gündəm özü gəlib səni axtarmalı, tapmalıdır. Gündəm üçün hansısa bir hərəkəti etməli deyilsən. Düşünürəm ki, mən elə başımı aşağı salım, işimlə məşğul olum, onsuz da gündəmə maraqlıyamsa, o özü gəlib məni tapacaq. Belə daha yaxşıdır. Həm də uzunömürlü və yaddaqalan olur. Düzdür, istəmədən qalmaqallara düşmüşəm, təəssüf edirəm. Öz ailə tərbiyəmə, abrıma görə mən onlara cavab da verməmişəm, demişəm ki, qoy söz-söhbətlər bitsin. Hətta jurnalistlərdən biri illər öncə mənə təklif edib ki, gəl filankəslə sənin qalmaqalını yaradaq, yaxşı bir nəticə olacaq, qəti sürətdə “yox” demişəm. 



- Qalmaqal demişkən, özünüz də vurğuladınız ki, istəmədən adınız qalmaqallarda çəkilib. Nədir buna səbəb? Kimlərsə Günayı şikar etmək istəyir, ya Günay özü onlar üçün tir olur? 

- Mən düşünürəm ki, yaxşı dost, sənə hörmət edən biri sənə pis bir şeyi məsləhət etməz. Öz mənfəətini düşünən insan bilir ki, buradan çıxarı var, qazancı olacaq, işinin reytinqi üçün bunu özü də qəsdlə yaradır. Tamaşaşılar isə hər şeyi əla görür. 

- Bir neçə müsahibədə oxumuşduq ki, “Eurovison-2011” qalibimiz Eldar Qasımovla, Sevda Yahyayeva, Sevil-Sevinc bacıları ilə qalmaqallarınız olub. Hətta onlar sizə “özünə quru-quru ulduz demə” demişdilər. Nədir buna səbəb? 

- Müsahibələri oxumuşdum, cavab verməmişdim, çünki önəmli bir şey deyildi. Onlarla böyük bir qalmaqalım olmayıb. Doğrudan da bu şou-biznesdən mənim dalaşdığım, həyatımdan sildiyim insanlar olub, onları qətiyyətlə silmişəm. Kim gəlir gəlsin, onlarla məni kimsə barışdıra bilməz. Qalan söz atmalar filan var ki, onlara önəm vermədim, mənə elə şeylər maraqlı deyil. 
 
“SEÇİM QARŞISINDA QALSAM, AİLƏMİ SEÇƏRƏM”
 
- Bir qədər şəxsi həyatdan danışaq. Bilirəm ki, məşhurların danışmaqdan çəkindiyi bir sahədir. Günayın şəxsi həyatı danışanda onun gözlərini parladacaq qədər özəldir? 

- Bəli. 

- O kimdir ki? Günay onun üçün nəyi fəda edər? 

(Gülür) - Mən onun üçün hər şeyi fəda edərəm. 



- Məsələn? Günayın sənətini ailəyə dəyişəcək nə baş verə bilər ki? 

- Düşünürəm ki, ailə də, sənət də olmalıdır. Yəni o demək deyil ki, mən ailəmi sənətimə fəda etməliyəm, xeyr. Mən ailəmi sənətimə fəda etmərəm. Mənim üçün ailə daha önəmlidir. Düzdür, bu sahədə yaxşı şeylər də görmüşəm, demək olmaz ki, şou-biznes çirkabdır. Yaxşı insanlar da var. Sadəcə insan öz ətrafını düzgün seçməlidir. Seçim qarşısında qalsam, ailəmi seçərəm. Üstəlik, o insanın sevgisinə tamamilə güvənirəm. 

- Günaya görə səhnəmizin ən zövqlü və ən zövqsüz məşhuru kimdir? 

