Cütlük yenə ayrıldı
Model toyunu təxirə saldı
Azad Şabanovun evi vaxtilə yanıb
Polina Qaqarina boşanır

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Polad Bülbüloğlunun mahnıları yaşayır və sevilir - foto

05-02-2020


Onun bəstələdiyi və ifa etdiyi mahnıların təkcə adını çəkmək kifayət edər ki, söhbətin kimdən getdiyi aydın olsun: “Gəl, ey səhər”, “Doğma diyar”, “Durnalar”, “Bayatılar”, “Bakı”, “Məni gözlə”, “Bənövşələr”... Bənzərsiz ifası ilə estrada sənətimizi zənginləşdirən görkəmli bəstəkar və müğənni, Xalq artisti, professor Polad Bülbüloğlunun mahnıları hər zaman sevilə-sevilə dinlənilir və qəlbləri riqqətə gətirir.

Mtv.az AZƏRTAC-a istinadla bu gün 75 yaşı tamam olan Polad Bülbüloğlunun həyat yoluna və yaradıcılığına qısaca nəzər salır.

Dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, professor Bülbülün ailəsində dünyaya göz açan Polad 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini (Qara Qarayevin sinfini) bitirib. Azərbaycan estrada ifaçılığı sənətini xarici ölkələrdə yüksək səviyyədə təmsil edən müğənni beynəlxalq festivallarda diplom və mükafatlara layiq görülüb. 1975-ci ildə təşkil etdiyi Azərbaycan estrada ansamblı, “Aşıqlar” vokal-instrumental ansamblı ilə birgə müxtəlif ölkələrin səhnələrində uğurla çıxış edib.

Geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayaraq balet, müzikl, instrumental, vokal, simfonik, kamera əsərləri, mahnı və romanslar yaradıb, kinofilmlərə, dram tamaşalarına musiqi bəstələyib.

Onun “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında yaratdığı “Eşq və Ölüm” baleti ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Elə həmin il Akademik Opera və Balet Teatrının balet truppası bu tamaşanı Sankt-Peterburqda Mariinsk Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirib.

Polad Bülbüloğlu bir müddət Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1988-ci ildən 2006-cı ilədək Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifələrində çalışıb. 2006-cı ildən ölkəmizin Rusiya Federasiyasında səfiridir.

Sənətkarın Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına layiq görülüb, “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilib. Prezident İlham Əliyevin 2020-ci il 3 fevral tarixli Sərəncamı ilə Polad Bülbüloğlu mədəniyyətimizin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycanın ən ali mükafatına – “Heydər Əliyev” ordeninə layiq görülüb. Dövlətimizin başçısı bu ordeni Polad Bülbüloğluya təqdim edərkən onu böyük sənətkar və bəstəkar, böyük ifaçı adlandırıb. “Deyə bilərəm ki, Azərbaycan musiqi mədəniyyətində özünəməxsus və təkrarolunmaz iz buraxmısınız. Nəinki Azərbaycan miqyasında, hesab edirəm ki, dünya miqyasında siz ən görkəmli bəstəkarlardan birisiniz. Bunun əyani sübutu odur ki, sizin mahnılarınız yaşayır. Baxmayaraq ki, mahnıların bəziləri 40 il, 50 il bundan əvvəl yazılıb, amma bu mahnılar bu gün də sevilir. Yəni, onlar ölməz mahnılardır, Azərbaycan musiqi fondunun dəyərli nümunələridir. Bildiyiniz kimi, mən də həmişə sizin istedadınızın pərəstişkarı olmuşam və bu gün də böyük məmnuniyyətlə sizin ifanızda o ölməz mahnıları dinləyirəm. Siz nadir musiqiçilərdənsiniz ki, ancaq özünüz bəstələdiyiniz mahnıları ifa edirsiniz. Bu mahnıları heç kim sizin kimi belə ürəklə, məharətlə ifa edə bilməz”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Polad Bülbüloğlu həm də tanınmış ictimai xadim və diplomatdır. O, 14 ildir ki, Azərbaycanın Rusiyadakı səfiri olaraq iki ölkə arasında əlaqələrin inkişafına dəyərli töhfələr verir.

Yubileyi ərəfəsində Moskvada təqdim etdiyi möhtəşəm konsert proqramında Rusiyanın siyasi və mədəni elitasının görkəmli nümayəndələrinin iştirakı ona bəslənilən hörmət və sevginin daha bir parlaq ifadəsi olaraq diqqət çəkir.

Novator sənətkar kimi adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək.

Ad gününü Beyləqanda cəbhə bölgəsində qeyd edən Polad Bülbüloğlu keçirdiyi hissləri jurnalistlərlə bölüşərək deyib: “Çox duyğuluyam. Bu gün ötən 75 ildə ən gözəl ad günümü keçirirəm. Əsgərlərlə birgə, Qarabağa yaxın bir yerdə. Buradan Qarabağ dağları görünür. Əsgərlərlə bir yerdə yemək yedik, çay içdik, tort kəsdik, rəqs etdik. Bundan xoşbəxt gün tapmaq çətindir. Şah əsərim Qarabağ haqqında yazacağım Qələbə marşı olacaq. Bu marşı özüm ifa edəcəyəm”.

Biz də böyük sənətkarı əlamətdar yubileyi münasibətilə təbrik edir, həyatının bu xoş gününün sevincinə şərik çıxır, ona tükənməz yaradıcılıq şövqü və gələcək fəaliyyətində uğurlar arzulayırıq.









109 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29 May




















28 May