Gülşən 110 konsert verəcək 
Oksana 25 kiloqram arıqladı
Nazilə Səfərli burnunu "kəsdirdi"
Məşhur dizayner Karl Laqerfd vəfat etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Tofiq Tağızadənin xatirəsi anıldı - foto

08-02-2019


Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi tamam olur.

Mtv.az xəbər verir ki, bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri fevralın 7-də ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət edib, önünə əklil və tər çiçəklər düzüblər.

Anım mərasimində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova qeyd edib ki, Prezident İlham Əliyevin bu il imzaladığı müvafiq Sərəncama əsasən, mərhum sənətkarın 100 illiyi münasibətilə respublikanın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək, aktyorun yaradıcılıq yoluna bir daha nəzər salınacaq.

Şəfiqə Məmmədova bildirib ki, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə milli kino tariximizin tarixində yeni səhifələr yazıb. Ömrünün 40 ilə yaxın dövrünü kinoda keçirən sənətkar çəkdiyi filmlərdə özünü professional rejissor kimi təsdiq etməyi bacarıb.

Ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Tofiq Tağızadənin mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salan Xalq artisti Eldar Quliyev kino sahəsində ilk addımlarının bu böyük sənətkarın adı ilə bağlı olduğunu qeyd edib: “İlk dəfə Tofiq Tağızadənin çəkdiyi filmdə rejissor köməkçisi kimi yer almışam. Tofiq Tağızadənin ötən əsrin 50-ci illərində çəkdiyi “Uzaq sahillərdə” filmi ona böyük şöhrət gətirmişdi. Filmlə bağlı dünyanın müxtəlif yerlərindən məktublar gəlirdi. Bu məktubları mən də oxuyurdum və böyük fəxr hissi keçirirdim. Çünki bu filmlə bizim qəhrəmanımız Mehdi Hüseynzadəni dünya tanıdı. Bildilər ki, Azərbaycan torpağının belə bir qəhrəman oğulu var. Ekran əsəri ilə Azərbaycan kinosu, aktyorları da dünyada tanındı. Ondan sonra bir çox filmlər çəkdi. Bu filmlərin ekranlara çıxmasından yarım əsrdən çox vaxt keçsə də, indi də çox maraqla baxılır. Tofiq Tağızadə həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaq. Çünki onun yaradıcılığı bənzərsiz, çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin məhsuludur”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, tanınmış kino xadimi Oqtay Mirqasımov sənətkarın ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb. Bildirib ki, çoxsaylı ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünya görüşlü obrazları kino tariximizdə silinməz iz qoyub.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov Tofiq Tağızadənin dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus üslubu ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirdiyini deyib. Bu filmlərin hər birinin öz maraqlı süjeti var. Rejissorun mövzulara özünəməxsus yanaşma tərzi isə milli kinomuza yeni nəfəs gətirib. Həmçinin bildirib ki, kinostudiyada kino sahəsində çalışmış bütün görkəmli sənətkarların yaradıcılıq otaqlarının açılması istiqamətində iş aparılır: “Vaxtı ilə çalışdığı otaqlar da onların adına veriləcək. Orada onlara məxsus əşyalar qoyulacaq. Ötən il Xalq artisti Rasim Ocaqov haqqında belə bir otaq yaradılmışdı. Yaxın vaxtlarda Tofiq Tağızadənin də belə bir yaradıcılıq otağı açılacaq”.

Tədbirdə Xalq artisti Əbdül Mahmudov və başqaları çıxış edərək görkəmli rejissorla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərinin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri vardır.

Sonda çıxış edən rejissorun qızı İranə Tağızadə atasının xatirəsinə göstərilən yüksək ehtirama görə təşəkkürünü bildirib.(Azərtac)













845 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Fevral










20 Fevral