- İndi deyəcəm, saytlar böyüdəcək. Amma zövqsüzlər var, biz onları dəyişə bilmərik axı. Mən o zövqsüzlərin üzlərinə də demişəm ki, filan şeyi geyinmə, filan saçı etmə, amma o yenə də öz bildiyini edir. Çünki onun qanında var. Bir insan ki, evdən çıxanda geyimləri uyğunlaşdırıb geyinə bilmirsə, demək ki, o zövqsüzdür. Söhbət brenddən getmir. 10 manatlıq da geyinə bilərsən, 100 manatlıq da. Zövq uyğunlaşdırıb geyinmək deməkdir. Brend geyinmək asan məsələdir. Zövq insanın daxilindən gəlməlidir. Bu  onun hərəkətindən, danışıq qabiliyyətindən də bilinməlidir. Zövqlülərdən Röya, Tünzalə Ağayeva, Zamiq, Zülfiyyə Xanbabayeva, Mir Yusifin adını çəkə bilərəm, indi ağlıma bunlar gəldi. 

- Bir qədər sənətdən danışaq. Yeni mahnılar, kliplər, nə gözləyir bizi? 

- Yeni mahnım, yeni klip gəlir, mahnını da hələ heç kim bilmir, tamaşaçıları bir az intizarda saxlamaq istəyirəm. Mənə öncədən danışmaq düşmür, amma həqiqətən də bu işə bütün canımı qoymuşam, inanıram ki, gözəl bir iş ərsəyə gələcək. Hətta klipdə xüsusi bir məqam olacaq ki, onu heç kəs bilmir. O məqam mənim üçün yaddaqalan, xoş oldu. 

“SƏNƏT ADAMLARINDAN KİMSƏ ZƏNG ETMƏDİ”
 
- Günay İbrahimlinin bu sənətdə rəqibi varmı, sirr deyilsə, kimi özünə rəqib bilir. Rəqabət olmasa, sənət də gündəmdən düşər... 


- Əlbəttə ki, rəqabət olmalıdır, deyim ki, rəqibim yoxdur filan...Sadəcə olaraq mən o prinsiplə baxmıram. Məncə, bütün ifaçılar rəqibdir, mən bütün ifaçıları rəqib görə bilərəm. Çünki sabah elə bir iş təqdim edə bilərlər ki, məni təəccübləndirərlər. O artıq rəqib sayılır. Bəyəndiyim səslər çoxdur. Onlardan Alim Qasımov, Brilliant Dadaşova, Natavan Həbibi, Röya, Tünzalə Ağayevanın adlarını çəkə bilərəm. Doğrudan da mən onlara rəqib gözü ilə baxmıram. Onları avtomobilimdə də dinləyirəm, zövq alıram. Bəlkə də bu mənim təmiz rəqabətimdir. 



- Bildiyimiz qədərilə incəsənət sahəsi həssas bir sahədir. Elə bir məqam olubmu ki, Günay yorulub, bezib və həmin məqamda kimsə ona dəstək olub. Ailəsi, bu sahədə kifayət qədər sözünü demiş sənətçi və ya sənətkar? 

- Sözünü demiş sənətçi və ya sənətkar kimsə mənə kömək olmayıb. Amma mənəvi olaraq yorulduğum məqamlar olub. Söz-söhbətlərdən bezmişəm, istəmişəm ki, bir kənara çəkilim. Amma depressiyaya düşən insan deyiləm. Çətin günlərimdə həmişə ailəm, bir də ki, şou-biznesdən kənar çevrəm yanımda olub. Sənət adamlarından kimsə zəng edib dəstək olmayıb. 

- Günay inanclara necə, inanır? 

- İnanıram. Nəyə inanıram? Göz-nəzərə, nəfsə çox inanıram. Sınamışam da. Fala inanmıram. Düzdür, fala hamımız baxdırmışıq, amma maraq üçün. Amma inanc olaraq heç kimə məsləhət görmürəm. 

“AİLƏ QURMAQ ÜÇÜN TƏK SEVGİ KİFAYƏT ETMİR”
 
- Günay üçün evlilik hansı plandadır? Necə düşünürsünüz, iki şəxs bir-birini sevirsə, bu ailə qurmaq üçün kifayətdirmi? 

- Ailə həyatı qurmaq üçün tək sevgi kifayət etmir. Sevgidən də önəmli şeylər var. Oğlanın mütləq işi, evi olmalıdır. Demirəm ki, villası olsun, ən son model maşını olsun, yox! Ailə həyatı qurmazdan əvvəl bu planları həyata keçirməlidir ki, sonradan ailədə problemlər yaranmasın. Hər şey düşünülmüş şəkildə olmalıdır, getdim qol çəkdim, ondan vacib şeylər var. Balaca da olsa bir evin olmalıdır, maşın vacib deyil, işin olmalıdır, bilməlisən ki, gəlirin var. Çox vaxt problem maddiyatdan yaranır və təbii ki, ailəni də qoruyub saxlayan uşaqdır. 

