Duet ortaqları evləndilər
Hazal Kaya hamilə olduğunu etiraf etdi
Fatimə sosial şəbəkədə yazdı 
Model pəncərə qarşısında çılpaq şəkil çəkdirdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Qara Qarayevin anım günü qeyd olundu - foto

13-05-2019


Mayın 13-ü dünya şöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin anım günüdür.

Mtv.az xəbər verir ki, bu münasibətlə Qara Qarayevin ev-muzeyində görkəmli bəstəkarın xatirəsi anılıb.

Muzeydə bəstəkarın şəxsi əşyalarından fotoobyektlər, ailəyə məxsus olan məktublar, fotolar, parker qələmləri nümayiş olunub.

Tədbirdə çıxış edən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbir iştirakçılarına görkəmli bəstəkar, pedaqoq və ictimai xadim Qara Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verib. Vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir.

Bəstəkarın qızı Züleyxa Qarayeva tədbir iştirakçılarını salamlayaraq Qara Qarayevi yada salıb gədiklərinə görə hamıya minnətdarlığını bildirib. O, muzeyin eksponatları haqda məlumat verib. Qeyd edib ki, dövlətin göstərdiyi qayğı nəticəsində onun yaradıcılığı unudulmur.

Tədbirdə musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə deyib ki, Qara Qarayev Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna rol oynamış bir sənətkardır: “Əlbəttə Qara Qarayevin bir sıra nailiyyətləri var ki, onlar bizim üçün bir sərvətdir. Onun yaratdığı məktəb indi də öz bəhrəsini verir”.

Bildirilib ki, Qara Qarayevin sənəti çox rəngarəngdir və onun əsərlərini hər dəfə dinlədikcə yeni cəhətlər kəşf edilir.

Sonra bəstəkarın “Çılğın Qaskoniyalı” müziklindən fraqmentlər səsləndirilib.

xxx

Həmin gün mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək Qara Qarayevin xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Qeyd edilib ki, görkəmli bəstəkar Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda dünyaya gəlib. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. Onun hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, sənət bayramına çevrilib. Dahi sənətkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.

Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunub. Bəstəkarın “Birinci simfoniya”sı Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” (N.Gəncəvinin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərinə, bir sıra teatr tamaşalarına musiqi yazıb.

Bəstəkar “Vətən” operasının (Cövdət Hacıyevlə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Bəstəkarın A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, eləcə də “Könül mahnısı”, “Səadət mahnısı” kantataları musiqi sənətinin gözəl nümunələridir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan, yeni bəstəkarlar nəslinin yetişməsinə mühüm töhfələr verən Qara Qarayev 1982-ci il mayın 13-də vəfat edib.











9 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May


24 May