Aktrisanın şəklini 100 min insan bəyəndi
Bülent Ersoy konsert verdi
“Sərrast atıcı 2”nin treyleri təqdim olundu
İrem Derici izləyicilərini tənqid etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Arif Mirzəyevin 75 yaşı tamam olur

10-04-2019


Bəstəkar və pianoçu, Azərbaycanın Əməkdar artisti, Azərbaycan və Rusiyanın Bəstəkarlar ittifaqlarının, həmçinin Leypsiqdəki İ.S.Bax adına Beynəlxalq Musiqi Cəmiyyətinin və Alman-Azərbaycan Forumunun üzvü Arif Mirzəyevin 75 yaşı tamam olur.

Mtv.az xəbər verir ki, müasir Azərbaycan dini-memorial orqan və polifoniya musiqisinin banisi olan bəstəkar ölkəmizdə müasir musiqinin polistilistikası üzrə yeganə ustaddır. İ.S.Baxın musiqisi sahəsində ixtisaslaşmış A.Mirzəyev onun yaradıcılığının təbliğatçısı kimi həm də Robin Lenqli adına Orqan kitabxanasının donatorlarından biridir.

Bakıda dünyaya gələn bəstəkar sonralar uzun müddət Moskvada yaşayıb, orqan musiqisinə, daha dəqiq desək, Bax musiqisinə olan sevgisi isə onun Almaniyaya köçməsinə səbəb olub.

AZƏRTAC bəstəkarla söhbəti oxucuların diqqətinə təqdim edir.

Maestro deyib: “Bir vaxtlar özümə söz vermişdim ki, mütləq Baxın məzarını ziyarət edəcəyəm. Elə bu səbəbdən Almaniyaya yollandım, sonra isə orada həmişəlik qaldım. Amma doğma Bakıya da tez-tez gəlirəm. Yubileyimi də vətənimdə qeyd etməyi qərara aldım”.

A.Mirzəyev bəstəkarlıq sənətinə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli bəstəkar Qara Qarayevin sinfində yiyələnib. P.İ.Çaykovski adına Moskva Konservatoriyasında N.Malinanın rəhbərliyi altında orqan sənətinin nəzəriyyəsi və tarixinə dair, habelə bu alətin ifası üzrə S.Dijurun yanında iki dəfə staj keçib. O, yaradıcılığını pedaqoji fəaliyyətlə birləşdirib.

Polifoniya kimi ciddi musiqi texnologiyası ilə məşğul olmağa necə qərar verdiyi barədə sualı cavablandıran bəstəkar deyib: “Mənim atam Lənkəranlı idi. O, XX əsrin əvvəlində Bakıya köçüb və öz vətəninə qayıdan almandan mənzil alıb. Mənzilin keçmiş sahibləri bizə təkcə antikvar mebeli yox, həm də musiqi alətlərini – “Bexteyn” royalı, “Linke-Berlin” pianosu, fleyta, arfa, klavesin və fisqarmoniyanı qoyub gediblər. Sonuncu mənim üçün əsas musiqi aləti oldu. Valideynləri ilə birlikdə yeddi uşaqdan ibarət olan bu ailə əsl ailə orkestri yaratmışdı. Həmin vaxt bir neçə musiqi alətinə malik olmaq çox nadir hadisə idi. Bizim ailədə də uşaqlar onlarla maraqlanmağa başladılar. Ailəmizdə iki bəstəkar – mən və qardaşım Musa yetişib”.

Altı yaşında Bakı Konservatoriyasının nəzdində istedadlı uşaqlar üçün məktəbin şagirdi olan A.Mirzəyev, yeddinci sinifdən sonra bir çox görkəmli bəstəkarların, o cümlədən Qara Qarayevin təhsil aldığı Asəf Zeynalı adına Musiqi Məktəbində daxil olub.

“Konservatoriyada Qara Qarayevin sinfində oxumuşam. İlk iki ildə altı prelüdiya, fortepiano üçün “A lya Motsart” sonatası və kamera orkestri üçün üç pyes bəstələmişəm”, -deyə bəstəkar sözlərinə davam edib.

Həyatının 25 illik Moskva dövründən bəhs edən maestro qeyd edib ki, hələ konservatoriyada oxuduğu illərdə “Sovetski kompozitor” və Muzıka” mərkəzi nəşrləri ilə əməkdaşlıq edib, bir çox əsərlərini dərc etdirib. Onun sözlərinə görə, dəqiq klassik musiqi, yeni üsullar, Qərb polifoniyası və parlaq Azərbaycan musiqisi Moskvanın bəstəkar-professorlarından ibarət olan komissiyanı heyrətləndirib. Bəstəkar əlavə edib ki, həyatının ən qiymətli səhifələrindən olan Moskva illərində ən böyük əsərlərini – “İ.S.Baxın xatirəsinə orqan simfoniyasını, “Yanvar mərsiyələri”, “Xocalı uşaqlarına layla”, orqan üçün “Şahzadə Dianaya sarabanda”, ABŞ-dakı 11 sentyabr faciəsinə həsr edilmiş kamera orkestri və iki solist üçün “Nyu-York mərsiyələri–2001” və s. ərsəyə gətirib.

Bəstəkara şöhrət gətirən daha bir əsəri 1984-cü ildə yaratdığı məşhur “İ.S.Baxın xatirəsinə orqan simfoniyası” olub. Dahi alman bəstəkarının 300 illiyinə “ornamental-muğam, xoral və polifonik variasiyalar” formasında bəstələnmiş bu simfoniya son 20 il ərzində dünyanın müxtəlif ölkələrində rekord sayda səsləndirilib.

A.Mirzəyevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Dahi Prezidentin ruhuna kədərli dua” əsəri on il əvvəl D.Şostakoviç adına Sankt-Peterburq Filarmoniyasında bəstəkarın 65 illiyinə həsr edilmiş orqan musiqisi axşamında ifa olunub.

2015-ci ildə Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışında simfonik orkestr bəstəkarın Azərbaycan Prezidenti İlham Əliyevin 50 illiyinə həsr etdiyi “İlhamnamə-50” himnini ifa edib.

Bəstəkar, həmçinin çoxlu sayda kamera-instrumental vokal və caz musiqisini müəllifidir.

Almaniyada “Şərqin Sebastyan Baxı” adlandırılan maestro 1994-cü ildə “Bax-hauz” medalı ilə təltif edilib.

A.Mirzəyev payızda Azərbaycanda öz əsərlərini təqdim edəcəyi simfonik və orqan musiqisi konsertləri verməyə hazırlaşır. O, özünün 4 hissəli “İntibah-simfoniya” adlı son əsərini, habelə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr olunmuş “Adajio-875” adlı orqan üçün pyesini Bakıda ifa edəcək.

Yubiley günündə bəstəkara cansağlığı və uzun ömür, yeni yaradıcılıq uğurları diləyirik. 

209 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 İyul


22 İyul