- Günay tez bir zamanda evlilik barədə düşünürmü? 

- Bilmirəm, qismət, hələ ki, o barədə bir fikrim yoxdur. 

- Biz Günayı 10 ildir ki, tanıyırıq və hər dəfə də fərqli, maraqlı, özünüzəməxsus imicdə görürük. Stilinizi tez-tez dəyişirsiniz. Eynilik Günayı bezdirir, ya necə? 

- Eynilikdən sıxılıram, özüm sıxıldığıma görə düşünürəm ki, tamaşaçılar da sıxılır, onlar ifa ilə yanaşı maraqlı görüntü görmək istəyirlər, görüntüyə də ifamız qədər önəm verməliyik, bu çox vacibdir. Tez-tez deyəndə ki, 2-3 aydan bir dəyişirəm. Sənətçilər var ki, 25-30 ildir ki, eyni imicdədirlər. Yəqin ki, bu da onların bir özəlliyidir. 

“ƏVVƏLKİ GÜNAY QALMAYIB”


 
- Stildən danışmışkən, biz Günayın Elnur Həsənovla, Anar Ağakişiyevlə işbirliyini görmüşük, amma sonradan soyuq münasibət yarandı.  İndi yeni bir stilistlə çalışır? 

- O barədə danışmaq istəmirəm...Demək olar ki, Azərbaycanda bütün stilistlər modelyer, dizaynerlərlə işləmişəm. Artıq bilirəm ki, kim nəyə qadirdir, kim nəyi bacarır, kimin tərzi nədir. Məsələn, bu klipimdə hansı tərz lazımdırsa, bilirəm ki, kimə müraciət etməliyəm. Əlbəttə ki, stilistlərlə daim işləyirəm, dostluq münasibətlərim var, öz fikirlərim də olur, çünki zövqümə də inanıram, amma təbii ki məsləhətləşirəm. 

- Günay sənətə daha çoşqulu gəldi. Düzdür, daha çox klip çəkdirən, mahnı yazdıranlardan biri də yenə də Günaydır. Bunu inkar etmək olmaz, amma sanki əvvəlki çılğınlığı görmürük, bunu izləyicilər də deyir... 

- Əvvəlki coşqu yoxdur. Artıq o şıltaq Günay yoxdur. Şıltaqlığı bir kənara qoymuşam, başqa Günay olmuşam, bundan sonra məni belə görəcəksiniz. Buna özüm qərar vermişəm. Zamanla bu nəticəyə gəlmişəm, çünki naz və ya şıltaqlıqla tanınmaq daha asandır və mən onu özüm qəsdlə də etməmişəm, içimdən gəlib. 

“MƏNƏ PİSLİK EDƏNLƏRİ ALLAHA TAPŞIRIRAM”
 
- Günay özünü şanslı hesab edir? 

- Mən özümü çox şanslı hesab edirəm. Məndə şans var, bəli. Elə olub ki, çox çətin, pis bir hadisəyə düşmüşəm, kim görsə, deyərdi ki, bu düzələ bilməz. Amma Allahım həmin anda mənə kömək olub. Mən AllahA çox inanıram. Qətiyyən pislik etməyi bacarmıram, mənə pisliklər olub, qarşılığında demişəm ki, Allah bilər, özü bilər. 

- Bağışlayansız? 

- Bağışlayıram, amma baxır harda, kimi, necə? İnciklik elə bir şeydir ki, olub keçir, xətrə dəymə olanda istər mən, istərsə də qarşı tərəfdən barışıq olub. Zərbə gördüyüm insanları isə birdəfəlik silirəm. 



- Şansı olsaydı, Günay kimdən nəyi oğurlayardı? Ümumiyyətlə kimsə Günaydan nəyisə oğurlayıb? 

- Məndən çox oğurluq ediblər. Buna fikir verməsəm də, dostlarım görüb deyiblər. Hətta olub ki, mahnı ifa etmişəm, gedib məhz həmin bəstəkara deyiblər ki, bu mahnının eynisini yaz. Elə şeylər çox olub. Mənə xoşdur, deməli, məni özlərinə nümunə kimi götürürlər, təkarlayırlar. Buna pis də baxmıram, ironiya ilə də gülmürəm. Deməli, yaxşı işlər görürəm ki, diqqət çəkir. 

- Günayın ən zəif, ən həssas xarakteri hansıdır? 

-  Çox kövrəyəm, tez xətrimə dəymək olur. Amma birbaşa həmin adama deyirəm ki, sən bu sözü deməli deyildin, içimdə pis oluram, mənə təsir edir. Həmin sözdən keçə bilmərəm, həmin saflıq hələ də məndədir. 

“PULUM DA OĞURLANMIR, EVİMDƏN ƏŞYA DA İTMİR”
 
- Bəlkə də bu sual barədə danışmaq istəməyəcəksiniz... Karyeranıza prodüser Təranə Səmədova ilə başladınız, daha sonra Toma Hüseynəliyeva, Zamiq İbrahimovla birgə çalışdınız. Bu prodüserlərdən hər biri ilə ayrılanda bu xəbər media gündəmini zəbt etdi. Niyə Günay bu qədər çox prodüser dəyişir?
 

- Mənim hamısı ilə münasibətim var, salam-sağolum var. Sadəcə yaxşı müdir olmamışam ki, qarşılığında da yaxşı işlər görməmişəm. Yəni müdir-işçi münasibəti elədir ki, gərək müdir öz sözünü ortalığa qoysun ki, üstündən zaman keçəndən sonra onun altını çəkməsin. Ona görə mən o səhvləri özümdə görürəm ki, sadəyəm və bundan da hər zaman istifadə ediblər. Çox yerlərdə eşitmişəm ki, deyiblər ki, Günay heç kimi bəyənmədi, işləyib ayrılır. Həyatda onsuz da heç nə əbədi deyil. Başlayan bir şeyin də sonluğu olur. Bu haqda da belə çox danışmamışam. Tanıdığım yaxın insanlar olub ki, mənim arxamca danışıblar ki, yəqin problem Günayda olub. Bəlkə də haqlıdırlar. Bəlkə də səhv mənim sadəliyimdə, məsuliyyətimdədir. 

- Yeni prodüseriniz varmı? 

- Prodüserim yoxdur. Köməkçilərim var, artıq prodüserlə çalışmaq istəmirəm. İşin sxemini özüm də bilirəm. Hərədən bir az bir az oğurlamışam, öyrənmişəm. İşin incəliklərini bilirəm. Belə problemsizəm, köməkçilərim də yetişib prodüser olacaqlar. Ümumiyyətlə, prodüser sözünü silək. Mənim tapşırdığım bütün işlərimi görürlər. Ən əsası, pulum da oğurlanmır, əşyam da itmir, telefonlarıma vaxtında cavab verilir, məsuliyyət var və heç bir problemim yoxdur. 

- Günay İbrahimli necə düşünür? Bu sahədə sponsor dəstəyi olmadan yüksək bir pilləyə qalxmaq olarmı? Nəzərə alsaq ki, dünən heç kimin tanımadığı bir ad, bir sima bu gün ulduz olur... 

- Maddiyyat mütləq lazımdır. Durduğu yerdə heç kəs heç kəsə salam da vermir. Pulun varsa, salam verirlər. Salam da pulladır. Düzdür, təmənnasız dostlarımız var, məhz pulla ölçülməyən dostluqlar var. Özüm çox əziyyətlər çəkmişəm. Bundan əlavə ətrafımda düzgün yönləndirmə də olub. Məndə də o olub ki, mən bu yerlərə gəlib çatmışam. Bir şeyi də deyim ki, öncə insanın fakturası olmalıdır. Fakturası olan insana maddiyyat yatırılmalıdır. Amma pul boş bir insana yatırılırsa, dəyməyəcək. Mənim fakturam var. Səhnədə tanınan insanlar var ki, onlara çox pullar qoyulub amma baxırsan ki, faktura yoxdur. Faktura və sənət bir-birini tamamlamalıdır. Tanıdığım simalar var ki, baxıb deyirəm ki, ay Allah bu qədər pullar bunların nəyinə tökülür axı?! (gülür) Səs yox, davranış yox, tanınır, amma sevilmir. Populyar olmaq asandır, amma baxır necə. 

- Bu pillədədirsə, Günayın əziyyətini danmaq olmaz. Qorxmursunuz ki, əziyyətlə, pillə-pillə qalxdığınız zirvədən üzüaşağı enərsiniz? 

- Ya mən lap pik nöqtədə olanda bu sahədən çıxıb gedəcəyəm, ya da ki bu pillədə davam edəcəyəm. Düşməkdən qorxmuram. Niyə? Nədən qorxa bilərəm? Gizli nəyimsə olsa, mənfi hərəkətim olsa, qorxaram. Tanınmaq asandır, amma tanınandan sonra onu qoruyub saxlamaq lazımdır. Hər yerdə hərəkətə fikir vermək lazmdır, adi telefonla danışığında belə diqqətli olmalısan. Mən hər yerdə çay içmirəm, günlük proqramıma fikir versəniz, heç bir problemim yoxdur. Mehribanam, ətrafımda düşmənlik etdiyim insan yoxdur, problemli insan deyiləm. 

- Səhnəmizdə bir çox məşhurlar var ki, onlar özlərinə ləqəb və ya təxəllüs götürüblər. Bu sahədə kifayət qədər Günay İbrahimli adı olsa da o bunu etmir. Niyə? 

- Mən xoşlamıram. İnşallah ki, nə vaxtsa əməkdar artist olaram. Belə Feya, Meya, Zaya kimi təxəllüslər, adlar mənə çatmır. Mən etməyəcəm. 

“XATIRLAYANDA UTANDIĞIM HADİSƏ OLUB, AMMA ONU BÖLÜŞƏ BİLMƏRƏM”
 
- Bəzi həmkarlarınız  “Günayın qatarı getdi” demişdilər. Təbii ki, İbrahimlinin də buna sakit reaksiyasını gözləmək olmaz. Günaya görə bəs onun qatarının səyahət dayanacağı hara qədərdir? 

- O qatarı qalan kimdir elə? (gülür)  Desinlər də... Mən bilmirəm, gələn il nə baş verə bilər, ilbəil hər şey dəyişilir, yeni insanlar, ətraf tanıyırıq. Həyatımızı planlasaq da, istər-istəməz dəyişikliklər də olur. Mən söz verə bilmərəm ki, ömrümün axırına kimi oxuyacağam. Amma planlarım var, işləyirəm. 



- Elə bir hadisə olubmu ki, Günay onu düşünəndə, xatırlayanda utanır? 

- Olub, amma onu bölüşə bilmərəm.... Deyim ki, olmayıb, bu, yalan olar. 

- Günay bu pilləyə gəlməyində, qalmağında, addım-addım irəliləməyində kimə və nəyə borcludur? 

- İlk öncə Allahıma, ikinci növbədə də valideynlərimə borcluyam. Onların xeyri-duası olmasaydı, bu yerə gəlib çatmazdım. Mən nə zaman çətinliyə düşmüşəm, həmişə qoynunda ağladığım, qucaqladığım, pis, ya yaxşı günümdə yanımda olan valideynlərim olub. 

- Son olaraq Günayın hazırkı pilləsi onun tam özüdür, yoxsa hələ sənətinin yarısının yarısı, ya da çox cüzi miqdarı? 

- Günay İbrahimli adı var, ad təsdiqlənib. Bu axarla da gedir, amma içimdə olan arzularım var ki, Allah qismət etsin onları gerçəkləşdirmək istəyirəm. Hazırkı durum məni çox qane edir, bəli. Çox məmnunam, söz-söhbətdən uzaq, pulumu da qazanıram, dostlarım da ətrafımda, kütləm var, sevənlərim var, onlara da təşəkkür edirəm. 

Lamiyə BALACAYEVA
Fotolar: Emin Məmmədov
Video:  Elfaq LƏLƏYEV
Montaj: Elkin ASKEROV


 

























1270 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 İyul














20 İyul